backend

Qənirə Paşayeva Şahlıurfa valisi ilə görüşüb





Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Şanlıurfaya səfəri zamanı bölgə valisi İzettin Küçükle görüşüb. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən və münaqişə ilə bağlı son vəziyyət barədə geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.” Qənirə Paşayeva Şanlıurfa valisi İzettin Küçüke həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən”,”Karabağ hikayeleri” kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin və Türk dünyasının müxtəlif bölgələrində türk insanının, qardaş-bacılarımızın üzləşdiyi işğalları,qətliamları, sürgünləri, zülmləri dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək bu mövzuları özündə əks etdirən konfrans verəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Şanlıurfa valisi İzettin Küçük öz növbəsində görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq. Sizin vurğuladığınız mövzular ətrafında özəlliklə gənclərimizlə müzakirələrə böyük ehtiyac var və inanıram ki, çox faydalı olacaq”. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Şanlıurfanın da yer alacağını bildirib və onu ölkəmizə dəvət edib. Şanlıufa valisi İzettin Küçük Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Şanlıurfa arasında əlaqələrinin daha da güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Şanlıurfanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir”. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədəki vəziyyətlə bağlı da geniş söhbət aparılıb.