backend

Hüseynqulu Bağırovun təbiətə “məhəbbəti”

Hüseynqulu Bağırovun təbiətə  “məhəbbəti”
















Ekologiya sahəsində tətbiq edilən cərimələr təkcə Bakı və Abşeron yarımadasınada fəaliyyət göstərən müəssisələrin çox cüzi bir hissəsini əhatə edir

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun yaşıllıqların salınmasında bilavasitə iştirakını təsdiqləyən fotoşəkillərin demək olar ki, hamısında fotoqrafın qeyri-peşəkarlığını əks etdirən məqamlar yer alır. Bu məqamlardan birincisi odu ki, əksər fotolarda nazir cənabı bahalı kostyumda əks olunub. Öz aramızdı, adama deməzlərmi ki, ay Hüseynqulu müəllim, kabinet adamının rəsmi mərasim formasında ağac əkməyi Antarktidada çılpaq gəzmək qədər inanılmaz görünür? Bir də ki, əlinə "lopatka" almış nazir ağac əkməkdə maraqlı adam təsiri bağışlamır. Əlbəttə, geniş auditoriya üçün nəzərdə tutulmuş bu piar bəzən effekt verməyə də bilər. Heç olmazdımı, günün birində tərki-libas olub fəhlə qiyafəsində adam arasına baş vursun. Hal-əhval tutsun, görsün kimin torbasında nə var, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hansı fəaliyyəti əhali tərəfindən qiymətləndirilir. Azərbaycanda mövcud ekoloji problemlərin uzun sırası var, sadalamaqla qurtaran deyil. Bu problemlərə münasibətdə Hüseynqulu müəllimin sərgilədiyi mövqe isə ən azı heyrətlə qarşılanır. Nazirin ekoloji problemlərin həlli üçün uzun zaman kəsiyinə ehtiyac olduğu barədə söylədiyi fikirləri yada salın. H.Bağırov bununla nəyə işarə vurduğunu bəlkə də özü bilir. Bizlərsə bu fikirlərdən irəli gələn ehtimalları ortayaq qoya bilərik. Cənab nazir fəaliyyətində bulunduğu Azərbaycan ekologiyasının baş canyandıranı qismində danışarkən inandırıcı görünsə də, zahirən belədir. Çünki, həllini gözləyən ekoloji problemlərin sayı durmadan artır. Həmin problemlərin eləsi var ki, həllinə günlər, uzaq başı aylar tələb olunur. Sadəcə iradə nümayişi tələb olunur. Meydana çıxan əsas suallardan biri məhz bununla bağlıdır. Bəzən soruşurlar ki, xaraktercə qətiyyətli görünən naziri ekoloji tarazlığı pozan amillər və ekologiyamıza vurulan ziyan qarşısında yumşaldan hansı maraqlardır. Xeyr, biz demirik ki, cənab nazir büdcədən ayrılan vəsaitlərin bölüşdürülməsində müəyyən şərtlər icad edib. Son zamanlar nazirlikdə hökm sürən büdcə talanları barədə mətbuatda gedən yazıları da görməzliyə vurub nazirin səmimiyyətinə etibar edirik. Lakin gərəkdi ki, cənab nazir də ona etibar edilmiş vəzifənin öhdəsindən gəlsin ya da buna çalışsın. Ölkədə ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizəyə çox zaman formal görünüş verən cərimə və sanksiyaların əksər hallarda nəticəsiz qalması nazirliyin fəaliyyətindəki səmərəliliyi xeyli azaldıb. Bundan əlavə, paytaxt Bakının mərkəzində yerləşən və ekologiyamıza ciddi zərər yetirən irili xırdalı sexlərin, təşkilat və müəssisələrin əksəriyyəti əvvəlki kimi atmosferi çirkləndirməkdə davam edir. Ümidvarıq ki, Hüseynqulu müəllim ətraf mühitin mühafizəsinə cavabdeh olan tabeliyindəki şəxslərin hesabatlarına diqqətlə yanaşır. Biz bilmirik həmin hesabatlar hansı formada təqdim olunur. Onu da bilmirik ki, bu hesabatlardan cənab nazir nə dərəcədə razıdır. Bildiyimiz odur ki, nazirlik əməkdaşları akt və ya protokol tərtib etməklə vəzifələrini bitmiş hesab edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2014-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3338 akt və 1127 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1472 müddətli “məcburi göstəriş” verilib. Ümumilikdə 1105 iş üzrə təqsirkarlar 4846688 manat məbləğində inzibati qaydada cərimə olunub, ətraf mühitə dəymiş ziyana görə 497 iş üzrə 1694802,43 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 5448 iş üzrə 1862652,66 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 304 işdən 49-na, icra qruplarına göndərilmiş 625 işdən 258-nə, məhkəmələrə göndərilmiş 203 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülüb. İcra qruplarına göndərilmiş 3 iş, məhkəmələrə göndərilmiş 18 iş ləğv edilib, qalan işlər isə hazırda icraatdadır. O cümlədən, Su ehtiyatlarının mühafizəsi üzrə 253 akt, 84 protokol tərtib olunub və icrası məcburi olan 163 müddətli “məcburi göstəriş” verilib. 88 iş üzrə 108160 manat məbləğində cərimə, 975 iş üzrə 706009,99 manat məbləğində isə ödəmə tətbiq edilib. Atmosfer havasının mühafizəsi üzrə 427 akt, 108 protokol tərtib olunub və icrası məcburi olan 293 müddətli “məcburi göstəriş” verilib. 100 iş üzrə 139200 manat məbləğində cərimə, 1993 iş üzrə 387758,16 manat məbləğində ödəmə tətbiq edilib. Balıq ehtiyatlarının mühafizəsi üzrə cəmi 31 akt və 34 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib. Yaşıllıqların mühafizəsi üzrə vur-tut 836 akt və 242 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 müddətli “məcburi göstəriş” verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 234 iş üzrə 3549953 manat məbləğində cərimə tətbiq edilib.
Yəqin bu məlumatlarla Hüseynqulu Bağırovun rəhbərlik etdiyi nazirlikdə çox böyük işlərin görüldüyü qənaətindədirlər. Özü də tətbiq edilən cərimələrin miqdarı ilkin müşahidlərə görə, təkcə Bakı və Abşeron yarımadasınad fəaliyyət göstərən müəssisələrin çox cüzi bir hissəsini təşkil edirr. Halbuki, bu tip müəssisə və təşkilatlar demək olar hər gün ekologiyamıza nəzərə çarpacaq ziyan vurur ki, bu da əhalinin sağlamlığına ciddi fəsadlar yaradan faktorlardan bəlkə də ən birincisidir. Qayıdaq Hüseynqulu Bağırovun təbiətə məhəbbətinə. Buna şübhəmiz yoxdu. Nazirin bir ağac əkmək naminə bir dəst bahalı ayaqqabıdan və kostyumdan keçməyə hazır görünüşü bir vətəndaş kimi hamımızı valeh edir, əlbəttə. Bununla yanaşı fotoqalereyalarda təsvir olunan zəhmətkeş Hüseynqulu müəllimin əzabkeş "lopatka"sına abidə qoymağa heç kəsi dəvət etmək fikrimiz yoxdur. Bizə qalsaydı, hörmətli nazirin ekoloji problemlərin həlli üçün uzun illər istəməsinə müsbət reaksiya verərdik. Hüseynqulu müəllimə özünü göstərmək üçün daha 15 il bağışlayardıq, əmi canı. Lakin səlahiyyətimiz xaricində olan bu məsələyə münasibəti PA-nın kuluarlarından gözləməliyik.

Əbdül Kərimzadə