backend

İnternetdə təhqirə görə həbs nə qədərdir?

İnternetdə təhqirə görə həbs nə qədərdir?













Vəkil: «Sosial şəbəkələrdə də insanların şəxsiyyətinin alçaldılması, təhqir və böhtana görə cəza nəzərdə tutulur»

Son vaxtlar sosial şəbəkələrə maraq daha da atrıb. Dünyada kompyüter qarşısında nəinki saatlarını, hətta günlərini yola salan adamların sayı-hesabı bilinmir. Azərbaycanda da vəziyyət təxminən eynidir. Amma bəzən sosial şəbəkələrdə olanların sözü bir-birinin xoşuna gəlmir deyə, belə hallarda söyüş və təhqir başlayır. Bəs təhqirə görə qanunlarımızda məsuliyyət nəzərdə tutulurmu? Və ya belə hallarla qarşılaşanlar ilk növbədə hara müraciət etməlidirlər?
Vəkil Elnur Quliyev bildirdi ki, hər bir halda böhtan və təhqir Azərbaycan Respublikasında cinayət qanunvericiliyi ilə cəzalandırılan əməldir. Bu cür hüquqa zidd əməllər şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtan, 148-ci maddəsində isə təhqir cinayətinin tərkibi və belə cinayətlərə görə cəzalar nəzərdə tutulur. Son dəyişikliklə CM-in 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində “və ya kütləvi informasiya vasitəsində” sözləri, “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilib. Bununla «internet informasiya ehtiyatı» anlayışı cinayət qanunvericiliyinə daxil olunub. Bu, o deməkdir ki, KİV orqanı olmasa da kütləvi yayılan, nümayiş etdirilən sosial şəbəkələrdə də insanların şəxsiyyətinin alçaldılması, təhqir və böhtana görə cinayət qaydasında cəza nəzərdə tutulur. Bu cür təhqir və böhtana məruz şalmış şəxslərin öz aralarında «haqq-hesab aparmaları», əlbəttə ki, hüquqa zidd hərəkətdir. Azərbaycan hüquqi dövlətdir və hər bir əməl qanuna uyğun öz qiymətini almalıdır. Bundan ötrü dövlət hüquqi mexanizmlər formalaşdırıb.
Vəkilin sözlərinə görə, CM-in 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil onu da bildirir ki, təhqir olunduğunu və ya özünə böhtan atıldığını düşünən şəxs müvafiq qaydada xüsusi ittiham qaydasında şikayətlə müvafiq məhkəməyə müraciət etməlidir. Bu zaman məhkəmədə xüsusi ittihamı təhqirə və ya böhtana məruz qalmış şəxsin özü və ya onun nümayəndəsi müdafiə edir.