backend

“Putin günlərlə yoxa çıxır, sinəsindən xaç heç vaxt əskik olmur” - EKSKLÜZİV

“Putin günlərlə yoxa çıxır, sinəsindən xaç heç vaxt əskik olmur” - EKSKLÜZİV

Rus yazar Aleksandr Proxanovdan “Yeni Müsavat”a sensasion açıqlamalar: “Bəli, indi biz beşinci imperiyanı qururuq”

Moskvada rastlaşdığım ilk dükandan özümə təzə gündəlik dəftərçəsi aldım. Qəribədir, bu, məni bərk ilhamlandırdı. Səhər tezdən durub həmin dəftərlə Moskva küçələrinə çıxıram. Bilirəm, bu dəftər, bu qələm özü məni lazımi ünvanlara gətirib çıxaracaq. Təzə dostlar, təzə görüşlər, təzə sevgilər bəxş edəcək mənə.


Məni həmişə ruslar həddən artıq çox sevib. İlk dəfə 1968-ci ildə baş verdi bu ağrılı sevda. O vaxt bərk xəstəydim. Əcəl məni hərləyirdi. Ağzım qup-quruydu. Həkimlər məni su içməyə qoymurdular. Ancaq dodaqlarımı yaşlayırdılar pambıqla. Bir gün yataqda uzanıb ölümü gözlərkən, qəfildən gün işığı düz gözlərimin içinə vurdu. Göz qapaqlarımı birtəhər qaldırıb qarşımda 8 yaşlı bir rus qızını gördüm. Sonra həkim girdi otağıma. Mənə dedilər ki, sən yaşamalısan. Dedilər, ayağa qalx.
Ayağa qalxınca ilk ağrı məni sarsıtdı. Ayaq dabanlarım çartlamışdı susuzluqdan. Həkim bir tərəfimdə, qızcığaz o biri tərəfimdə birtəhər qoluma girdilər. Dartıb gətirdilər məni həyətdəki gün işığına. Dedilər - yaşa...addımla...

“Putin günlərlə yoxa çıxır, sinəsindən xaç heç vaxt əskik olmur” - EKSKLÜZİV


Qorxurdum öz ilk addımımdan. Sol ayaq pəncəmi bir müddət havadan asılı vəziyyətdə saxladım. Basanda day ağrı-filan yoxdu. Yaşamaq olardı artıq...

İndi yenidən bu vəziyyətdə Moskvaya çıxıram.


Ünvan Qızıl meydan, Kremlin al ulduzlarıdır.


***


Moskva Kremlinin ümumi sahəsi təxminən 28 hektardı. Niyə məhz 28? Hə, bax, bu çox maraqlı bir sualdı. Ay cismi, göydə 28 gün yaşayır. 14 gün doğur, 14 gün ölür sanki. Bu vaxt həmin Ay cisminin, Ay nurunun yerdəki hərəkət marşrutu, belə deyək, yol trayektoriyası təxminən elə 28 hektar ərazini əhatə edir özündə. Yəni bu, bir Ay meydanıdır. Ayın hər 28 mənzili burda bir rəmzlə işarələnib. Təzə ayın işıqlandırdığı 14 hektar ərazidə Rusiya ali dövlət rəsmilərinin, o cümlədən Vladimir Vladimiroviç Putinin iş kabineti yerləşir.


Yerdə qalan 14 hektar ərazi o qədər də uğurlu sayılmır. Dünya təcrübəsində, oxşar 28 hektarlıq meydanlara rusca “Plohad dvux lun” deyilir. Yəni Kreml daxilində iki fərqli meydan mövcuddu - bir tərəf ağ ayın ixtiyarındadır, digər tərəf isə necə deyərlər, qara ayın. Deyilənə görə, qədim Kəbənin ilkin ərazisi də eynən bax bu cür 28 hektar olub.

“Putin günlərlə yoxa çıxır, sinəsindən xaç heç vaxt əskik olmur” - EKSKLÜZİV

Qızıl meydanla ilk tanışlığımı “Naməlum əsgər” abidəsi önündə bir dəqiqəlik sayğı duruşu ilə başladım. Sonra ətrafa diqqət etdim. Münasib bir yer axtarırdım ki, ordan Kreml, Rusiya, sirli-sehirli rus ruhuyla birbaşa təmasa keçim. Qəfil qarşımda nəhəng “56 saylı yeməkxana” lövhəsini görüb, həəəə, nəhayət, barmağımı dişlədim. Öz-özümə dedim: “56 yaşım var. Bu, işarədi. Yəni məqam burdadı. Əyləş burdakı kasıb stulların birində. Məhz bu nöqtədən sadə, kasıb rus xalqını izlə özünçün”.


Əla. Müşahidə nöqtəmi düzgün seçmişdim. Qarşımdakı rus xalqıydı. Sadə. Kasıb. Ancaq çox qürurlu. Dikbaş. Öz sərtliyini, azca vəhşiliyini gizlətməyən bu sarışın insan kütləsi, uzun bir növbə təşkil edib aramla, nizam-intizamla qarşımdan keçib yeməkxana kassasına tərəf yaxınlaşırdı. Əlindəki siniyə kefir, armud kompotu, qara çörək tikələri, borş, kələm turşusu yığmış bu xalq öz sərt, çox amansız taleyinin min cür sınağından həmişə alını açıq, üzü ağ çıxıb. Bu, qalib xalqdı. Kasıb görünsə də, eyni halda həm səxavətli, həm də qənaətcil görünür. Aza qanedir. Yaşayış minimum olsun, bəsidi - dünyanı öz qarşısında diz çökdürəcək. Bizlər kimi, uduzmağa, ağlamağa, sızlamağa, saysız matəm günləri keçirməyə qətiyyən alışmayıb. Ona bayram ver, qədəhinə azcana şərab süz, bir tikə qara çörəyini qoy qarşısına, vəssalam! Möcüzələr baş verəcək.

“Putin günlərlə yoxa çıxır, sinəsindən xaç heç vaxt əskik olmur” - EKSKLÜZİV


Rus xalqının bu nadir, təkrarsız cəhətlərini rus yazarı Aleksandr Leskov özünün məşhur “Solaxay” romanında gözəl qələmə alıb. Mənim də eyni adlı romanım mövcuddu. Hiss edirəm bu “solaxay” mövzusu Kreml, rus ruhuyla tanışlığıma müəyyən bir çığırdı. Bu cığırla sola getsəm, mütləq lazımi ünvanlara çıxacam. Bu cığırda rastlaşacağım baş solaxay isə bir gün məhz Vladimir Vladimiroviç Putin olacaq bəlkə də. Hələlik onunla görüşməsəm də nəfəsini, hənirini hiss edirəm öz qarşımda. Ondan isti yox...soyuq, amansız şaxta vurur sifətimə. Putinin bu hənirini, istisini deməzdim...yox...soyuğunu, şaxtasını mənə gətirmiş kəs indi qarşısında durduğum məşhur rus yazarı Aleksandr Proxanovdu. Dediyinə görə, indicə Kremldən, prezident Putinlə görüşdən qayıdır.

“Biz ruslar heç vaxt yadlara boyun əyməmişik. Ancaq hər yoldan keçən öz əclafımıza kölə ola bilərik”

Çalışıram ondan bu insanın qoxusunu alım. Hiss edim kimdi bu kəs, bu solaxay oxşarım. Görüm necə oldu ki, son bir il ərzində rus xalqı möcüzələr silsiləsi göstərərək öz düşmənlərinin dizini bir-bir vurdu yerə. Necə, ABŞ-da seçki kampaniyasına müdaxilə etdi, Amerika kəşfiyyatının bütün fayllarını ələ keçirtdi bir göz qırpımında. Türkiyəni, yəni köhnə Bizansı öz təsir dairəsinə alaraq, nəhayət, Bosfor sahillərinə çıxdı? İran, Turan, Suriya zirvələrinə qalxmış bu ikibaşlı vəhşi qartal üçün indi növbədə kimdi görəsən? İndi kimin gözlərini dimdikləməyə hazırlaşır?


Aleksandr Proxanov - ağır çəkili rus yazarı, ictimai-siyasi xadim mənim bu suallarımı cavablandırmağa çalışır indi. Ona ilk sualım belə oldu:


- Rusiyanın, ilk növbədə prezident Putinin son uğurları, silsilə qələbələri dünya jurnalistlərinin dilindən düşmür. Fenomen, rus yazarı Leskovun “Solaxay” əsərini xatırladır. Solaxay qəhrəman, deyəsən, yenidən “birəni nallamağı” bacarıb, eləmi, hə?


- Söhbət “rus möcüzəsindən” gedir orda. Biz ruslar möcüzəyə, qələbəyə, ixtiralara, fövqəlinsan xüsusiyyətlərə meyilliyik. Ancaq rus xalqıyla ilk tanışlıq aldadıcı olur həmişə. Bu xalq sadədən sadə, lay divar kimi düzdü. Əyriliyi qəbul etmir. Eyni halda, yad gözlərdə heç də xoşagəlməz görünmür. Bizim, qəribədir, ilk növbədə qüsurlarımız girir gözə, nəinki uğurlarımız. Bəli, bizdə tənbəlliklə dəhşətli iş tempi qoşadır. Ayrılıqda deyil. Bizdə nə varsa, öz ziddiyyəti ilə birlikdədir, vəhdətdədir. Digər xalqlar bu ziddiyyətləri çoxdan həll ediblər sanki. Bir-birilərindən xeyli kənarda saxlayırlar bu mənfi, müsbət cəhətlərini. Biz yox...


“Putin günlərlə yoxa çıxır, sinəsindən xaç heç vaxt əskik olmur” - EKSKLÜZİV

- Rus möcüzəsi, görünür, belə şəraitdə yarana bilərmiş ancaq.


- Razıyam. Biz ruslar heç vaxt yadlara boyun əyməmişik. Ancaq hər yoldan keçən öz əclafımıza kölə ola bilərik. Mütilik, itaətə meyillilik də var bizdə. Nöqsanlarımız saysızdı. Ancaq bir də görürsən möcüzə baş verdi-misal üçün, bir solaxay, çəp, kobud, sadəhal adam gəlib bu nöqsanların hamısını həm təkrarladı, həm də məhv etdi bir an içində. Kosmosa öz raketlərini, Qaqarini buraxdı. Sualtı qayıqlardan Londonun, Vaşinqtonun düz ürəyini nişan aldı. MKİ-nin bütün müdafiə sistemlərini alt-üst edib faylların hamısını sovurub apardı. Bütün xalqı mənzillə, işlə təmin etdi, pulsuz səhiyyə, təhsil sistemi qurdu. Öz aclarıyla kifayətlənməyib bütün dünya aclarını da yığdı başına, onları oxutdu, adam etdi. Day bilmədi ki, bir gün həmin aclar toxtayınca mütləq öz xilaskarlarını keçi qiymətinə Sem əmiyə satacaq. Ruslar, bir solaxay kimi, bütün mümkün, hətta mümkünsüz səhvləri buraxacaq. Ancaq axırda qələbə mütləq onun, bu solaxayındır. Axırda o, mütləq öz niyyətinə çatacaq. Rusiya xokkeyçiləri kimi, qələbə kuboku ilə qayıdacaq öz vətəninə.


Bəli, biz kobuduq. Çiynimizin bircə toxunuşuyla təkcə bufeti deyil, ölkələri, qitələri aşırda bilərik. Biz həm gerizəkalı, həm də çox futurist, gələcəyə açıq xalqıq. Şanlı keçmişimizlə, öz dostlarımızla anında vidalaşıb meşədə tək-tənha qala bilərik bir müddət. Yolumuzu itirə bilərik. Ancaq məhz bu andan başlayaraq həmin rus meşəsi möcüzəli məkana, sirli məkana çevrilir bizim üçün. Xilasedici bir ruh, meşənin düz göbəyindən doğaraq gəlib xalqımızı bütün əzablardan qurtarır. Bizim qadınlar ayı ovuna çıxsa, dünyada silkələnmələr, inqilablar baş verir, saatın kəfkiri başlayır durmadan sağa-sola hərəkət etməyə. Ancaq necə olur ki, Allah-təala, tarixi qanunauyğunluq dünyanın altıda birini məhz bu xalqa etibar edib həmişə, hə, sizdən soruşuram?


***

“Putin günlərlə yoxa çıxır, sinəsindən xaç heç vaxt əskik olmur” - EKSKLÜZİV


Rusiya Baş Ordu Qərargahının tam qonşuluğunda yerləşən bir kabinetdə səslənən bu çılğın cavablar məni bir an sarsıtdı. Heç inanmazdım ki, söhbət zamanı Aleksandr Proxanov qəfil söhbətin qavalını dəyişəcək. Suallarımın cavabını həm də elə özümdən-sadə Azərbaycan solaxayından eşitmək istəyəcək özü üçün.


Sükutum çox çəkmədi.


- Bütün xalqları, o cümlədən həm rus, həm Azərbaycan xalqlarını bir vacib cəhət birləşdirir. Xalqlar, şüura deyil, üst və altşüura inanır. Xalq, ona ölüm, xəstəliklər, əzab gətirən məntiq aləminə, şüura öz taleyini nədi? Heç keçisini etibar etməz. Buna görə...

300px-ProchanchickStalin.jpg (15 KB)


Söhbətin bu məqamında Proxanovun səsi girdi araya. Nəhayət, bir nöqtədə fikirlərimiz birləşdi. Bir də haçalanmadı.
- Buna görə xalq şüura biət edən ziyalılara deyil, Putin kimi solaxaylara, Stalin kimi altıbarmaqlılara, Lenin kimi göbələk həvəskarlarına etibar edir həm öz taleyini, həm də Rus imperiyasının taxt-tacını. İkibaşlı qartal məhz bu vaxt hökmdarın çiyinləri üzərinə qonur. Buna görəmi bu gün Navalnının Moskvadakı etiraz aksiyasına ancaq ziyalılar, məntiq aşiqləri, marginallar qoşulur, sadə çox milyonluq rus xalqı deyil?


- Əlbəttə. Xalq imperiya istəyir, ölkə istəmir. Xalq ucsuz-bucaqsız, nəhayətsiz rus meşəsində öz layiqli qəhrəmanını tapıb. Öz möcüzəsini tapıb. Bu ecazkar şəxs bilirsiz də kimdi?


Dilim bəzi sözləri kəkələyib bircə cümləni düz tələffüz edir lap axırda.


“Putin günlərlə yoxa çıxır, sinəsindən xaç heç vaxt əskik olmur” - EKSKLÜZİV

- Putin - ona cavab verirəm.


- Özüdür ki, var. Xalq bu möcüzəni onda tapıb.


- Demək, Leskovun “Solaxay” əsəri yenidən gündəmdədi? Demək, solaxay yenidən birəni - yəni anqlosakson hədiyyəsini nallamağı bacarıb? Kəşfiyyat müharibələrində misilsiz qələbələr əldə edərək Türkiyəni, İranı, Yaxın Şərqi, ABŞ-ı sarsıdıb, hə? Öz qələbə bayrağını MKİ baş ofisi üzərinə sancıb nəhayət ki?


Sualım Proxanovun ürəyindən olur.


- Bizim bu möcüzəmizi indi digər xalqlar açır özüyçün. O cümlədən həm də siz.


- Siz imperiya sözünü gətirdiniz dilinizə.


- Bəli. İndi biz beşinci imperiyanı qururuq. İlk İmperiya Kiyev Rusiyasıydı. İkinci, Rüryukların Moskva dövləti. Üçüncüsü Romanov xanədanı. Dördüncü imperiyanın rəngi qırmızıydı.


- Bəs indiki, beşinci imperiya nədi?


- O artıq yad əraziləri deyil, oxşar ruhları birləşdirəcək özündə. Yəni Azərbaycanın ərazisi deyil, ruhu, imanı, bütün təmizliyi lazımdı bizə. Nefti deyil, qazı deyil, ruhu məhz.


- Bəlkə mistikası, hə? - deyib dərin sükuta qapılıram.


***


Sol pəncərədə gördüyüm Rusiya Baş Ordu Qərargahının nəhəng binası bir az da böyüdü bu an mənim gözlərimdə. Üzərindəki ikibaşlı qartalın dimdiyi qəfildən parıldadı öz-özünə. Proxanovun zəif gözlərində də sanki bu işartı əks olundu elə bil. Bunu görüncə mistika mövzusunu bir az da qabartdım.


- Bakıda, “Salyan kazarması” tərəfdə qədim bir rus ordu kilsəsi var. Kilsənin isə özünüz bilirsiz, həm öz ikonası olur, həm bir çox gizli sirri. Bu kilsənin də oxşar ikonası mövcuddu. Adına, “Azərbaycan ikonası” deyilir. Bilirsinizmi nə hiss etdim bu ikonada?


Sualım Proxanovu, deyəsən, bərk maraqlandırdı. Zəif gözləri azcana alışdı.


- Nə hiss etdiniz bu ikonada? -Proxanovun mənə növbəti, ikinci sualı cavabsız qalmadı.


- Azərbaycan, faktdı, bir müddət Rusiya tərkibində olub. İndi qoy bir müddət, yaxud tam müddətsiz olaraq bir rus ikonası tərkibində olsun. Ruhlarımız bu növbəti dəfə beləmi birləşməlidi.


- Bəli. Ərazilərimiz deyil, ruhlarımız birləşməlidir bu dəfə. İkonaların bir cəhəti var - qarşısında çox duat et, ağla, niyyətini pıçılda. Bir gün bu ikona mütləq buna cavab verəcək. Diriləcək. Kremlin özü bax bu cür dirilmiş daş ikonanı xatırladır.

- Putinin öz ikonası varmı? Cavab verirmi həmin ikona Putinin dualarına?


- O, mistikdi. Hərdən günlərlə yoxa çıxır. Sinəsindən xaç heç vaxt əskik olmur. Dualarının hənirinə şamın şöləsi oynayır hərdən. Bunu kənardan müşahidə etmək çox təsirlidir.


- Bu xoşbəxtlik sizə müyəssər olubmu heç?


- Əlbəttə. Xalqlarımızın bu dəfə əraziləri deyil, mistikaları, ruhları birləşəcək. Tale Azərbaycan Rusiya xalqlarının ruhunu Nizamidən üzübəri çoxdan birləşdirib. Heç kim, heç bir yad qüvvə bu taleləri bir-birindən ayırmaq qüdrətində deyil artıq.


Həmid HERİSÇİ