backend

AZƏRBAYCANDA DƏLƏDUZ VƏKİL HƏBS OLUNUB! – 150 min manat pul “atıb”

AZƏRBAYCANDA DƏLƏDUZ VƏKİL HƏBS OLUNUB! – 150 min manat pul “atıb”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M.Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu kassasiya instansiyası məhkəməsində cəzadan azad etdirəcəyinə yalan vəd verib aldadaraq, 2014-cü ilin noyabr ayının ortalarında 150 min manat pulunu alıb. (Rəhman Yusifov əvvəllər Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. O, vəzifədən sui-istifadə etmə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib – red.). Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən M.Cəfərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

İstintaq dövründə M.Cəfərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, M.Cəfərov Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci il sərəncamı ilə Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir müddət bu vəzifədə çalışıb.