backend

Şok: Türkiyə Ermənistanla sərhədi açır

Şok: Türkiyə Ermənistanla sərhədi açır


Türkiyə Ermənistanla sərhədi açır. Anspress-in məlumatına görə, bu iddia ilə Türkiyənin "Taraf" qəzeti çıxış edib. Qəzetdə yer alan məlumatda bildirilir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan sentyabrda sərhəd qapısının açılması ilə bağlı hətta təlimat da verib. Qeyd edilir ki, prezidentliyə namizədliyini açıqlayandan sonra Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün ikinci addım atmağa qərar verib. Məlumata görə, Alican sərhəd qapısının açılması həm də ABŞ-Ermənistan münasibətlərinin normallaşacağına hesablanıb.


Qəzetin yazdığına görə, ermənilər qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı bir sıra tədbirlər hazırlayırlar. AKP hökuməti isə bu kampaniyanın təsirini azaltmaq üçün işlərə başlayıb. İlk addım olaraq baş nazir bu ilin aprel ayında qondarma soyqırımın ildönümü ərəfəsində 1915-ci ildə baş verən hadisələr zamanı ölən ermənilərin nəvələrinə başsağlığı verib. Bundan əlavə, sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Artıq buraxılış məntəqəsində gömrük cihazları, X Rayler sisteminin qurulması da tamamlanır. Rəsmi açılış tarixi hələ dəqiqiləşdirilməyib.

"Alican sərhəd qapısı Dağlıq Qarabağ münaqişəsi başlayandan, Azərbaycan torpaqları işğal ediləndən sonra bağlanılıb. Türkiyənin rəsmi şəxsləri dəfələrlə sərhəd qapısının Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənə kimi açılmayacağı barədə bəyanatlar səsləndiriblər", - deyə nəşr vurğulayıb.

Yazının dərcindən az sonra Türkiyə XİN-i məlumatı təkzib edib.