backend

AGCƏBƏDİDƏ MALİYYƏ RƏİSİ RAYONU NECƏ TALAN EDİR? - Şok faktlar

AGCƏBƏDİDƏ MALİYYƏ RƏİSİ RAYONU NECƏ TALAN EDİR? - Şok faktlar

Dövlət səviyyəsində regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirləri heç kim dana bilməz. Məhz ölkə rəhbərliyinin göstərdiyi səy nəticəsində bu gün Azərbaycanın əksər rayonlarında geniş abadlıq-quruculq işləri həyata keçirilir, əhalinin asudə vaxtlarını rahata keçirə bilmələri üçün parklar salınır və sair. Bütün bunların hamısı təqdirəlayiq haldır.

Məlumata görə, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri, eləcə də xırda rütbəli məmurlar ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğıdan sui-istifadə edirlər. Belə ki, bir sıra rayonların inkişafı məqsədilə büdcədən ayrılan vəsaitlərin xərclənməsi məsələsində qanun pozuntularına yol verilir. Bəzi icra başçıları maliyyə idarələrinin rəisləri, habelə büdcədən maliyyələşən digər dövlət orqanlarının rəhbərləri ilə əlaqəli şəkildə büdcə pullarını öz maraqları naminə sərf edirlər. Başqa sözlə desək, bəzi məmurlar dövlətin pulunu öz halal pulu kimi necə gəldi xərcləyir. Qaynarxett.az saiti olaraq dəfələrlə bu məsələyə toxunub fəaliyyətində nöqsanlar olan maliyyə idarələri barədə cəmiyyəti məlumatlandırmışıq. Üzülərək bildirmək istəyirik ki, Maliyyə Nazirliyinin rəhbərliyi yazdığımız məqalələrə vaxtında reaksiya vermir. Buna görə də yerli maliyyə idarələrinin bir çoxunda qanunsuzluqlar hər keçən gün daha da artır. Neqativ hallar Maliyyə Nazirliyinin Agcəbədi rayonu üzrə maliyyə idarəsindən də yan keçməyib.

Agcəbədi rayonunda fəaliyyət göstərən iş adamları, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən və onun rəisi Raci Səfərovdan ciddi şəkildə narazılıq edirlər. Məsələ ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, məhz Ağcabədi Rayon Maliyyə İdarəsinin müdiri Raci Səfərovun müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirilən tenderlərdə iştirakdan məhrum qalırlar. İdarə rəisinin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə idarəsindən razılıq alınmalıdır: "Çünki sonda vəsait Rayon Maliyyə İdarəsi tərəfindən ayrılacaq. Elə buna görə də iş adamlarına Raci müəllimlə dil tapmaq məsləhət görülür. İdarə rəisi isə öz növbəsində onun "şərt"lərinə əməl edən şirkətlərin tenderdə iştirakını təmin edir, digərlərini isə oyundan kənar vəziyyətdə saxlayır. Bunun səbəbi isə artıq bütün rayon sakinlərinə bəllidir. İdarə rəisi bu yolla, yəni özünə yaxın müəssisələr vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatdan kənar xərclərə sərf etməklə məşğuldur. Məhz bunun nəticəsində rayon maliyyə idarəsinin rəisi bir xeyli var-dövlətə sahiblənib. Raci Səfərovu bölgədə tanımayan yoxdur.

Sözügedən məmurun dövlət büdcəsindən ayrılan vəsaitlərə şərik durduğunu deyən məlumatlı mənbənin sözlərinə görə, Rayon Maliyyə İdarəsi tərəfindən bəzi idarə və müəssisələrə verilən pullarda kəsir əmələ gəlir: "Ona görə ki, idarə rəisi büdcə təşkilatları üçün ayrılmış pulların bir qismini özünə götürməyə çalışır. Həmin idarə və müəssisə rəhbərlərinə deyir ki, yalnız bu şəkildə onlara hər il pul ayrılmasına şərait yarada bilər. Bundan əlavə o, ilin sonlarında büdcə təşkilatları ilə anlaşaraq onlar üçün büdcədən əlavə pulların ayrılmasını həyata keçirir. Hər hansı bir idarə və müəssisə rəhbəri əlavə olaraq pul tələb edirsə, bəri başdan maliyyə idarəsinin müdirinə onun müəyyən hissəsini verməlidir".

Mənbənin verdiyi məlumatda iddia olunur ki, işlədiyi müddətdə R.Səfərov həm icra hakimiyyətindəki maxinasiyalara dost əlini uzadıb, həm də özü yeyintilərdə ən yüksək səviyyədə fərasətlidir. Bu da rayonda özbaşınalıq etmək istəyən və büdcə pullarını mənimsəyən məmurların işinə yarayır.(Davamı olacaq)
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Qaynarxett.az.