backend

Qanlı öncəgörmələrim – Həmid Herisçi yazır

Qanlı öncəgörmələrim – Həmid Herisçi yazır




Sol əlim, dəfələrlə sınamışam, özüm ölüm, sağ qolumdan qatqat həm ağıllı, həm də uzaqgörəndir. Niyə? Darıxmayın. İndi sizə deyərəm nəyə görə.

***

İlk dəfə sol əlimin ağıllı, dərrakəli olduğunu Elmlər Akademiyasının sakit kitabxanasında hiss etdim. Yadıma gəlir, 1988-ci ilin soyuq dekabr ayıydı. Akademiya qarşısındakı həyətdə həm pişik çoxdu, həm də pişikləri yemləyən rus nənələr. Şəhər göyərçinləri də, yaxşı yadımdadı, həmin bu bərəkətli ünvandan adətən yan ötməzdilər. Əvvəlcə başımız üzərində bir-iki dairə vurar, təhlükəsiz bir nöqtə tapınca, qanadlarını gen açaraq sürətlə aşağı şığıyardılar.
Yaxşı yadımdadı, bütün bu mənzərələrin o günkü növbəti cansıxıcı təkrarını axıracan izləmədim. Kitabxanaya tələsirdim. Bilirdim ki, bu gün kitabxanaya Moskvadan təzə jurnallar toplusu gələcək. “Smena”, “Oqanyok” kimi jurnalların rəngli üz qapaqları artıq xəyallarımda canlanırdı.

Sürət yığıb Akademiyanın qranit pillələri üzərinə sıçramağım, ikinci mərtəbədəki kitabxanaya yetişməyim çox yox, bir-iki dəqiqə vaxt aldı məndən. Dəhlizdəykən həmkarlarımdan biriylə elə atüstü salamlaşdım. Yazıq, əlində sabın qabı, ayaqyoluna tələsirdi. Yaddaqalan canlı mənzərəydu bu, vallah. Sonra sakitləşib cansız müqəvvaya döndüm elə bil. Ağır qapını aralayıb oxu zalına sakitcə daxil oldum. Uzun rəflərə düzülmüş rəngli, ətirli Moskva jurnallarını görüncə yamanca həyəcanlandım. O jurnalı götürüb vərəqlədim, bu jurnalı... “Elm və həyat” dərgisinin təzə saylarını xəlvətcə ayırıb qoydum özümçün bir kənara. Bu vaxt qəfil qısa qapanma baş verdi beynimdə elə bil. Vallah, özümdən biixtiyar sol əlim hərəkətə keçdi. Başladı tozlu rəfləri öz-özünə diqqətlə eşələməyə. Düzü, elə bil nə axtardığını bəribaşdan bilirdi həmin bax bu sol biləyim. Birdən o, sakitləşib yerindəcə donub qaldı. Taxçadakı “Sovet etnoqrafiyası” jurnalını hədəf seçdi özünə. 1988-ci ilin son nömrəsini rəfdən çıxarıb vərəqləməyə başladı.

Başqası yerimdə olsa, təkcə elə o kitablarla, jurnallarla kifayətlənməz, arada fürsət tapıb kitabxanaçı qızlarla da tanış olmağı unutmazdı. Ancaq məndə o fərasət yoxdu əzəldən. Var diqqətimlə girişmişdim qarşımdakı qiraət nümunələrinə. Dünya-aləm, qaş-gözü qaynayan kitabxanaçı qızlar əsla gözümdə deyildi.

***

Jurnalın xüsusən axır 12-ci nömrəsi, vallah, çox maraqlı göründü mənə. Jurnal redaksiyasında 1989-cu ildə keçiriləcək tədbirlərin siyahısı, müzakirə mövzularının anonsu, düzü, əvvəlcə məni xeyli dərəcədə vahimələndirdi. Anonsların çoxu Qarabağ mövzusuyla birbaşa əlaqədardı. Gələcək müzakirələrdə Qalina Staravoytovanın fəallığını görüb anında necə deyərlər barmağımı dişlədim. Anons siyahısına bir də baxıb təəssüflə başımı sağa-sola yellədim.

Bəli...bir də bəli... Gözlərimə inanmırdım. Gələcək 1989-cu ildə Qarabağda keçirilməsi planlaşdırılan siyasi təxribatların tam siyahısı idi bu. Qısası, ustacasına hazırlanmış operativ əməliyyat planı beləydi - əvvəlcə Qarabağda növbəti təxribat törədilir, sonra ortaya Staravoytova atılırdı. SSRİ Etnoqrafiya İnstitutunda həmin təxribat mövzusu necə deyərlər geniş ictimaiyyətin iştirakı ilə müzakirəyə çıxarılırdı. Ən vacibi - xarici yad qüvvələr, müxbirlər də qatılırdı bu geniş müzakirələrə.

O gün iş otağımdakı işığı demək olar söndürmədim. Səhərəcən siyahını öyrənib lazımı qeydlər etdim nimdaş cib dəftərçəmdə. Səhər çağı dan yeri söküləndə ermənilərin 1989-cu ildə Qarabağda törədəcəkləri təxribatların tam siyahısı artıq mənə aydındı.

“Undervood” markalı yüz yaşlı yazı makınam, bəli, gün boyu dinclik nədi bilmədi. Təxribatların dəqiq tarixini, ünvanını, mövzusunu kağız üzərinə köçürüb atamın məsləhətiylə göndərdim ölkə rəhbərliyi adresinə. Dəqiq desək, ünvan beləydi - Moskva, Kreml.
Özümü əvvəlcədən sığortalayırdım. Ərizəmin bir surətini Azərbaycan SSR rəhbərliyinə də göndərməyi unutmadım. Son qənaətim beləydi- “SSRi-dəki tam məxfi xarici agentura mərkəzi, işə bir bax, Moskvadakı Etnoqrafiya İnstitutu ərazində yerləşir. İnstitut çoxdan bəri Kremlin deyil, xarici ölkələrin maraqları qulluğundadır. Ölkədəki millətlərarası konfliktlərə aid tam məxfi sənədlər toplusu, məncə, institut rəhbərliyi tərəfindən Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə ötürülüb. Lenqlidəki “uzun plaş və xəncər cəngavərləri” məhz bu sənədlər əsasında Qarabağda milli ədavəti qızışdırırlar. Milli zəmində növbəti təxribatlar Osetiya, Çeçenistan, Moldova, Baltikyanı ölkələr, Orta Asiyanın Fərqanə vadisində gözlənilir”.
Yazdığım bu uzun arayışa qarşıdakı təxribatların dəqiq ünvanını, tarixini də əlavə etməyu unutmamışdım.

Nəhayət, otağımdakı sarı işığı söndürüb cırıltılı çarpayıma uzandım. Yorğanı çəkdim başıma. Gələcək taleyim ipdən asılı vəziyyətdəydi. Ya mən, hadisələrin tam zirvəsinə yüksələcəkdim, yaxud məni, bir Allah bilir, aparıb hansı qazamata basacaqdılar bu ölkədə.

***

Güzgüdəki əksimi tanıya bilmirdim. Boş, kimsəsiz küçələrdə saatlarla yol gedirdim kölgəm özümdən qabağda. Əsəblərim tarıma çəkilmişdi. Qapı açarım, hər dəfə yırtıq cibimə ilişəndə, yadımdadı, hövsələdən lap çıxırdım. Digər tərəfdən, maaşım azdı, cüzi xərclərimi belə görmürdü. Boş poçt qutuma hər gün bir səhər baxardım, bir də axşam. Pul cüzdanımı növbəti dəfə boş görüb lap əsəbləşdim. Balaca bacım qızının pul daxılına möhtac qaldım bir müddət. Dəfələrlə ordan icazəsiz pul götürməyimi indiyədək özümə bağışlaya bilmirəm.
Axır, məxfi məktublarıma cavab gəldi- ancaq yazılı deyil, bir növ belə deyək “canlı şəkildə”. Məni Mərkəzi Komitəyə dəvət etdilər. Palıd qapını çətinliklə aralayıb içəri necə daxil olmağımı indiyədək unuda bilmirəm..

- Tanış olaq, Aleksandr Henrixoviç Pisman. Mərkəzi Komitənin xüsusi təlimatçısı. Şahmat çempionu Harri Kasparovun kurasiyası mənə həvalə olunub, bilin. Düşünün niyə məhz siz bu gün mənim növbəti hədəfimsiz?

Şahmat ustasının, dünya çempionunu boşlayıb mənlə maraqlanması, düzü, tam gözlənilməzdi mənimçün:

- Nə deyim... Baxarıq. Şahmatda elə də güclü deyiləm.

1990-cı il qanlı 20 yanvar hadisələrindən bizi cəmi bir-iki gün vaxt ayırırdı. Aleksandr Pisman dirsəklərini masaya dirədi. Ovuclarını üzü səviyyəsində birləşdirincə keçdi əsas mətləbə:

- 1989-cu il hadisələrinin qanlı xronologiyasını, maraqlıdır, əvvəlcədən hardan, hansı qaynaqdan bilirdiz? Adətən bu cür şahmatçılar düşünür. Gələcəyi əvvəlcədən görürlər. Deyirsiz ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi öz qərargahını SSRİ Etnoqrafiya İnstitunda qurub, hə? Deyirsiz institut arxivindən ciddi sənədlər oğurlanıb? Hardadı bu iddialarınızın ilkin qaynağı?

Mənbələrimi gizlətdim. “Sovet Etnoqrafiyası” jurnalı barədə heç nə demədim bu şahmat ustasına. O, müştəri gözüylə bir də mənə baxıb təəssüf hissini gizlətmədi.

- Yeriniz bura deyil. Qoşulun mənə. Sabah gec olacaq. Karyeranızı təmin etməyə hazıram. Bu da Moskvadakı telefon nömrələrim. Məktubunuzdan təbii ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin də xəbəri var. Seçiminizi edin...

- Nə bilim... Şahmatçı olmağa hazır deyiləm. Bakıda vəziyyət gərgindir. Sonra baxarıq. Xəsis cavabımı sanki kəlbətinlə, güclə daxilimdən çıxarıb, icazə almadan qapıya tərəf getdim.
Aşağıdakı girişdən soyuq yanvar havasına çıxmağım elə bil siqnal işarəsi oldu. Kimsə əlinə dəmir dəyənək götürərək onu var gücüylə üzərinə “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi” yazılmış qırmızı lövhəyə çırpdı. Çilik-çilik olub yerə tökülən o al lövhə rəmzi məna qazandı bu vaxt mənimçün.

Hiss etdim ki, köhnə həyatımız da eyni cür çılık-çilik olub ayaqlarımız altına tökülür.

***

Sonrakı hadisələrin dəli axarı məni götürüb, bir Allah bilir, hansı qəliz ünvanlara apardı. Bir də gözümü açıb gördüm ki, çox, olduqca çox gözəl bir xanımın yataq odasındayam.

- Tanış olaq, Svetlana Belyakova... Moskva ətrafında Kotelniç şəhəri var. Ordakı KQB məktəbi məzunuyam. Məxfi sənədlər üzrə nadir mütəxəssislərdənəm. İndi Kirovobaddakı aviakassada işləyirəm. Hava limanındakı pasport işi bütünlüklə mənim öhdəmə buraxılıb. Sənə bilet lazım oldumu, başqasına deyil, elə həmişə mənə müraciət et.

Bilet söhbəti, təbii, tanışlığımız üçün bir bəhanəydi ancaq. Bir gün tez, iki gün gec olsun, fərqi yoxdu, məqamı çatanda, bilirdim, bu qadın da mənə Kremlə göndərdiyim məktubla əlaqəli suallar verəcək. Bu da özünü çox ləngitmədi. Növbəti dəfə yataqdan qalxıb mətbəxə keçərkən Svetlana qəfil gözlərimə zilləndi:

- Nə baş verəcək bəs bu il? Ötən ilki öncəgörmələrin özünü tam doğrultdu axı...

Cavabımı gözləmədən Svetlana arxasını mənə çevirdi. Qəhvədanı qaz piltəsi üzərinə qoydu. Dadlı qəhvədən içmək şansı, sanki verəcəyim cavablardan tam asılıydı.

Suala, sualla cavab verdim:

- Əvvəlcə mənim sualımı cavablandır. Tanışlarımın birinə əskərlikdə bax bu xasiyyətnaməni veriblər. Orda qara həriflərlə ağ kağız üzərində yazılıb ki, bəs bu oğlandan yaxşısı yoxdu bütün Sovet ordusunda. Guya bu sənəd, hüquq fakultəsinə daxil olmaq üçün əlavə imtiyazlar verir öz sahibinə. Əməldəysə əks nəticəylə üzləşirik. Moskvadan tutmuş Bakıyadək üzümüzə bütün qapılar çırpılır. De görüm axı niyə?

Qəhvənin xoş ətri bu an burnuma dolub beynimi dumanlandırsa da, Svetlanı onu fincanlara süzməyə tələsmədi.

- Sən, yazılı mətnə aludəsən. Sənəddəki sıra nömrələrinə əsla fikir vermirsən. Mən isə həmişə bu şifrələrə baxıram. Yazıya əlavə vaxt sərf etmirəm. Deşifrə edimmi sənəddəki əsl mətni?

Svetlana qəhvədanı od üzərindən vaxtında götürüb daşmağa qoymadı. Qəhvəni cıqqılı fincanlara səliqəylə süzdü. Ətrini sinəsinə çəkincə sənədi əlinə aldı:

- Burda başqa məlumatlar var dostun barədə... Yazılıb ki, bəs o, yaltaqdı. Karyera xətrinə nə desən edər. Vətənini də satar, ən yaxın uşaqlıq dostunu da...

Cümlənin axırını deşifrə edərkən Svetlana azcana yavaşadı. Baxışlarını aramla gətirib gözlərimə sancdı. Sonra gözləriylə fincanımı göstərdi.

- İç. Sənsən onun uşaqlıq dostu, eləmi, hə?

- Bəli. Mən – deyərkən ağzımın quruduğunu hiss etdim.

Hə, indi susa-susa, başımızı yırğalaya-yırğalaya qəhvə içməyin, dəlicəsinə sevişməyin, bəli, tam vaxtı gəlib çatmışdı hər ikimizçün.

Dövlət sənədlərindəki iki fərqli mətni oxumağı mən bax o zaman bu gözəl xanımdan öyrəndim. Əvəzində öz sirlərimi də Svetlanayla bölüşdüm.

***

21 noyabr 1991-ci il məşhur helikopter qəzası zamanı aramızda elə qəribə, müəmmalı hadisə baş verdi ki, mən onu indi yazmaya bilmərəm. Həmin gün Svetlana gözümə əvvəlkindən daha kədərli, qüssəli görünsə də istəmədim bunu ona bildirim. Süfrəyə beş ulduzlu erməni konyakını qoyub qarşımdakı televizorun düyməsini basdım. Köhnə sovet televizorunun qızmağı, canlanmağı bir-iki dəqiqə vaxt istədi bizdən. Ekrandan klassik musiqi ifasını eşidib bildim ki, ölkədə matəmdi. Deyəsən qanlı bir hadisə baş verib, yaxud tanınmışlardan kimsə dünyasını dəyişib.

Bir də baxdım ki, Svetlananın mavi gözləri dolub. Göz yaşları yanaqları boyu aşağı axır. Bir müddət belə davam etdi.

- Gəl prokuror İsmət Qayıbovun xatirəsini bircə saniyəlik sükutla anaq. Rəhmətlik yaxşı oğlandı. Aramızda münasibətlər olub...yazığı yaxşı tanıyırdım...

Qəza barədə heç bir rəsmi məlumat efirdən səslənməmişdi hələki. Partlayış barədə üstəlik hələki heç nə eşitməmişdim. Ancaq qəribədir, Svetlana deyəsən Madrid sarayının sirlərini öncədən eşitmişdi. Qayıbovun faciəli sonuna hamıdan əvvəl agahdı. Necə, hardan? Deyə bilmərəm.

Gördüyüm, bildiyim hələki bu gözəl xanımın niskilli göz yaşlarıydı, vəssəlam.

Beş-altı dəqiqə sonra diktor Rafiq Hüseynov efirdən elan etdi ki, bəs Qarakənd yaxınlığında qəza baş verib, helikopter düşüb, həlak olanlar sırasında xeyli dövlət rəsmisi var. O cümlədən baş prokuror İsmət Qayıbov...

Svetlananın göz yaşlarını, lal, səssiz kədərini axıracan izləyib axırda bircə sual verdim bu gözəl xanıma:

- Sən hamıdan əvvəl hardan bilirdin ki, qəza baş verib? Dövlət rəsmiləri, Qayıbov həlak olub? Hardan?

Yalan-filan, düz sözümdür, görmədim Svetlananın əzablı sifətində. Tam tərsinə, böyük hüzn, hüdüdsuz kədər hiss etdim bu çöhrədə. İkimiz də eyni anda erməni konyakına baxıb başımızı buladıq.

- Bu cür məxfi əməliyyatlar, unutma, sonralar tirajlanıb başqa yerlərdə təkrarlanır. Oxşar hadisə bir başqa ünvanda baş versə, sualını təzədən ver mənə. Bəlkə o vaxt cavabını verdim. İndisə məni tək burax.

***

Oxşar faciənin təkrarı özünü çox da gözlətmədi. 4 aprel 1994-cü ildə uzaq Afrika qitəsində, Ruanda səmalarında bizim helikopter qəzasını tam təkrarlayan bir partlayış baş verdi. Ruanda prezidenti Jüvenal Xabrayariman, Burundi həmkarı Ntaryamir uçduğu təyyarədə idarəolunan raketdən vurulub partladıldılar. Nəticədə ölkə əhalisini təşkil edən tutsi və xutu tayfaları öz qiblələrini itirib aralarında vəhşi qırğına başladılar. Az müddət ərzində hər iki tərəfdən ölənlərin sayı bir milyonu aşdı.

Bəli, Svetlananın dediyi kimi hər iki partlayışın səbəbləri, nəticələri təxminən eyniydi.
Svetlanaya zəng edib əhvalatı danışdım. Dedim, ermənilərlə bizlərə uzaq Afrikadakı tutsi və xutu tayfaları da qoşulb başlayıblar öz aralarında qırğına.

Svetlannın cavabı qısaydı:

- Gördünmü? Tək sən deyilsən öncəgörən. Mən də bunu bacarıram. O cür əmliyyatlar kəşfiyyat qurumlarında standart alıb tam sənədləşdirilir. Uğurlu əməliyyat kimi başqa ünvanlarda da təkrarlanır. Allah rəhmət etsin İsmət Qayıbova...

Telefon dəstəyini bir müddət əlimdə saxlayıb yerinə qoya bilmədim. Dəstəkdən gələn kəsik səslərdə elə bil sonrakı başqa lal suallarımın da gecikmiş cavablarını eşidirdim.

***

Deyilənə görə bütün izlər Amerika ordusunun Kanzas ştatındakı Fort-Livenuort bazasına gedib orda birdəfəlik itir.

Ruanda səmasını raketatan mərmisiylə düz ortadan yırtan canilər bu ünvanda məxfi təlim keçmişdilər.

Cinayətlərin təkrarlanma azarı var. Bunu unutmasaz siz də mənim kimi öncəgörən olacaqsız.