backend

Siyavuş Novruzov: “Maksim Musayev qocaldıqca ağlını itirir”

Siyavuş Novruzov: “Maksim Musayev qocaldıqca ağlını itirir”

“Maksim Musayev qocalıb. Əsl azərbaycanlılar yaşlandıqca müdrikləşirlər. Bəziləri isə yaşlandıqca ağıllarını itirir. Görünür, Maksim Musayev də müdrikləşənlərdən deyil”.


Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin və YAP Siyasi Şurasının keçmiş üzvü, Xızı rayonunun sabiq icra başçısı olan Maksim Musayevin son müsahibəsindəki tənqidlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Maksim Musayevin Yeni Azərbaycan Partiyasında (YAP) heç bir rolu olmayıb:

“Maksim Musayev vaxtilə ümummilli lider Heydər Əliyevin Ali Sovetə namizədliyi irəli sürüləndə, ona alternativ olaraq, Etibar Məmmədovun namizədliyini dəstəkləyib. İndi də gəlib Heydər Əliyevdən danışır. Bütün bunlar Azərbaycan xalqının gözü qarşısında olan proseslərdir. Hətta 1998-ci ildə atası ilə bir yerdə Mehdiabadda təbliğat aparırdı ki, insanlar Etibar Məmmədova səs versin. Mehdiabadda olan qərbi azərbaycanlılar bunu döyüb oradan qovmuşdular. İndi elə bilir ki, bütün bunlar insanların yadından çıxıb”.

Siyavuş Novruzov qeyd edib ki, Maksim Musayevin haqqında danışdığı Eldar İbrahimov və Əli Əhmədov YAP yaranmamışdan qabaq Heydər Əliyevə müraciət edən insanlardır:

“Maksim Musayevin adı o siyahıda yoxdur. Mən özüm 90-cı illərdən ümumilli liderin yanında olan insanam. Açıqlamasında dünyasını dəyişmiş Fərəməz Maqsudovun, Rəfael Alahverdiyevin və Sirus Təbrizlinin adını çəkir. O insanlar bunu heç adam yerinə saymırdılar. Özünü onların cərgəsinə qoşmasın. Adlarını çəkdiyi insanlar partiyanın yaranmasında xidmətləri olan şəxsiyyətlərdir. Bir nəfər həyatda olan insanın adını çəksin və siz ondan soruşun ki, Maksim Musayevin partiyada rolu nədən ibarət olub?”

Xatırladaq ki, Milli Məclisin və YAP Siyasi Şurasının keçmiş üzvü, Xızı rayonunun sabiq icra başçısı olan Maksim Musayev bildirib ki, o, heç vaxt YAP-ın özünə qarşı çıxmayıb, amma partiyanın rəhbərliyində yer alan şəxsləri, daha konkret desək, Əli Əhmədovu, Eldar İbrahimovu və Siyavuş Novruzovu tənqid edib.
Aktual.az-a