backend

Zahid Orucun çıxışında hökumətə sərt mesajlar…

Zahid Orucun çıxışında hökumətə sərt mesajlar…















“Hökumət banklarla müqayisədə vətəndaşların yanında olmalıdır”

“50 milyonluq ipoteka və 600 manatlıq orta aylıq əməkhaqqı ilə mənzil problemini həll etmək mümkündürmü?”


Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri davam edir. Noyabrın 18-dən başlayaraq, növbəti ilin büdcə zərfinin plenar müzakirəsinə başlanıb.
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetaları, o cümlədən, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxil edilib.
Milli Məclisdə büdcə zərfinin ayrı-ayrı bəndləri geniş mübahisələrə səbəb olub. Millət vəkili Zahid Oruc parlamentdəki çıxışında bir sıra vacib sosial əhəmiyyətli nüanslara toxunub və problemlərin həlli istiqamətində təkliflər verib.

Millət vəkili təhsilə ayrılan 1,7 milyard vəsaitin səmərəli istifadə olunması istiqamətində təkliflərini səsləndirib: “Təhsil islahatları çərçivəsində paytaxt müəllimlərini sınaq testinə cəlb edən nazirlik bəyan etdi ki, imtahanın nəticələri daxili istifadə üçündür və nə əmək haqlarına, nə də aşağı bal toplamış insanların işini itirməsinə səbəb olmayacaq. Yaxşı o zaman barometr kimi bu testi keçirmək nəyə lazım idi. Axı, yekunda Azərbaycan müəlliminin sosial vəziyyəti dəyişmədi və ağır olaraq, qalır. Ona görə də təhsil məktəblərdən evlərə köçüb. Keçmişdə zadəgan balaları necə ki, xüsusi şəraitdə dərs alırdılar, indi bizdə də repititorluq edən müəllimlər dövlətdən ala bilmədiyi maddi yardımın əvəzində valideynlərlə müqavilə bağlayaraq, onların balalarına təhsil verir. Bəs nə etməli, attestasiya və kütləvi sayda müəllimlərin azalmasına getməli, yoxsa əvvəlki kimi kiçik maaş artımları yolu ilə yerində saymalı..? Mən hesab edirəm ki, daha ağrısız, həmçinin bu mürəkkəb problemdən çıxış üçün son dərəcə əsaslandırılmış bir yolla gedərək, təhsildə inqilabi dəyişikliklərə nail ola bilərik.
Söhbət TQDK-ya müəllimlərin biliyinin qiymətləndirilməsi səlahiyyətlərinin verilməsindən və könüllülük əsasında pedaqoqlarımıza bu seçimin verilməsindən gedir. Kim 2-3 dəfə artıq maaş almaq istəyirsə, qoy həmin imtahanlardan keçsin, sertifikatla təmin olunsun və illərlə arzuladığımız diferensial yanaşmanın tətbiqinə imkan yaransın. Əminəm ki, Maliyyə və Təhsil nazirləri bu məsələni və həmin maliyyələşməni təmin etmək üçün lazım olan vəsaitlərin vacibliyini ölkə başçısına məruzə edəcəkləri təqdirdə, ideya dəstək qazanacaqdır. Elə olarsa, sertifikatlı müəllimlərin, məsələn, hərbçilərdə və ya jurnalistlərdə olduğu kimi, mənzillə təminatı məsələsini də həmin yeni proqramın içərisində həll etmək olar”.

Millət vəkili Zahid Oruc çıxışında vətəndaşların mənzil problemlərinə də toxunub və onların əlverişli həlli yolları təklif edib. Z.Oruc bildirib ki, bu gün Azərbaycanın ümumi mənzil fondu 500 milyon kvadratmetrdən artıqdır və bu, adambaşına 18 kvadratmetrlik bir yaşayış sahəsinin düşdüyünü göstərir: «Lakin real mənzərə tamam fərqlidir. Statistika çox amansız olur və təkcə bir fakta istinad etsək, dediklərimizə şahid olarıq. Hər il orta məktəbləri 120-130 min məzun bitirir. Onların tərkibində oğlan və qızları bərabər faizdə götürsək, 3-5 ildən sonra ailə quran həmin gənclərin sayı 60 mindən çox olur. Şərqli mentallığımızı, valideyn yanında yaşamaq istəmədiyimiz nəzərə alsaq, onların əksəriyyətinin yeni yaşayış məskənlərinə can atdığının şahidi olarıq. Beləliklə, əksər hallarda, paytaxta üz tutan həmin gənc ailələr Bakının əmək bazarında və mənzil fondunda böyük sıxlığa, qiymətlərin bahalığına səbəb olurlar. Bu gərginliyin şəhərin infrastrukturuna gətirdiyi əlavə təzyiqləri, ona görə hökumətin nəqliyyat-kommunikasiya üçün xərclədiyi milyonları da bura əlavə etsək, problemin həqiqi miqyasını görə bilərik.
Bəs 50 milyonluq ipoteka və ölkədəki 600 manatlıq orta aylıq əməkhaqqı ilə bu milli məsələni həll etmək mümkündürmü? Əsla xeyr… Çünki həmin ipoteka məbləği ilə cəmi 1000 adam ev ala bilər. Məbləği hətta iki dəfə artırsaq, olacaq iki min ailə… Lakin zənn edirəm, çıxış yolu o olardı ki, hökumət iş yerlərini, mənzil tikintisini və ailə məktəblərini tədrici yolla bölgələrə köçürülməsini təmin etməklə həm regionların inkişafına nail olar, eyni zamanda, əhalinin ərazilər üzrə proporsional bölgüsünü təmin edər və insanlarımız boş qalmış kənd və qəsəbələrə geri dönərlər”.

Milli Məclisdə yüksək kredit faizi məsələsi ətrafında diskussiyalara da qatılan millət vəkili hazırki kredit siyasətinin insanları müflis etdiyini diqqətə çatdırıb: “Bu gün Azərbaycanın xarici borcu 5 milyard manatdır və bu faiz ölçüsündə ÜDM-in 8.5 faizi təşkil edir. Hətta ən varlı dövlətlər də əlverişli kredit siyasətindən faydalanır. Ölkəmizin bu siyasəti iqtisadi cəhətdən əsaslandırılıb və konkret məqsədlərə xidmət etdiyindən, hamı tərəfindən qəbul olunur. Bir də ki, 53 milyard dollarlıq maliyyə rezervinə malik olan ölkə istənilən anda borc öhdəliyini tam qapada bilər. Lakin vətəndaşlarımızın kredit yükü haqqında bunları söyləmək mümkün deyil. Dəqiq məlumatlar görə, 2.5 milyon vətəndaşın 1 milyard manatdan artıq kredit borcu var və hər il onlar tərəfindən təxminən 860 milyon manata yaxın faiz ödənilir. Belə ağır yükü və biznesin yüksək gəlir gətirmədiyi şəraitdə kreditlər əsil “ölüm krediti”nə çevrilir”.
Z.Oruc onu da qeyd edib ki, adamların evlərini dağıdan, ailələri kütləvi olaraq, məhkəmə qarşısında qoyan və müflis edən 30-35 faizlik kredit siyasəti dəyişərsə, bu, hamının xeyrinə olacaq: “Çünki var-yoxdan çıxan ailələr, yaxud iflasa uğrayan biznes planları son nəticədə dövlətin yükünə çevrilir. Hökumət banklarla müqayisədə vətəndaşların yanında olmalıdır”.

Hökuməti sosial məsələlərə həssas yanaşmağa çağıran millət vəkili Zahid Oruc beynəlxalq münasibətlər sistemindəki gərginliyə də diqqət çəkərək qeyd etdi ki, Rusiya-Ukrayna və Rusiya-Qərb arasındakı qarşıdurma bizə də təsir edir. Sanksiyaların nəticəsində ənənəvi ticari münasibətlərin xeyli dərəcədə qırıldığını vurğulayan natiq Rusiyada yaşayan soydaşlarımızın da ziyan çəkdiyini, nəticədə onların vasitəsilə ölkəmizə daxil olan 2 milyard dollara yaxın vəsaitin kəskin azaldığını, həmçinin rus rublu ilə çalışan bankların və həmin valyutada saxlanan maliyyə rezervimizin də zərər gördüyünü mənfi tendensiyalar kimi dilə gətirib: “Tarix göstərir ki, 1979-cu ildən sanksiyalara məruz qalan İranla bütün əlaqələri kəsmək mümkün olmadığı üçün məsələn, Türkiyədə minlərlə firma və iri kompaniyalar yaranaraq, həmin yasaq rejimindən faydalanırdı. Bu, o deməkdir ki, hökumətimiz Rusiyada yaranmış yeni bazarlara çıxış üçün xırda və orta sahibkarlığı inkişaf etdirməli, biznes mühitinə kənar müdaxilələri və qeyri-rəsmi tələbləri aradan qaldırmalı və şimal qonşumuzla müxtəlif xarici malların mübadiləsində rol oynayan şirkətlərin yolunu açmalıdır. Çünki müharibə biriləri üçün faciə, başqaları üçün fürsət və yeni imkanlar deməkdir. Həmçinin, Rusiya Əmanət Bankının rəhbəri Qerman Qrefin dediyi sözləri bizim də dəyərləndirməyimizdə bir fayda var. O, deyib ki, “Bu gün dünyada heç kəs vaxtının 2 saatını banklarda itirmək istəmir. Rus xalqını kütləvi olaraq, işləməyə cəlb edə bilsək, xaricdən texnoloji asılılığımızı aradan qaldırsaq və effektli idarəçiliyi təmin etsək, sanksiyalar bizə təsir göstərməyəcək”.
Bu sözlər bizə də aiddir. Azərbaycan da Qərbdən texnologiya almağa, innovativ proqramları əxz etməyə və idarəçiliyin effektivliyini artırmağa məcburdur. Yalnız bu halda dayanıqlı büdcə siyasətini yürütmək mümkün olardı”.