backend

Surət Hüseynovun siyasətə təhlükəli dönüşü

Surət Hüseynovun siyasətə təhlükəli dönüşü

Sabiq baş nazirin “müharibə partiyası”

Vaxtilə ölkənin üçüncü şəxsi olmuş qiyamçı polkovnik Qazilər Fondu vasitəsilə əlilləri, şəhid ailələri və veteranları öz ətrafına toplayır; məqsədin xeyriyyəçilik olduğu deyilsə də, işin içində Rusiya barmağının mövcudluğu haqda iddialar var
Son illərdə bir neçə dəfə Azərbaycan siyasətinə qayıtmağa cəhd edən sabiq baş nazir Surət Hüseynov, nəhayət, bu dönüşün yolunu tapıb.
Sabiq baş nazir bunun üçün Qazilər Fondu adlı qurum yaradır. Bunu S. Hüseynov özü mətbuata təsdiqləyib. Qiyamçı polkovnikin bu addımı ilə bağlı müxtəlif məlumatlar, iddialar və versiyalar var. Sabiq baş nazirin özü isə bu addımını Qarabağ qazisi Zaur Həsənovun intihar etməsindən təsirlənməsi ilə əsaslandırıb. S.Hüseynov teref.info-ya açıqlamasında bu fondu xeyriyyəçilik məqsədi ilə yaratdığını deyib:
“Xeyriyyəçiliklə daim məşğulam. Müharibə illərində qaçqın və köçkünlərə, şəhid ailələrinə, döyüşçülərə evlər vermişəm, hər cür yardımlar etmişəm. Atəşkəsdən sonra ”Nicat” Xeyriyyə Cəmiyyətinin xətti ilə Azərbaycanda bütün şəhid ailələrinə, Qarabağ əlillərinə aylıq pul yardımları göstərirdik. Əlillərin protezləşmə və müalicə problemlərini ölkədə və xaricə göndərməklə həll edirdik. Həbsxana illərimdə də gücüm çatandan ehtiyaclı olanlara kömək eləmişəm. Bu işi davam etdirəcəm”.
S.Hüseynov Z.Həsənovun özünəqəsdinin onu bərk sarsıtdığını deyib.
Qeyd edək ki, Z.Həsənovun intiharından sonra Azərbaycan cəmiyyətində qazilərlə bağlı məsələlərə diqqət artıb. Bu sahədə atılan istənilən müsbət addım cəmiyyət tərəfindən daha tez pasport alır və populyarlıq qazanır.
Görünür, S.Hüseynovun da məhz belə məqamda Qazilər Fondu yaratması, “müharibə partiyası”nın üzvləri sayılan qazilərə, şəhid ailələrinə, veteranlara xitab etməsi təsadüfi deyil.
Vaxtilə korpus komandiri olmuş S.Hüseynovun keçmiş döyüşçülərlə, qazilərlə, veteranlarla, şəhid ailələri ilə kifayət qədər əlaqələri var və bu təbəqəyə xitab etməklə qısa müddətdə böyük dəstək qazana bilər. Elə bunu S. Hüseynovun özü də deyir:
“Qarabağda nə qədər döyüşçü olubsa, komandanlıq etdiyim Ordu Korpusunun tabeçiliyində olublar. Buna görə hər bir qazi, vətən oğlu mənim qardaşımdı, cəbhə yoldaşımdı. Mən əsgərlərim qarşısında öz vicdan borcumu yerinə yetirirəm”.
Nəzərə alsaq ki, söhbət qazilərə, şəhid ailələrinə veteranlara maddi dəstəkdən gedir, bu zaman demək olar ki, sabiq baş nazirin Qazilər Fondu ilə populyarlıq qazanaraq qısa müddətdə siyasətə qayıdışı mümkündü. Gələn məlumatlar da onu göstərir ki, S.Hüseynov bütün addımlarını buna hesablayıb və bu işə kifayət qədər sərmayə yatırmağa hazırlaşır.
Əslində sabiq baş nazirin bu addımı təqdir olunasıdı və ilk baxışda burda mənfi nəsə görünmür. Amma bizə çatan məlumatlarda əsas qeyd kimi bu işin içərisində Rusiya barmağının olması keçir.
Hələ ötən ilin ortalarında yazmışdıq ki, Rusiyadan gələn böyük bir qrup Azərbaycanda hansı dairələrlə necə işləməyin mümkünlüyünü öyrənmək və cəmiyyətdəki boşluqları tapmaq üçün bir müddət ölkədə araşdırma aparıb. Həmin qrupun əsas fəaliyyət istiqamətlərindən biri daha çox narazı elektoratı müəyyənləşdirmək olub. Çox böyük ehtimalla bizim şərti olaraq “müharibə partiyasının üzvləri” adlandırdığımız təbəqə də həmin qrupun narazılar siyahısına düşüb və onlarla işləmək üçün mümkün yollar axtarılıb. İndi isə belə bir fürsət yaranıb və hər zaman Rusiya ilə sıx əlaqələri olan keçmiş korpus komandiri vasitəsilə nəzərdə tutulan işlərin icrasına başlanılması üçün düyməyə basılıb.
Heç kimə sirr deyil ki, ötən il Rusiyanın Azərbaycanla bağlı bir sıra planları olub. Amma ən müxtəlif səbəblərdən bu planlar baş tutmayıb. İndi gələn məlumatlarda isə bildirilir ki, Rusiya Azərbaycanın daxilində böyük bir qüvvəni fəallaşdırmaq istəyir. Bunun üçün ən uyğun şəxslərdən biri kimi isə S.Hüseynov seçilib. Əgər plan alınsa, S.Hüseynov Qazilər Fondu vasitəsilə “müharibə partiyası”nı təşkilatlandıraraq, siyasətə dönüşünü və məqsədlərini reallaşdırmağa başlayacaq.
Onu da qeyd edək ki, hazırda S.Hüseynovun Rusiyada, Türkiyədə, eləcə də Azərbaycanda böyük biznesinin olduğu və hakimiyyət strukturları tərəfindən ona elə də ciddi problemlər yaradılmadığı bildirilir.
S.Hüseynov hətta media sektorunda da müəyyən formada təmsil olunur. Sabiq baş nazirin bu istiqamətdə də layihələrinin olacağı gözlənilir.