backend

Mən oğraşam, oğraaaaaaşş!!!

Mən oğraşam, oğraaaaaaşş!!!




















Moderator.az tanınmış hüquqşünas Qurban Məmmədovun qələmə aldığı olduqca maraqlı və ibrətamiz hekayəni hissə-hissə oxuculara təqdim edir. Hekayənin başlığı nisbətən sərt olduğu üçün onu orijinalda olduğu kimi, yəni ingiis dilində verməyi doğru hesab etdik:

Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur.

Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülüsüm xanımın əziz xatirəsinə ithaf edirəm.

Əvvəli bu linkdə

...Ancaq arvadımın o gecəki hərəkətlərini və çıxartdığı səsləri unuda bilmirdim. Əslində, qızı ilə nə baş verdiyini hamıdan yaxşı bilən arvadımın hərəkətləri mənə qaranlıq qalmışdı. Həmin günün sabahı bunun səbəbini soruşanda, eşitdiklərim məni şoka saldı: “Mən gördüm ki, sən onu zorlamaq istəyirsən. Gözlərimə inanım, sənə? Bir tursikdə lüt qızı qucaqlamaqda məqsədin nə idi? Lazım gəlsə, mən sənin nazirinə də, əlaqədar orqanlara da, lap “yuxarı”ya da yazacağam. Özün bilərsən, işini bil”. “Lazım gəlsə !” – o məni şantaj edirdi. Açıqdan-açığa və həyasızcasına, lap sənin o vəkil yoldaşının məhkəməsində yalan ifadə verən şahidlər kimi, üzümə dururdu. Əslində, mən bunun səbəbini fəhmən, təhtəlşüur olaraq duyurdum. Şübhələnmişdim. Ancaq faktım, sübutum yox idi. O da bu gün oldu, – mənə diqqətlə baxdı, sanki yoxlayırdı görsün mən yatmışam, yoxsa ona qulaq asıram – bu gün saat 18:00-da qızımdan zəng gəldi. Litseyə köçəndən ilk dəfə idi ki mənimlə əlaqə saxlayırdı. Sevincdən bilmədim nə edim. Telefonu açan kimi, qızım salamsız-kalamsız, bir nəfəsə dedi: “Ata, ömründə bir dəfə kişi ol. Heç olmasa bu gün o məhkəmə adlı obyektindən tez çıx, evinə get. Çalış ki, saat 21-də öz evinin qapısında olasan.” – cavab gözləmədən də telefonunu qapatdı. Bu müəmmalı zəng məni silkələdi. Əlimdə olan bütün qətnamə, hökm və qərarları seyfə yığıb məhkəmədən çıxdım. İş yoldaşlarım hamısı mənə təəccüblə baxırdılar. Son 10 ildə ilk dəfə idi ki, mən işdən vaxtında çıxırdım. Şəhərdə bir az fırlanıb, saat 21:30-da evə getdim. Mənzilin qapısını açmaq istədim. Açar deşiyinə girmədi. Nə qədər əlləşdim qapını aça bilmədim. Başa düşdüm ki, içəridən açarı üstündə qoyublar deyə, bu tərəfdən açar girmir. Arvadıma zəng elədim. Telefonun səsi içəridən gəldi. Evdə idi. Hiss etdim ki, kimsə asta-asta qapının gözlüyünə yaxınlaşıb baxdı. Çünki, gözlüyün rəngi ani olaraq dəyişdi. Mən yenə təkrar-təkrar zəng etdim. Qapının zəngini də dəfələrlə basdım. Arvadım hiss etdi ki, əl çəkən deyiləm. Qapının qabağında gözləyirəm. Bir azdan əl telefonuma zəng gəldi: “Ay qızını zorlamaq istəyən oğraş, nə istəyirsən, deməmişəm evə gələndə əvvəl zəng elə. Get gəz, get o günahsız adamlara hökm yaz, lazım gələndə, mən sənə zəng edərəm, gələrsən, kişi olub mənim üçün, qeyrətə gəlib dəyyus”. Mən, həqiqətən özümü itirmişdim. Nə etmək lazım olduğunu bilmirdim. “Lazım gələndə”ni elə vurğuladı ki, yəni lazım gəlsə, “yuxarı”lara yazacaq.

Bir dəfə də, təsadüfən arvadımın gündəliyi əlimə düşmüşdü. Sən demə, evə nə vaxt, nə qədər pul gətirirəm hamısını yazır. Başa düşdüm ki, lazım gəlsə, o dəftər də işə düşər. Artıq mənim üçün hər şey aydın idi. Mən öz qapımın dalında durub arvadımla aşnasının rahat kef çəkmələri üçün gözətçilik etməli idim. Buna isə qeyrətim yol vermədi.

Mən ürəyimdə: “Bərəkallah sənin qeyrətinə!” – dedim.

O, susdu, xeyli vaxt danışmadı. Mən isə qarşımda oturan bu canlını qətiyyən başa düşə, anlaya bilmirdim. O, hansı millətin nümayəndəsi idi? Nə tip adamdır? Harda, necə yetişib? Onu bu hala salan mühit necədir? Nə baş verir bu millətlə?

Sanki gözlərimdən bu sualları oxudu. Sağ ayağını sol ayağının üstünə aşırıb, arxaya söykənərək dedi:

– Sənə qəribə gəlir, hə? Bəlkə də mənə heç inanmırsan. Ancaq inan, inan mənə, indi Azərbaycanda minlərlə mənim kimi kişiciyəz var. Qəti deyə bilərəm ki, rüşvət alanların 90 %-i bu vəziyyətdədir. Son 35-40 ildə, sanki əvvəlcədən düşünülmüş plan əsasında, mənim kimi adamlar sürüsü yetişdiriblər. Hamı şantaj və təhdid altındadır. Bir dəfə bir yaraşıqlı, hündürboy, idmançı bədəni olan oğlanın mülki işində kömək etdim. Adətimin ziddinə, nəsə yaxınlaşdıq. Bir gün yeyib içəndə, bir az artıq içdi deyəsən. Dili açıldı. Harada işlədiyini soruşdum. Dedi ki, pornofilm çəkməklə məşğul olur. Mən təəccübləndim. Soruşdum ki, məgər bizdə belə film çəkən studiyalar var? Dedikləri məni şoka saldı. Sən demə, 50 gözəl qadın və 50 yaraşıqlı oğlandan ibarət bir qrup var. Onların işi vəzifədə olan, xüsusi xidmət orqanlarının marağında olan və siyasi rəqib hesab edilən adamları həmin gözəl qızların və oğlanların vasitəsilə ələ almaq, onlarla görüşüb gizli videoya çəkməkdir. Dediyinə görə, müəyyən orqanlarda bir vaqon belə kasset toplanıb. Həm də, tək o vəzifəli şəxslərin özlərinin yox, həm də ailə üzvlərinin: arvadlarının, qızlarının və oğlanlarının. Sən demə, bu məqsədlər üçün milyonlarla pul ayrılır. Ancaq bu pul batmır. Şantaj edəndən sonra, məsələn, qadın-qızları ələ alandan sonra, onlara verilmiş bütün bahalı hədiyyələr, xərclənən pullar artıqlamasıyla geri alınır. Onun deməsinə görə, müxalifətdə bəzi adamların mövqe dəyişməsi, yeri gələndə susması və sonadək getməmələrinin, eləcə də, vəzifədə olanların köpək sədaqətinin əsl səbəbi bu imiş. Yəni demək istəyirəm ki, mən tək deyiləm bu məmləkətdə. Sadəcə olaraq, mən özümdə güc tapıb, başıma gələnləri sənə danışa bildim.

Etimadına görə çox sağ ol. İndi sən xanımının zəngini gözləyirsən ki, o icazə versin, sonra evinə gedəsən? – deyə, ehtiyatla soruşdum.
Mən elə ləyaqətsiz adama oxşayıram, səncə? – deyə, dik gözümün içinə baxdı.— Mənim mənliyim, qürurum, kişiliyim var.

Mənə elə gəldi ki, onun ağlı qaçıb, dəli olub. Nə dediyini anlamır deyəsən. Bu adamın dəyərlər sistemi ilə mənimki tamam fərqlidir. Ya da, bəzi anlayışları fərqli dərk edirik. Yenə də, ehtiyatla soruşdum:

Heç olmasa, bu qədər həngamədən sonra, başına gələnlərin səbəblərini bilirsənmi, bu barədə heç düşünübsənmi?
Nə səbəb? Yəqin zatı xarab imiş. Nəslində əxlaqsızlıq var imiş, ona görə. Ya nənəsi, ya da ulu nənəsi fahişə olub yəqin. – dedi.
Axı, etiraf etdin ki, sən özün də düz yolda olmamısan. Əxlaqsız qadın saxlamısan.
Susdu, çiyinlərini dartdı. “Eh, nə bilim” – deyə, dərin bi ah çəkdi.

Mənə diqqətlə qulaq asa bilərsənmi, bir azdan günəş doğacaq, mən çox qala bilmərəm, getməliyəm: – dedim.
Buyur, buyur, niyə qulaq asmıram? Elə buna görə səni bütün gecə burada saxlayıb, dərdimə şərik etməmişəmmi? – deyə, sol dirsəyini oturacağın arxasına söykəyərək, mənə tərəf döndü, – eşidirəm, danışın.
“Sağlam bədəndə sağlam ruh olar” məsəlini yəqin eşidibsən!
Eşitmişəm – qısa cavab verdi.
Bunun tərsi də belə olar da yəqin: “Xəstə bədəndə xəstə ruh olar”. Elədirmi?
Elədir. Bəli.
Səncə, sağlam bədəndə xəstə ruh ola bilərmi?
Onda əvvəlkinə zidd olur axı. Demək istəyirsən ki, məsəl səhvdir?
Yox, elə-belə fikir yürüdürəm. Ya da fiziki cəhətdən xəstə olan adamların ruhları da mı xəstədir? Bu məsələ görə belə olmalıdır əslində.
Yox, mən elə hesab etmirəm, – cavab verdi yoldaş hakim.
Deməli, bu məsələdəki “bədən” nədisə, yalnızca fiziki, bioloji bədən, gövdə, qol-qıç, baş-ayaq deyil, elə deyilmi?
Elə çıxır.
Ya da məcazi mənada deyilib.
Ola bilər.
İslam dininə görə, insan fiziki bədəndən və ruhdan ibarətdir. “Allah insanı qurumuş palçıqdan (gildən) yaratdı, sonra ona ruh pülədi, “ol” dedi oldu”, “ana bətnində bir laxta qan ətə, sonra sümüyə çevrilir, sonra sümük ətlə örtülür, sonra ona ruh verilir” təqribən belə deyilir Quranda. Yadımda qalan budur. Cism və ruh. Tibb alimləri cismin, bədənin, yəni insanın fiziki hissəsinin xəstəliklərinin min bir səbəbini tapıblar. Məsələn, A, B, C virusu, donuz, quş, ebola nə bilim hansı viruslar. Elədirmi?
Bəli, elədir.
Ancaq rəsmi təbabət ruhun xəstələnməsinin bircə səbəbini də hələ tapa bilməyib və bilməyəcəklər də. Bilirsən niyə?
Yox, bilmirəm. Niyə?
Çünki, Quranda deyilir ki “Ya Məhəmməd! Səndən ruh haqqında soruşurlar, de ki, o barədə mənə çox az bilgi verilib. “O” bilir”. Yəni ruh da, qeyb kimi, Allahlıqdır, bəndəlik deyil. Bəndə onluq olmayan şeyin xəstəlik və ya sağlamlaşdırmaq səbəbini necə öyrənə bilər?
Ağlabatandır. – dedi.
Ancaq ruhun xəstəlik səbəblərini və onu sağaltmağın bütün yollarını Allah Qurani Kərimdə göstərib.
Doğrudan? – deyə gözlərini bərəldib mənə baxdı. – Onda, bu psixi xəstələri niyə sağalda bilmirlər bəs?
Psixi xəstəlik başqadır, ruhi xəstəlik başqa. Quran insanın ruhu ilə bağlı qaydaları müəyyənləşdirir, yəni əxlaq, davranış, dəyərlər. Psixika tibb elminin obyektidir. Ruh isə dinin.
Heç nə anlamadım düzü, incimə, yoldaş vəkil.
Yox, niyə inciyirəm ki. Baxın, sənin, arvadının və oğlunun hərəkətləri psixi xəstəlikdirmi?
Nə psixi xəstəlik, qardaş, biz hamımız sağlam, ağlı başında olan adamlarıq.
Mən də elə hesab edirəm. Sizə dəli demək, özü dəlilikdir.
Əlbəttə!
Özünüz etiraf etdiniz ki, Sizin ağlınız da başınızdadır.
Yoxsa, buna şübhə edirsən, vəkil qardaş, – gülümsəmək istədi, deyəsən içindən gülüş gəlmədi.
Qətiyyən! Mən tam əminəm ki, bu ölkədə bütün rüşvətxorların və fahişələrin ağlı yerindədir. Sadəcə olaraq, ağıllarını səhv istiqamətə işlədirlər, ya da düz işlətməyin yollarını bilmirlər, necə yaşamaq lazım olduğundan xəbərsizdirlər. Bu isə psixi yox, ruhi məsələdir. Onların ruhu xəstədir. Ruhlarına virus düşüb.
O nə virusdur elə? – deyə, maraqla soruşdu.
“Təkəbbür virusu”, “Zina virusu”, “rüşvət virusu”, “tamah virusu”, “qeybət virusu”, “sələm virusu”, “qonşu haqqını yemək virusu” və sair onlarla belə virus haqqında xəbər verilir Quranda.
Birinci dəfədir eşidirəm. Düzü, oxumamışam Quranı. Bəs o virusların müalicə üsulları hansılardır ki, deyirsən o da Quranda var?
Məsələn, oğurluq 2 cürdür. Biri ruhla, o biri psixika ilə bağlıdır. İkincisinin elmi adı kleptomaniyadır. Bu, psixi xəstəlikdir. Ancaq dövlət əmlakını talamaq, yetim malını yemək, qonşunun malını mənimsəmək və s. bu kimi oğurluqlar isə, ruhi xəstəliklərdir. Ruhi xəstəliyin ən bariz nümunəsi isə, rüşvətxorluq, korrupsiya və monopoliyadır. Tövrat da, İncil də, Quran da deyir ki, “rüşvət verib, məzlumun haqqını yeməyin”, “qul haqqını yeməyin” və s. Quran deyir: “ Qeybət etməyin, öz ölmüş qardaşınızın ətini çeynəyərsinizmi?”. Allah buyurur: “Sələm verməyin”, “könül xoşluğu ilə, Allah rizasına borc verin” və s. Bütün bunlar ruh, əxlaq, mənəviyyat məsələsidir. Nə fiziki, cismani, nə də psixi məsələdir. Səncə, rüşvəti alan və ya verən bunu niyə edir? Ehtiyacdanmı? Diqqətlə bax, elə özündən götür. Rüşvəti alanlar kimlərdir? Ən imkanlı, varlı, vəzifəli, milyonlarla insandan yaxşı yaşayanlar. Elə deyilmi? Bir də baxırsan, hansısa dövlətin baş naziri, prezidenti, baş prokuroru rüşvətxorluqda ittiham edilir. Ya da monopoliya. Kim bu işlə məşğul olur? İş adamları. Milyardlarla sərvəti var, yenə gözü doymur. Bizim dinimizə görə, bunların ruhunda, əxlaq və mənəviyyatında problem var.
Müalicəsi nədir, vəkil yoldaş? Onu de. Mən artıq tələsirəm. Vaxtım yaxınlaşır. – müəmmalı şəkildə dedi.
Müalicəsi: Namaz, Oruc, Tövbə, Allaha dua etmək, İslam həyat tərzi, bir sözlə, Quranı bilən, öyrənən, ona əməl edən, islamın əsaslarına söykənən kimsə ruhunu şeytana qapdırmaz. Sənin də o gül balanı xilas edən, anasının gəzdiyi ağacı budaq-budaq gəzməkdən çəkindirən də lənətlədiyin Türk məktəbləri və onun qıldığı Namaz olub, möhtərəm hakim!
Birdən ayağa qalxdı, gözləri bərəldi. Var gücü ilə çığırmağa başladı: “mən hakim deyiləm, mən hakim deyiləm, mən oğraşam, oğraş. Eşidirsiiiz, mən oğraşam, oğraaaaaaaş”.

Çığıra-çığıra sahilə tərəf getməyə başladı.

–Səbrli ol, Allah böyükdür, bağışlayandır, tövbələri qəbul edəndir, o qız balanın uğrunda sən öz nəfsinlə döyüş, Allaha yalvar, yaradan sənə kömək edər, ümidini itirmə. – dedim.

O isə: “Mən oğraşam, oğraaaaaş !!!” – deyə-deyə, dənizə tərəf addımlayırdı.

Bu vaxt xanımımdan zəng gəldi.

Dedim: “Yoldayam. Çayı qoy”.

Dedi: “Nəvələrin həmişəki kimi, sənin yataq otağının qarşısında sıraya düzülüb himn oxuyurlar. Tez gəl”.

Başımız söhbətə elə qarışmışdı ki, günün doğmasından da xəbərim olmayıb. Taksi duracağına tərəf gedəndə, parkın ortasında dayanıb geri baxdım. O, artıq dənizə çatmışdı….

Mən isə, 34 ildir ki, hər səhər yediyim şirin çayla pendirin ləzzətini növbəti dəfə damağımda hiss etmək üçün evimə tələsirdim.

Mən getməsəm, həyat yoldaşım yenə də mənsiz yeməyəcək, nəvələrimin o şaqraq gülüşləri evimizi bürüməyəcəkdi.

Şükür sənə Allahım!

Verdiyin və aldığın hər şeyə görə sənə şükürlər olsun! Amin!

Bakı İstintaq Təcridxanası (BİT)

13 iyul 2014. Saat 00-07:25