backend

TƏCİLİ!!! İcra başçıları haqda 15 dekabr ARAYIŞI: KİMLƏR GEDƏCƏK? - Özəl siyahı...

TƏCİLİ!!! İcra başçıları haqda 15 dekabr ARAYIŞI: KİMLƏR GEDƏCƏK? - Özəl siyahı...

Dekabrın 15-də prezidentə təqdim olunacaq arayışlar əsasında icra başçılarının fəaliyyətinə qiymət veriləcək

Palitika.Az-a daxil olan xəbərə görə, 3 ay zaman kəsiyində icra hakimləri özlərini yaxşı tərəfdən göstərməlidirlər.

Ölkə başçısı müşavirədə qeyd etdiyi kimi, arayışlara uyğun olaraq nəticələr çıxarılacaq. Bu da yeni ildə bir neçə rayona yeni icra başçısı təyin olunacağı ehtimalını gücləndirir.

Onların kimliyini təyin və müəyyən etmək çətin olsa da, medianın gündəmində tez-tez olan icra hakimlərini təsbit etmək mümkündür.

Prezidentin Lənkərana son səfəri zamanı icra başçısı Taleh Qaraşovun yalanlarının üzə çıxması onu siyahıda birinci yerə çıxarıb.

Mətbuatın gündəliyinə nəzər salanda Neftçala icra başçısı İsmayıl Vəliyev, Şamaxı icra hakimi Asif Ağayev, Göyçayın rəhbəri Mehdi Səlimzadə, Mingəçevir icra başçısı Niyazi Bayramovdan şikayətlərə çox rast gəlinir.

Əslində, 26 sentyabr referendumu ərəfəsində də PA rəsmiləri icra başçıları ilə bağlı açıqlamalar verirdilər, mərhələli şəkildə dəyişikliklər olunacağı deyilirdi, habelə əhalini qıcıqlandıran, "qırmızı xətti” keçən məmurların bağışlanmayacağına eyhamlar vurulurdu.

Son olaraq, özbaşına Hacı Cavad məscidini sökməyə qalxmış, inanclı təbəqə ilə hökumət arasında süni gərginliyə səbəb olmuş Yasamal rayon icra hakimi əfv edilmədi və İbrahim Mehdiyev işdən qovulmaqla cəzalandırıldı.

Palitika.Az-a daxil olan xəbərə görə, dekabrın 15-də prezidentə təqdim ediləcək dosye əsasında bir neçə icra başçısının da yola salınacağı istisna deyil.

Bölgələrdə aparılan monitorinqlər, şikayətlərin statistikası, icra başçılarından mətbuatda gedən məqalələrin xülasəsi hazırlanaraq xarakterizə ediləcək. Bu mənada medianın rolu da danılmazdır.

Deputat Çingiz Qənizadə Cəbrayılın icra başçısı Mahmud Quliyev işdən azad ediləndən sonra demişdi ki, prezident məsələdən mətbuatda tanış olub və qərar verib.

Bu o deməkdir ki, PA-da icra başçılarının monitorinqi aparılır və dekabrın 15-də bu nəticələrin də təsiri olacaq.

Beləliklə, ilin sonunda vəzifəsini itirəcək icra başçıları məlum olacaq və bununla da 2018-də islahatların yeni dalğası start götürəcək.

Bu dalğada hansı icra hakimlərinin "qələminin qırılacağını” söyləmək çətindir, di gəl bəzi informasiyalar gəlməkdədir. İddialara görə, ölkə başçısı uzun müddət vəzifə tutan və yaşlı və adı mətbuatda tez-tez hallanan, şikayətlər olunan icra başçıları ilə vidalaşa bilər.

Hacıqabulun icra başçısı Əhməd Muxtarov, Sabirabadın icra başçısı Nazim İsmayılov, Xaçmazın rəhbəri Şəmsəddin Xanbabayev, Beyləqanın şefi Vaqif Abdullayev, Suraxanı rayon icra başçısı İlqar Abbasov, Zərdabın icra başçısı Lütfəli Babayev gedə bilər.

Habelə İmişli icra başçısı Vilyam Hacıyev, Qaradağ icra başçısı Süleyman Mikayılov və başqalarının adı siyahıda ola bilər.

Qaynarxett.az