backend

“RÖVŞƏN ZƏNG EDİB DED XASANA QIŞQIRMIŞDI Kİ..."

“RÖVŞƏN ZƏNG EDİB DED XASANA QIŞQIRMIŞDI Kİ..."


Moskva metrosunun "Novoslobodskaya” stansiyasının yaxınlığında görüş təyin edir. Təmtəraqsız, sıradan bir kafedir. İçəridə stolların üstündəki çaydanlardan bəllidir ki, azərbaycanlıların kafesidir. Amma içəridə əyləşmirik. Əvvəlcədən danışıbmış, ayrıca otağa keçirik. İçəri girən kimi də siqaretini stolun üstünə atıb, gödəkçəsini çıxarır. Söhbətə isə tamam başqa mövzudan başlayır.

- Dostumdur, bayaq məni düşürən. Restoran işlədir, burada yaxında. Milyonu var, amma yenə də köhnə "Volvo”da gəzir. Bilirsənmi niyə?

- Gözə girməmək üçün?

- Xeyr, xeyr, əzizim, həmin "Volvo”da bir vaxtlar Cövhər Dudayev gəzib. Bu da həmin avtomobili Peterburqda kimdənsə alıb. O avtomobilin Peterburqa necə gedib çıxması isə mənə maraqlı deyil, düzü. Amma maşın Dudayevin olub, bu, dəqiqdir. Sonradan bu avtomobili Avropadakı çeçenlər ondan almaq istəmişdilər, dəyərindən qat-qat artıq pul təklif etmişdilər, amma razı olmamışdı. Nə isə… Çay, ya kofe? Bu nə sualdı mən verirəm, bakılı niyə kofe içsin ki?!

Çay sifariş verir. Özü də əncir mürəbbəsiylə.

- Bilirsiniz, yazdıqlarınız kimi deyil hər şey. (Lent.az-da kriminal avtoritetlərlə bağlı yazıları deyir) Uzağı, 10-15 faizi doğrudur. O gün oxuyuram "Piçuqa”dan (hazırda həbsdə olan qanuni oğru Yuri Piçuqin) yazıblar. Az qala Rusiya kriminalitetinin atası kimi təqdim edirlər. Yoxdu əziz qonaq, bitdi. Ded Xasandan sonra bitdi hər şey…

***
Bakılıdır həmsöhbətimiz. Bir vaxtlar Ukraynada özündən söz etdirmiş birisi. İndi vaxtının çoxunu Rusiya paytaxtında keçirir. Kiyevə isə darıxanda gedir, özü demişkən. Bakıya? Yox, illərdir bura gəlmir.