backend

“Fala skaypla baxıram, pulu bank hesabıma ödəyəcəksiz ” -Reportaj

“Fala skaypla baxıram, pulu bank hesabıma ödəyəcəksiz ” -Reportaj













Falçılarla televiziya pul qazanır, itirən...

“İşlərim yaxşı getmir, gedim falçının yanına. Qızımın taleyindən narahatam, gedib baxdırım.” Cəmiyyətimizdə bu sözləri tez-tez eşidirik. İnsanların falçılara, cadugərlərə üz tutması, onlardan kömək umması Azərbaycan ədəbiyyatında bir sıra mütəfəkkirlərin də tənqidinə tuş gəlib. Yəqin ki, “Dərviş parisi partladır” filmini hamınız xatırlayırsınız.
Hər bir cəmiyyətdə ayrı-ayrı fərdlər öz problemləri qarşısında çox hallarda aciz qalır. İnsan elə bir vəziyyətə gəlib çıxa bilir ki, özünü tənha hesab edir, yaxud da elə bir vəziyyətə gəlir ki, sıxıntısının nə vaxtsa gedəcəyini dəqiq bilmək istəyir. Bu vaxt yadına falçılar düşür. Və elə problemlərinin çoxu da bundan sonra başlayır. Əlacsız müştərinin pulunu aldadaraq alan falçı, işi düzəltməsi bir tərəfə, pulu geri qaytarmaq da istəmir. Nəticədə iş gedr çıxır məhkəməyə. Hazırda dələduzluq ittihamı ilə həbsdə yatan İlham Mirzəyevi buna misal çəkmək olar. Özünü ektrasens, parapsixoloq adlandıran İlham Mirzəyev, insanların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsədi.
Bir neçə gün əvvəl isə “falçı-cadugər Timur” kimi tanınan Timur Nəsirovun Dağıstanda qətlə yetirilməsi xəbəri yayıldı. Amma sonradan məlum oldu ki, əslində bu, onun piarına hesablanmış addım imiş. Yəni bu şounun məqsədi daha çox “kliyent” toplamaq olub... Çox təəssüf ki, falçı, cadugər, parapsixoloq, görücü, baxıcı və sairə adlarla özlərini təqdim edən fırıldaqçı dəstəsi bu gün televiziya kanallarında reklam olunmaqla yanaşı təbliğ edilir. Bu işdə televiziya və dələduz falçı qazansa da, pulunu itirən, əsəbləri tarıma çəkilən vətəndaşlarımız olur.

“Qaraçı üsulu ilə baxıram”

İndi vəziyyət o həddə çatıb ki, falçılar hətta internet üzərindən onlayn xidmət göstərən elan verirlər. İnsanları aldadıb, pulunu mənimsəmək üçün texnologiyanın son imkanlarından yararlananlar, “Skype”, “Facebook” və digər sosial şəbəkələrdə də fala baxırlar. Analitik.az olaraq bununla bağlı araşdırma apardıq. Elanlardan birində belə yazılıb: “Qaraçı vasitəsi ilə öyrədilmiş Yelena xanım kartla fala baxır. Tilsimi açır, vudu vasitəsiylə düzəlmiş cadunu açır. Ruzi, bəxt, içkini atmaq, ailəyə qayıdış məsələlərini həll edir.” Elanda göstərilən nömrəyə zəng vurduq. Telefonda özünü falçı Yelenanın köməkçisi kimi təqdim edən xanım xidmətin 15-25 manat arasında olduğunu dedi: “Yelena xanım kartla baxır. Qaraçı üsulu ilə baxır. 5 gün saat 10-dan axşam saat 7-yə kimi qəbul günüdür. Şənbə günləri isə saat 10-dan 3-ə kimidir. Qabaqcadan qəbula yazılmaq və vaxtında gəlmək lazımdır. Müraciət edənlər çoxdur. “Gənclik” metrosundan gələndə “Koala Park” var . Onun arxa hissəsinə gəlin və mənimlə əlaqə saxlayın.”
4-5 il niyə pulunu çölə tullamısan, gəlin yanıma...
Digər bir elanda özünü falçı Coşqun kimi təqdim edən şəxslə əlaqə saxladıq. Falçıya özümü 5 il övladı olmayan biri kimi təqdim edib, dərdimə əlac etməsini xahiş etim. 20 manat müqabilində xidmət göstərdiyini deyən falçı Coşqun, kartla baxdığını bildirdi: “Kartla baxıram. Əgər övladın olmursa ekstrasens, baxıcı heç nə edə bilməz. 4-5 il niyə pulunu çölə tullamısan, gəlin yanıma. Nərimanov metrosundan çıxanda mənimlə əlaqə saxlayın. İndi qəbulda heç kəs yoxdur. Gəlsəniz yaxşı olar. Sonra vaxtım olmayacaq. Əvvəldən deyim ki, mən cadu etmirəm və açmıram.”

“Kosmosdan informasiya alıram...”

Özünü parapsixoloq Xəyalə kimi təqdim edən xanımın isə elanında bunlar qeyd olunmuşdu:“Kosmosdan aldığı informasiya, eləcə də 6-cı hislərin köməyilə deyir.Əlində bionergetik enerji var və bu enerjinin gücü sayəsində bir çox xəstəlikləri müalicə edir, insan bədənində olan xəstəliyin hansı nahiyədə olduğunu dəqiqliyi ilə deyir və diaqnoz qoyaraq müalicə edir.Gözdəymə, cadu, ruhi qatları zədələnmiş insanları bu mənfi enerjidən təmizləyir. Baş ağrıları, yuxusuzluq, həyatından küskün. Lütfən mənim skaypıma zəng edin. Canlı qəbul etmirəm. Gəlməyinə ehtiyac yoxdur. Lazım gəlsə şəkillə və skaypla müalicə edirəm. Məndə sadəcə bioenerji gücüdür. Allahın izniylə bu gücümlə dünyanın o başına belə enerjimi çatdıra bilirəm. Skaypım - parapisixoloqekstrasens skayp.” Parapsixoloq Xəyalə də 20 manata fala baxdığını dedi və axşam əlaqə saxlamağı bildirdi: “Siz axşam zəng vurun. Ətraflı danışaq. Ödəniş isə bank hesabıyla olacaq. Bank hesabını deyəcəm pulu ora köçürəcəksiz.”

Göründüyü kimi falçılar 21-ci əsrdə insanları mövhumata sürükləməklə meydan sulamaqdadır.

Falçılar yalan sözlərlə insanların mallarını əllərindən alırlar
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Analitik.az-a bildirib ki, falçı yanına getmək Allaha şərik qoşmaq olan ən birinci və böyük günahlardan biri sayılır: “Allah Təalanın bağışlamadığı, böyük günah Allaha şərik qoşmaqdırsa, ikincisi, sehr-cadu, falçılıq ilə məşğul olmaq, falçı yanına getməkdir. Allah Təala cadu edənlər haqqında buyurur: “Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 102-ci ayə). Başqa bir ayədə Uca Allah sehr-cadu ilə məşğul olanlar haqqında belə buyurur: “Cadugər hara gedirsə getsin, mətləbinə çatmaz!”(Müqəddəs Quran, “Taha” surəsi, 69-cu ayə). Ə. Həsənov vurğulayır ki, sehrlə məşğul olaraq çoxlu pul toplayan falçılar, hətta Həccə gedərək “Hacı” olduqlarını deməklə yalançı hiylələrə əl atırlar. İslam hüququna görə falçının cəzası onu öldürməkdir. Bizim hüquqda öldürmək cəzası olmadığı üçün sehr edənə ömürlük həbs cəzası verilməlidir. Falçılıq etmək, falçı yanına getməyin dünya və axirətdə böyük bir təhlükə olduğunu deyən Ə. Həsənov qeyd etdi ki, sehr edənin qazancı murdar və haram qazancdır. İlahiyyat üzrə fəlsəfə doktoru sehr xəstəliyindən xilas olmağın yollarını da qeyd edib: “Həqiqət budur ki, gələcəyi Allahdan başqa heç kim bilməz. Belə insanlar yalan sözlərlə insanların mallarını əllərindən alırlar. Allah Rəsulu belə buyurub ki, kim bir kahinin, falçının, gələcəkdən xəbər verənin yanına gedib, dediklərinə inanaraq təsdiq edərsə, Məhəmməd peyğəmbərə nazil olanı inkar etmiş olar. Kim bir münəccimin yanına gedərsə, ondan gələcək barədə bir şey öyrənmək istəyərsə, həmin insanın qırx gün qıldığı namazlar qəbul olunmaz.”

Onlar dələduzdur!

Falçıların və bu kimi fəaliyyətlə məşğul olanların insanları aldatmaqla varlanmasının bəs hüquqi məsuliyyəti nədən ibarətdir? Vəkil Elnur Quliyev Analitik.az-a deyib ki, falçılıq, eskstrasenslik və bunun kimi əməllərin hamısında dələduzluq cinayətlərinin əlamətləri var:“Falçılar (və bu işlə məşğul olan digər adla adlandırılanlar) insanlarda inam yaradırlar ki, onların hansısa problemini, çətinliyini həll edəcəklər. Falçılar da bir növ xidmət göstərirlər və xidmətləri müqabilində müştərilərindən pul alırlar. Adlarını nə cür qoymaqdan (falçı, ekstrasens, parapsixoloq, medium, öncəgörən və s.) asılı olmayaraq, onlar qeyri-ənənəvi yolla müalicə, insanın ruh halı, bəxti və gələcəyi ilə bağlı vədlər verir, xəstəliyini müalicə edəcəyini və digər işlərdə kömək edəcəyinə vəd verirlər. İnsanlar da onlara inanır, etimad göstərir, onlar üçün görülən işlərin əvəzində, özü də həmişə qabaqcadan müəyyən miqdar pul ödəyirlər. Təbii ki, falçıların vədləri baş tutmayan, nəticəsi olmayan boş söhbətlərdir. Nəticədə isə pul verən şəxs heç bir nəticə əldə etmir. Deməli, burada dələduzluq cinayətinin əlamətləri özünü tam göstərir. Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüqquqlarını əldə etmə – dələduzluq cinayətinin əlamətləridir. Falçılar insanların onlara göstərdiyi etibardan sui-istifadə edirlər.Məsələn, xərçəng xəstəsini müalicə edəcəyi və ya qızı istədiyi oğlanla (oğlanın xəbəri olmadan) qovuşduracağına dair vəd vermək insanı əvvəlcədən açıq-aşkar aldatmaqdır. Məqsəd yenə də pul qazanmaq, başqasının əmlakını ələ keçirməkdir. Falçıların «xidmət haqqını» əvvəlcədən aldıqlarından onların dələduzluq cinayəti «müştəri» ilə ilk görüşdən başa çatmış hesab olunur. Çünki əvvəlcədən insanı aldadıb və ya etibarından sui-istifadə edib, həlli mümkün olmayan vəd verməklə pulunu almaq artıq dələduzluq hərəkətidir. Bir sözlə, falçıların hamısı dələduzluqla məşğuldurlar, onların bu əməli cinayətdir.”
Bir sözlə, çalışın ki, falçı-cadugər fırıldaqçıların toruna düşməyəsiniz, yoxsa aldanacaqsınız. Çünki müvafiq qurumlar nədənsə bu sahədəki eybəcərlikləri və qanunsuzluqları görməkdə çətinlik çəkirlər!