backend

ÖLKƏDƏ NƏ BAŞ VERİR: Xalqla Prezidenti üz-üzə qoymağa cəhd edənlər...

ÖLKƏDƏ NƏ BAŞ VERİR:  Xalqla Prezidenti üz-üzə qoymağa cəhd  edənlər...

Azərbaycanda iqtisadi gərginliyi yaradan hansısa sirli və gizli əllər fəaliyyətdədir; Onlar şəbəkələşmiş şəkildə ölkədə sosial vəziyyəti ağırlaşdırır və xalqla prezidenti üz-üzə qoymağa cəhd edir...

Bu barədə hakimiyyətdəki etibarlı qaynaqlardan daxil olan məlumatda deyilir ki, hökumət içində müəyyən qruplar var və onlar məqsədli şəkildə ilin sonuna yaxın əhalinin maddi vəziyyətinin pisləşdirir.

Bu şəbəkənin məqsədi prezidentə təzyiq etmək, islahatları ləngitmək, antiböhran tədbirlərini tormozlamaq və ən əsası onları gözləyən istefaların vaxtını uzatmaqdır.

Çünki islahatlar nəticəsində məmur ordusu vəzifəsini itirə bilər. Onlar da bunu qabaqlamaq üçün müxtəlif təzyiq rıçaqlarından istifadə etməyə başlayıblar.

Deputat Zahid Oruc da geniş müsahibəsində buna bənzər fikirlər səsləndirib və kimlərinsə təxribatla məşğul olduğunu təsdiqləyib: “Mənim aləmimdə ölkədə müəyyən qədər iqtisadi, siyasi, sosial təxribatlar baş verir.

Sanki Eldar Mahmudovun nazirliyi ləğv ediləndən və mahmudovçuluq ifşa ediləndən sonra müxtəlif qüvvələr öz üzərlərinə gələn təhlükəni hiss edirlər və problemi sosial-iqtisadi müstəviyə daşıyıb hakimiyyətin cəzasından qaçır, onu xalqla üz-üzə qoyaraq diversiya yolu ilə toxunulmazlıqlarını təmin edirlər.

Elə bilin dövlətdəki böyük idarəetmə islahatlarını ləngitməyə qalxan və yaxud ona müqavimət göstərən qüvvələrin itaətsizliyi ilə üzə-üzə qalmışıq”.

Millət vəkili hesab edir ki, o miqyasda, o təfəkkürdə, o azğınlıqda, sümürgənlikdə olan çovdarovlar yoxdur: “Sözügedən olay Azərbaycanın təhlükəsizlik orqanları tarixində böyük ləkədir. Dünya tarixində elə mütəşəkkil çekist cinayətkar şəbəkəsi olmayıb.

Beriyanı NKVD sisteminin cəza aparatının banisi kimi uzun illərdi pisləyirlər. Ancaq o vaxt belə bu miqyasda yağmalama və tamahkarlıq olmayıb.

Mahmudovun rəhbərliyi altında və o genarallar bandasının həyata keçirdiyi əməllər özünün azğınlığı ilə tarix boyu fərqlənəcək. Rejissorlar üçün faciə dramalarının ssenarisinə uyğun gələn əməlləri heç bir halda başqa strukturlarda gözləməyin”.

Politika.Az xəbər verir ki, prezidentin imzaladığı antiböhran tədbirləri barədə tapşırıqları məmurların canına vəlvələ salıb. Azərbaycanda korrupsiyaya bulaşmış, aylıq “paket” alan məmurların “kürkünə birə salıb”.

Təşviş içində olan məmurlar bu layihənin həyata keçməsindən sonra ölkədə islahatların, şəffaf idarəçiliyin daha da güclənəcəyini yaxşı dərk edir.

Ona görə də gəlir mənbələrinin kəsiləcəyi xəbəri bürokrat məmurları, korrupsioner və oliqarxa çevrilmiş bəzi nazirləri əndişələndirib.

İlk növbədə Nazirlər Kabinetinə əl gəzdirmək labüddür. Bu baxımdan yeni antiböhran tədbirlərinin başlaması hakimiyyətdəki bəzi qruplarına maraqlarına soğan doğrayıb.

Prezidentin təkbaşına böhrana qarşı çırmanıb mübarizə aparması hansısa qüvvələri narahat edir. Onlar əvvəlki kimi korrupsiya layihələrini həyata keçirə bilməyəcək.

Qaynarxett.az