backend

İlham Əliyev hakimiyyəti dəyişir: əli qırışlı, sms oxuya bilməyən məmurlar gedir - Pərdəarxası

İlham Əliyev hakimiyyəti dəyişir: əli qırışlı, sms oxuya bilməyən məmurlar gedir - Pərdəarxası












Azərbaycan hakimiyyəti gəncləşir; Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq...

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək.
Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.

İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir. Eləcə də NK-də veteranlar çoxdur.

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

Müasir dünya ilə ayaqlaşa bilməyən nazirlərin, onların müavinlərinin, icra hakimlərinin iqtidarda təmsil olunması adekvat deyil.

Qonşu Gürcüstanda, Ukraynada nazirlərin əksəriyyəti gənc kadrlardır. İ.Əliyevin də gənc, enerjili və perspektivli lider olması ətrafında cavanlardan ibarət komandanın formalaşmasını zəruri edir.

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, Baş nazir Artur Rasizadə, müavinləri Yaqub Eyyubov, İsmət Abbasov və Abid Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev, Bakı meri Hacıbala Abutalıbov yola salına bilər.

Eyni zamanda islahat komandası formaşalarkən Meliorasiya və Su Təsərüfatı naziri Əhməd Əhmədzadə, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərişıq ASC sədri Baba Rzayev, AZAL prezidenti Cahangir Əsgərov arxivə göndərilə bilər.

Prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək. Bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir.

Son proseslər onu göstərir ki, ölkə başçısı uzun zamandır ki, vəzifədən yapışan yaşlı məmurları yeniləri, gənclərlə əvəz etmək fikrindədir. İşdən çıxarılan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun yerinə 38 yaşlı Ramin Quluzadənin nazir əvəzi kimi təyin edilməsi də buna əyani sübut ola bilər.

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, hökumətdə hamının əvəzinə İlham Əliyev işləyir. İndi kadrların irəli çıxması zamanı gəlib.

Amma onlar bu dövrə öyrəşə bilmirlər. Hakimiyyətdə də hər şey qaydasında deyil. Güc strukturları istisna olmaqla, hökumətdə hamının əvəzinə prezident İlham Əliyev işləyir.

Bizə yaxın və neftin qiyməti ilə bağlı çox çətin vəziyyətdə olan Rusiyada prezident Vladimir Putin də çox fəaldır, işləyir, çalışır, üstəlik dünya ilə savaşır da. Çünki hamının əvəzinə işləmir, onun baş naziri, nazirləri də, qubernatorları da iş başındadırlar.

Baş nazir Artur Rasi-Zadənin böhrandan bəri heç səsini eşidən olmayıb, iqtisadi sferanı kurasiya edən məmurlar hadisələrin ardınca sürünürlər, göstəriş gözləyir, prezidentin dediklərini mübtəda ilə xəbərin yerini dəyişərək yenidən təkrar edirlər.

Neft pulları nazirləri o qədər tənbəlləşdirib ki, onları yeni rejimə keçirmək çətinləşib, bunu görməmək mümkün deyil. Hətta müşavirələrdə belə bəziləri yerində qurcalanır; bu yaşda saatlarla bir yerdə oturmaq belə çətindir.

Əvvəl hər şeyi neft pulları həll edirdi, kabinetdən göstərişlə problemlər yoluna qoyulurdu, indi isə kadrların irəli çıxması zamanı gəlib, amma onlar bu dövrə öyrəşə bilmirlər.