backend

ADP İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB

ADP İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB


ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.


Tolantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk öncə ABŞ Konqresində Azərbaycana dair keçirilən dinləmələrə münasibət bildirib və bu dinləmələrdə gündəmə gətirilən məsələlərin əsasən Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini diqqətə çatdırıb. Partiya rəsmiləri bu dinləmələrdən əndişə duyan hakimiyyət rəsmilərinin anoloji olaraq Azərbaycan parlamentində ABŞ barədə dinləmələr keçirilməsi barədə isterik bəyanatlarının yersiz olduğunu bildirib və hakimiyyəti dünyanın super dövləti olan, ölkəmizlə strateji əməkdaşlıq sferasına daxil olan ABŞ-la münasibətlərdə həssas davranış nümayiş etdirməyə və dinləmələrdə insan haqları, demokratiya, siyasi məhbus, sərbəst ifadə azadlığı, siyasi plüralizm kimi problemlərin mövcudluğunu aradan qaldırmağa, beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
İdarə Heyəti fevralın 12-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iştirakçı dövlətlərin və bir sıra beynəlxalq qrumların iştirakı ilə Bakıda keçirilən görüşün nəticələrinə münasibət bildirib və bu görüşün istər Azərbaycanın qaz ehtiyatlarının Avropaya çatdırılması baxımından, istərsə də enerji təhlükəsizliyinin qorunması baxımından ölkəmiz və digər layihə iştirakçıları olan dövlətlər üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və hakimiyyəti bu beynəlxalq əhəmiyyətli layihənin gerçəkləşməsində, Azərbaycanın iqtisadi-siyasi maraqlarının daha effektli təmin edilməsində səylərini gücləndirməyə, neft kontraktlarında buraxılan qüsurları aradan qaldırmağa çağırıb.
İdarə Heyəti Rusiya Dövlət Dumasının üzvü, Rusiya Kommunist Partiyasının sədri G.Züqanovun Bakı səfəri, onun ölkə prezidenti tərəfindən yüksək səviyyədə qəbul edilməsi məsələsinə münasibət bildirib və bu görüşün nəticələrinin xalqdan gizlin tutulması, qeyri-şəffaflıq şəraitində keçirilməsi faktını yolverilməz hesab edib. Eyni zamanda partiya yetkililəri Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı şəkildə qorunub saxlanmasının vacibliyi ilə yanaşı başqa adla rus imperalizminin yenidən bərpa olunması yolunda ciddi çabalar göstərən, diktaturası bəşəriyyət əleyhinə yönəlmiş Kommunist Partiyasının müasir lideri rolunda çıxış edən bir şəxsin bu cür təntənəli şəkildə qəbul edilməsini milli maraqlarımız baxımından məqbul hesab etməyib.
İdarə Heyəti ABŞ hökumətinin Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir göndərməsini müsbət dəyərləndirib və bununla bağlı səfirə təbrik məktubu ünvanlayıb. Təbrikdə bu təyinatın iki ölkə arasında dostluq və əməkdaşlığın, qarşılıqlı iqtisadi-siyasi əlaqələrin güclənməsinə, səfirin Birləşmiş Ştatların dünyaya bəyan etdiyi enerji, təhlükəsizlik məsələləri ilə yanaşı demokratiya və insan haqlarının qorunmasına sədaqət nümayiş etdirməsinə, Qarabağ probleminin həllində Azərbaycana qarşı tətbiq edilən ikili standartların aradan qaldırılmasında ciddi səylər göstərməsinə xalqımızın ümidvar olduğu diqqətə çatdırılıb.
İdarə Heyəti son vaxtlar Dövlət Əmlak Komitəsi tərəfindən aparılan bir sıra özəlləşdirmələr zamanı (səkkizinci kilometrdə yerləşən bazarın real qiymətdən aşağı dəyərlənməsi nümunəsində) öbyektlərin, ticarət yerlərinin özəlləşdirilməsində dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasının vacibliyini unudularaq, arxasında oliqarxların durduğu bu obyektlərin real qiymətlərdən aşağı dəyərlədirilməsi faktlarını qətiyyətlə pisləyib və bu faktları proteksionizm və monopoliyanın ortaya qoyduğu neqativ hal kimi qiymətləndirib.
İdarə Heyəti keçən həftə iqtidala müxalifət arasında növbəti dialoqun baş tutmasını yüksək qiymətləndirib, bu görüşün Azərbaycanda siyasi plüralizmin inkişafına, demokratik dəyərlərin, mili həmrəyliyin qorunmasına ciddi töhvə verə biləcəyini qeyd edib. Həmçinin partya rəsmiləri dialoqun formatının effektli fəaliyyətə uyğun müəyən edilməsini, dialoqun predmetinin Azərbaycanın siyasi reallıqlarına uyğun prioritetlər üzərində qurulmasını vacib hesab etmiş və dialoqun əleyhinə olan çıxışların milli maraqlarla uzlaşmadığını diqqətə çatdırıb.