backend

Səməd Vurğun yazıçıya niyə “it oğlu” dedi?

Səməd Vurğun yazıçıya niyə “it oğlu” dedi?
Bu gün mərhum yazıçı, görkəmli dramaturq Sabit Rəhmanın doğum günüdür.

Axar.az xatırladır ki, Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə anadan olub. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi felyetonlarla başlayıb.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, “Ulduz” musiqili komediyasının ssenarilərinin, “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülən sənətkar, həmçinin iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunub. O, böyük bəstəkarımız Emin Sabitoğlunun atasıdır.

Sabit Rəhman Azərbaycanın görkəmli şəxsiyyətləri – Rəsul Rza və Səməd Vurğunla dost olub. Ülfət Kürçaylı “O günlərdən anlar” silsiləsində qələmə aldığı yazıda Sabit Rəhmanla Səməd Vurğunun başına gəlmiş qəribə əhvalatı belə nəql edir:

“Səməd Vurğunla Sabit Rəhman Moskvada gəzə-gəzə gəlib çıxırlar QUM-a. Xeyli çap-yurddan sonra Səməd Vurğun bir də baxır ki, Sabit Rəhman yanında yoxdur. O yana gedir, bu yanı dolaşır, yazıçı gözünə dəymir. Anlayır ki, bu basırıqda Sabit Rəhmanı axtarmaq, dəryada iynə aramaq kimidir. Axır, soraqlaşa-soraqlaşa gəlib çıxır QUM-un sorğu şöbəsinə. Başına gələni danışmağa başlayır. Deyir, balacaboy, dazbaş dostumu itirmişəm.

Gözəl rus qadını gülümsəyib cavab verir ki, burada bu əlamətlərlə adam tapmaq olmaz, dostunuzun adı nədir?

- Sabit, - deyir Səməd Vurğun əsəbi halda.

- Soyadı... - soruşur qadın.

- Rəhman, - deyə Səməd Vurğunun hövsələsi lap daralır.

- Bəs atasının adı... Kim oğludur?

İstidən və sorğu-sualdan bezmiş Səməd Vurğun ha fikirləşir, dostunun kim oğlu olduğunu yadına sala bilmir, hirslə “əşşi nə bilim, itoğlu”, - deyir.

Beş dəqiqədən sonra bütün QUM boyu rusca belə bir elan səslənir:

- Sabit Rəhman İtoğlu, dostunuz sizi ikinci sıradaki fontanın yanında gözləyir”.

Böyük yazıçımız Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat edib.

qaynarxett.az