backend

Rasim Musabəyov: “Moskva Sarksiyana təminat versə, Qarabağda gərginlik artacaq”

Rasim Musabəyov: “Moskva Sarksiyana təminat versə, Qarabağda gərginlik artacaq”
"O, Rusiyaya gələcək hakimiyyət məsələsini həll etməyə gedir"

Teleqraf.com deputat Rasim Musabəyovla müsahibəni təqdim edir.

- Rasim müəllim, cəbhədə 25 fevral döyüşlərindən sonra nisbi sakitlikdir. Bundan sonra cəbhədəki vəziyyəti necə proqnozlaşdırmaq olr?
- Bu haqda danışmaq bir qədər çətindir. Diqqət edəndə görərik ki, daim cəbhə xəttində gərginlik, atışma baş verib. Bəzən gərginlik artan xətt üzrə gedib, sonra azalıb. Və ya azalan xətt üzrə getdiyi təqdirdə qəfildən artıb. Mənim sizinlə danışdığımız saatda təmas xəttində gərginliyin artmayacağına heç bir təminat yoxdur. Bir sözlə, gərginlik ola bilər. Mən bunu istisna etmirəm.

- Bu gərginlik daha çox nə ilə bağlıdır, Ermənistandakı daxili vəziyyətlə,, yoxsa digər səbəblər də var?
- İndi bildiyiniz kimi ATƏT sədrinin şəxsi köməkçisi Anjey Kasprşik regiondadır. Eləcə də son hadisələrlə bağlı həmsədrlər müəyyən mövqe ifadə ediblər. Ancaq eyni zamanda diqqət edin, Rusiya bazası Ermənistanda hərbi təlimlər keçirir, prezident Sarksiyan Moskvaya səfər edir. Mən istisna etmirəm ki, əgər oradan Sarksiyana sifariş və bəzi təminatlar versələr, biz gərginliyin artmasını yenidən müşahidə edəcəyik. Ancaq hər şey Azərbaycan ordusunun gücünə, bizim apardığımız siyasətə bağlıdır. Yəni bizim həm hərbi, həm diplomatik baxımdan, həm də iqtisadi nöqteyi-nəzərdən imkanımız var ki, Rusiya ermənilərə kömək edəcəyi təqdirdə belə onları yerinə oturdaq.

- Sarksiyanın Moskva səfəri daha çox nə ilə bağlıdır?
- Rəsmi açıqlamada elan olunub ki, bu səfər Ermənistan-Rusiya diplomatik əlaqələrinin 25 illiyi ilə bağlıdır. Mənim şəxsi qənaətim isə belədir ki, Sarksiyan Moskvaya daha çox gələcək hakimiyyət məsələsini həll etməyə gedir. Sarksiyan özü istəyir ki, prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir kimi ölkəni idarə etsin, nəzarətində saxlasın. Halbuki Rusiya Ermənistana ayrı bir şəxsi baş nazir göndərib. Ola bilsin ki, Rusiyanın ayrı bir planı var. Hər halda hesab edirəm ki, səfərdə Sarksiyan üçün birinci nömrəli məsələ gələcək hakimiyyətdir və Ermənistanın çökən iqtisadiyyatıdır. Bir sözlə, Ermənistana pul lazımdır.

- Qəribədir, Ermənistanda son konstitusiya dəyişikliyi ilə ölkə parlamentli respublika üsul-idarəsinə keçdi, amma Qarabağdakı separatçı qurum referendumla prezident üsul-idarəsini gücləndirdi. Yəni faktiki seçkilər bir-birini tamamlamadı...
- Qarabağdakı separatçı rejim də çalışır ki, hakimiyyətini uzatsın, yaranan durumdan istifadə edərək “prezidenti” gücləndirsin. Bunun da nəticəsində Bako Saakyan 3 il müddətinə imkanlarını genişləndirir.

- Həm də gələcəkdə Sarksiyan Ermənistanın idarəçiliyindən kənarda qalsa, Qarabağdakı separatçı rejim vasitəsilə də İrəvana təsir göstərə bilər...
- Yox. Mən bunu real hesab etmirəm. Düşünmürəm ki, Serj Sarksiyan gələcəkdə Qarabağa gələrək separatçı rejimin prezidenti olacaq və beləcə erməni siyasətinə təsirini hansısa formada saxlayacaq. Məncə, bu inandırıcı deyil.

- Prezident Əliyev Pakistana səfər etdi və məlum oldu ki, Azərbaycan bu dost ölkənin hərbi sənaye məhsullarına diqqəti artırır. Bunu necə qiymətləndirirsiniz?
- Təbii ki, Azərbaycan boş oturmamalıdır və oturmur da. Biz öz yaxın dost dövlətlərimizin dəstəyini qazanmaqla məşğuluq və bu da çox normaldır.

- Ötən ilin aprelində cəbhədə baş verən qısamüddətli müharibədən sonra vasitəçilər dövrəyə girdi, danışıqlar prosesi bir mərhələ üçün aktivləşdirildi. Fevralın 25-26-da baş verən lokal toqquşmadan sonra danışıqlar prosesi fəallaşacaqmı?
- Açığı, mən bu barədə bir söz deməyə çətinlik çəkirəm. Hələlik erməni tərəfi ağıla gəlmək niyyətində deyil. Və iddialarından da əl çəkən deyillər. Ona görə tərəflər bir-birlərini dişinə vurmayınca düşünmürəm ki, danışıqlar yenidən bərpa olunsun.

- Yəni tərəflərdən biri digərini sarsıtmalıdır?
- Bəli! Əgər biz onları hərbi cəhətdən bir də çırpmasaq, onlar ağıla gələsi deyillər.