backend

İcra başçısının müavininin «təbii fəlakət» biznesi

İcra başçısının müavininin «təbii fəlakət» biznesi

Tovuzda Mahir Həsənov sel fəlakətindən zərər çəkmiş vətəndaşların adını siyahıya almaq üçün «qiymət» müəyyənləşdirib

Adı Tovuzun Qovlar qəsəbəsində əsas yollardan birini bağlamaqda hallanan icra başçısının birinci müavini Mahir Həsənovun, bu dəfə başqa bir biznesə baş vurduğuna dair məlumatlar yayılıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda rayonda yağan güclü leysan yağışlardan dolayı Bayramlı, Böyük Şamlıq, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar və digər ümumilikdə 61 kəndə sel suları zərər vurub. Bununla bağlı hökumətə müraciət edilib və zərərin aradan qaldılması üçün maliyyə vəsaitinin ayrılması xahiş olunub.

İlk baxışdan belə bir addım Tovuz İcra Hakimiyyətinin nəcib hərəkəti kimi başa düşülür. Amma işin içində olanlara dair məlumatlarda isə vəziyyətin tamam başqa olduğu deyilir. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, hökumət dəymiş zərərin ödənilməsi üçün müəyyən məbləğdə maliyyə vəsaiti ayırıb. Amma icra başçısı Tofiq Zeynalov, qudası olan birinci müavini Mahir Həsənovla əlbir olaraq bundan özlərinə «biznes» düzəldiblər.

Məlumatlarda qeyd edilir ki, Tovuzun kəndlərində güclü sel və daşqınların aradan qaldırılması üçün yaradılmış fövqəladə hallar komissiyasının sədri, icra başçısının birinci müavini Mahir Həsənov zərər çəkmiş vətəndaşların siyahısını tərtib etdirərək, onlara təkliflərini göndərib. Belə ki, o, evi və təsərrüfatı zərər görmüş vətəndaşlara müəyyən məbləğ müqabilində dövlət yardımı verə biləcəyini çatdırıb. Məsələn, bəzi kəndlərdə bu rəqəm 300 manat, bəzilərində isə 500 manat həddindədir. Əkin sahələri və ya məhsula dəymiş zərər üçün nəzərdə tutulan məbləğ isə həmin torpağın miqyasına görə dəyişir.

Məlumatda deyilir ki, Tovuzun icra başçısı Tofiq Zeynalovla quda olan Mahir Həsənovun ən birinci işi elə rayonun birinci şəxsinin qohumlarının xidmətində durmasıdır. JAM.AZ-a verilən məlumata görə, hökumətin ayırdığı maliyyə vəsaitinin bir qismi qohumlara dəymiş zərərin ödənilməsinə yönəldilib. Hətta iş o həddə çatıb ki, sel olmayan Qovlar qəsəbəsinin bəzi sakinləri də bu yardımdan yararlanacaqlar. Onların guya, əkin sahələrinə ciddi zərər dəydiyinə dair akt tərtib olunub və pul ayrılan kimi, ödəniş ediləcəyi deyilir.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

qaynarxett.az