backend

Qəbələ təhsilində prioritet istiqamətlər məlumdur

Qəbələ təhsilində prioritet istiqamətlər məlumdur
Bu gün dinamik inkişaf tempinə malik dövlətlərdən biri olan müstəqil Azərbaycanda da iqtisadiyyatın tərəqqisi ölkədə təhsilin inkişafına müsbət təsirini göstərir. Ölkədə davamlı olaraq aparılan təhsil islahatları, məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.

Ölkənin təhsil sisteminin daha sürətli inkişafını təmin etmək üçün reformalar zəruridir. Bu baxımdan 2018-ci ilin mart ayında Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Arifə Bayramovanın təyin olunması rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır. Bəli, Təhsil Şöbəsinin rəhbərliyinə daha gənc və müasir dövrün tələblərinə daha uyğun qərarlar verə biləcək bir kadrın gətirilməsi təqdirə layiqdir. Digər tərəfdən də xatırladaq ki, Arifə Bayramova bu vəzifəyə təyin olunana qədər Qəbələ Rayonu Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri vəzifəsində çalışıb.



Hazırda Qəbələ RTŞ-nin tabeliyində 2018-2019-ci tədris ilində 68 ümumtəhsil məktəbi, o cümlədən 53 tam orta, 12 ümumi orta, və 3 ibtidai məktəb faəliyyət göstərmiş, 1170 nəfər uşaq 66 məktəbə hazırlıq qruplarına, 15980 nəfər şagird isə 973 sinif komplektinə cəlb olunmuşdur. Məktəbəhazırlıq qrupları ilə birlikdə şagird kontigenti 17150 nəfər olmuş, onların təlim-tərbiyəsi ilə 2279 nəfər müəllim məşğul olmuşdur. Vurğulanmışdır ki, şagirdlərin dərin, fundamental bilik mənimsəmələrində, savadlı şagirdlərin müəyyən sahələr üzrə istedadlarının üzə çixarılmasında, həmin uşaqlarda yaradıcılıq, tədqiqatçılıq meyllərinin gücləndirilməsində fənn olimpiadaların rolu olduqca böyükdür. Buna görə də təhsil şöbəsi, ümumtəhsil məktəblərinin rəhbərləri, həmçinin rayonun qabaqcıl fənn müəllimləri bu istiqamətdəki işləri diqqət mərkəzində saxlamışlar.

“Təhsildə keyfiyyət ili” çərçivəsində ilk dəfə təşkil olunmuş pedaqoji mühazirədə rayonun müəllimləri fəal iştirak etmişlər. Rayon üzrə seçim mərhələsində 30-a yaxın pedaqoji işçi iştirak etmiş, komissiya tərəfindən dinləmələrdən və müzakirələrdən sonra innovativ xarakterə, ciddi təcrübi əhəmiyyətə malik olan iki məruzə söbənin təqdimat məktubu ilə Ölkə üzrə Təşkilat Komitəsinə təqdim olunmuşdur. Respublika Təşkilat komitəsinə təqdim olunmuş hər iki məruzə müsabiqənin qalibi olmuş 1-ci və 2-ci yerlərə layiq görülmüşlər.
Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 900 nəfərədək qəbələli məzundan 485 nəfəri tələbə adını qazanıb. Məzunlardan 34 nəfəri 600 baldan yuxarı yüksək nəticə göstərib. Ali məktəblərə qəbul imtahanlarında ümumi təhsili qızıl medalla başa vuran şəhər 4 nömrəli tam orta məktəbin məzunu Jalə Səfərəliyeva rayon üzrə hamıdan çox - 675 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. İmtahanlarda 673 bal toplayan Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Sona Pənahlı Bakı Ali Neft Məktəbinin, şəhər 2 nömrəli tam orta məktəbin məzunu Natiq Kərimov isə 670 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıblar.
Tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 4 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb, 29 nəfərə fərqlənmə attestatı verilib.


Məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi və yenilənməsi istiqamətində rayonda xeyli işlər görüldüyü diqqətə çatdırılmışdır. Belə ki, rayonun Laza kəndində 80 yerlik ümumi orta, Zərgərli kəndində isə 56 yerlik ibtidai məktəb üçün modul tipli yeni məktəb binaları tikilmiş, Bum qəsəbə tam orta, Zarağan kənd 1 saylı tam orta və Məmmədağalı kənd tam orta məktəblərinin dam örtükləri dəyişdirilmişdir. Qeyd olunmuşdur ki, Vəndam qəsəbə 2 saylı tam orta məktəbi üçün yaxın günlərdə 380 yerlik yeni məktəb binasının tikintisinə, Qaradeyin kəndində 80 yerlik tam orta və Şəfili kəndində isə 20 yerlik modul tipli ibtidai məktəblərin quraşdırılmasına başlanılacaqdır.

Qeyd etmək yerinə düşər ki, Arifə Bayramovanın Qəbələ RTŞ-nin müdiri vəzifəsinə təyinatından az bir müddətin keçməsinə baxmayaraq, artıq bu qurumun işində önəmli irəliləyişlər müşahidə olunmaqdadır. Bu barədə əldə etdiyimiz məlumatlarda da xüsusi olaraq vurğulanır ki, bu təyinatdan sonra rayonun təhsil müəssisələrində xüsusi bir canlanma, dinamiklik və işgüzarlıq aşkar müşahidə olunmaqdadır. RTŞ-də mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə rayonun təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Şübhə etmirik ki, cari tədris ilində də məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər Qəbələ RTŞ-nin fəaliyyətinin əsas prioritet istiqamətlərindən olacaqdır. Biz Qəbələ təhsilinin ugurlu fəaliyyətini müntəzəm olaraq diqqət mərkəzində saxlayacaq, bu barədə silsilə yazılar dərc edəcəyik.

Gurşad BUXARAOGLU,
Qaynarxett.az