backend

Deputatın adam öldürən qohumu ilə bağlı yeni təfərrüat

Deputatın adam öldürən qohumu ilə bağlı yeni  təfərrüat






















“Deputatın ətrafında ilk dəfə deyil belə faciəvi yol qəzası baş verir. Bir neçə il əvvəl millət vəkili Tahir Süleymanovun sürücüsü “Kamaz” markalı yük maşını ilə toqquşub və nəticədə deputatın sürücüsü dünyasını dəyişib”.

Bu barədə Axar.az-a informasiya verən mənbə deputat Tahir Süleymanovun qardaşı oğlu Kamran Süleymanovun avtomobil qəzasında müəllimi öldürməsi barədə danışarkən deyib. Onun sözlərinə görə, sürücüsünün öldüyü qəzadan sonra “Kamaz” sürücüsü həbs olunub:

“Rayonda elə hesab edirlər ki, T.Süleymanov qardaşı oğlunun istintaq müddətində həbs olunmaması üçün öz nüfuzundan istifadə edib. Deputat özü də açıqlamasında qeyd edib ki, heç kim belə hadisədən sığortalanmayıb”.

Piyadanı öldürən K.Süleymanov rayonda Maliyyə İdarəsinin müdir müavini vəzifəsində işləyir. İddialara görə, o, hər zaman avtomobili yüksək sürətlə idarə edib.

Mənbə T.Süleymanovun Şabranda söz sahibi olduğunu da bildirir. Deputatın qardaşı oğullarından biri Bəhman Süleymanov vaxtilə rayonda Beynəlxalq Bankın yerli filialının müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mersedes Benz-E320” markalı, 90 XG 046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü Şabran şəhər sakini Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.