backend

Tibb Universitetinin keçmiş baş mühasibi və bacısı həbs oluna bilər

Tibb Universitetinin keçmiş baş mühasibi və bacısı həbs oluna bilər  Milyonluq yeyintidə ittiham olunan Şəfəq Qasımovanın barəsində aidiyyəti hüquq-mühafizə orqanlarına vacib materiallar təqdim edilib Azərbaycan Tibb Universitetinin (ATU) keçmiş baş mühasibi Şəfəq Qasımovanın fəaliyyətindəki neqativ hallar və həyata keçirdiyi milyonluq yeyintilər haqda xəbər vermişdik. Məsələdən xəbəri olmayan oxucularımız üçün qısaca xatırlatmaq istəyirik ki, uzun illər universitetin baş mühasibi işləmiş, sonradan isə yeyinti faktına görə tutduğu vəzifədən kənarlaşdırılmış Şəfəq Qasımova Tibb Universitetinin bütün maliyyə məsələlərinə şəxsən özü nəzarət edir. «Bir müddət əvvəl universitetdə çox böyük yeyinti faktı aşkarlandı. Buna görə Şəfəq Qasımova işdən azad edildi. Maraqlıdır ki, universitetdə çalışan yaxın qohumları onun bu təhsil ocağı ilə birdəfəlik vidalaşmasına imkan vermədilər. Məhz qohumlarının köməyi sayəsində həmin yeyinti faktının üstü ört-basdır edildi. Şəfəq xanım hazırda Tibbi Universitetinin baş mühasibinin müavini vəzifəsində çalışır. Vəzifəsi müavin olsa da, baş mühasibin bütün işlərini o aparır. Ümumiyyətlə, ali məktəbin maliyyə işləri yenə də onun nəzarəti altındadır. Uzun müddət bu vəzifədə işləyən Şəfəq xanım özünə böyük biznes şəbəkəsi yaratmağa nail olub. Onun xalası qızı Fəridə xanım Dövlət İqtisad Universitetində işləyir. Deyilənə görə, baş mühasibin müavini xalası qızı ilə şərikli biznes qurub. Şəfəq Qasımovanın Tibb Universitetində işləyən qohumlarının sayı-hesabı yoxdur. Fizika kafedrasının müdiri Sevinc Orucova onun bacısıdır. Kafedra müdirinin fəaliyyətindən əksəriyyət narazıdır. Həmçinin onun bəzi insanlardan pul alıb qaytarmadığı da bildirilir. EŞəfəq Qasımovanın sözügedən universitetdə dayaqları çox möhkəmdir. Belə ki, o, prorektor Malik müəllimlə qudadır. Malik müəllimin oğlu baş mühasibin müavininin qızı ilə ailə həyatı qurub. Şəfəq Qasımovanın həm oğlu, həm də qızı 2007-ci ildə Azərbaycan Tibb Universitetinin məzunu olublar. Deyilənə görə, onun övladlarına bütün müəllimlər güzəşt ediblər və qiymətləri heç nəsiz yazılıb. «Semaşko» xəstəxanasının yaxınlığındakı apteklərin bir çoxu keçmiş baş mühasibin xalası oğluna məxsusdur», deyə həmin yazıda vurğulanırdı. Qəribədir ki, bu kimi məsələlərin mətbuat səhifəsinə çıxarılmasından sonra da Şəfəq Qasımova özbaşına əməllərindən əl çəkməyib. Məlumatlı mənbənin saytımıza bildirdiyinə görə, baş mühasibin müavini heç kimdən və heç nədən çəkinmədən qanunsuz işlərini davam etdirməkdədir: «Tibb Universitetinin maliyyə məsələlərinə bu xanımdan başqa heç kim müdaxilə edə bilməz. Hazırda ali məktəbdə maliyyə işlərində nöqsanlar, çatışmazlıqlar, mənimsəmə və pozuntu halları baş alıb gedir. Buna baxmayaraq, Şəfəq xanıma «gözün üstə qaşın var» deyən yoxdur. Bacısı, fizika kafedrasının müdiri Sevinc Orucova ona arxayın olaraq tələbələrə əlavə problemlər yaradır. Bir vaxtlar xüsusi nüfuzu ilə seçilən ali təhsil ocağı indi bu bacıların həyata keçirdiyi xoşagəlməz işlərin nəticəsində əvvəlki imicini itirmək üzrədir». Bu arada, özəl mənbələrin məlumatına əsasən, Şəfəq Qasımova və bacısı Sevinc Orucova ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çox vacib materiallar təqdim olunub. İddialara görə, idarə əməkdaşlarının müvafiq araşdırmalarından sonra hər iki xanımın barəsində cinayət işi açıla və barələrində həbs qətimkan tədbiri seçilə bilər. ATU-nun baş mühasibinin müavininin haqqında başqa məlumatlar da var. Yaxın günlərdə milyonluq yeyintilərlə bağlı geniş araşdırma yazısı təqdim edəcəyik. Bizi izləyin. Qarşı tərəflərin də cavab haqqını tanıyırıq. gundelik-baku.com