backend

Rəsul Quliyev od püskürdü: "Xalqı bu səviyyədə qoyun yerinə qoymaq olar?"

Rəsul Quliyev od püskürdü: "Xalqı bu səviyyədə qoyun yerinə qoymaq olar?"
Rusiya prezidenti Vladimir Putinin hər il birbaşa efirdə “xalqın” suallarına cavab şousu başa çatdı

“Putin erası qurtarmamış Rusiyada heç vaxt inkişaf ola bilməz” aksioması bir daha təsdiqləndi.


Politika.Az xəbər verir ki, bunu Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev deyib. R.Quliyev qeyd edib ki, stalinizmi özünün əsas meyarı seçmiş prezidentə 12 yaşlı uşaq Putinin komandasının azı bir ay hazırladığı və onun əzbərlədiyi sualı verdi: “Siz batan Ərdoğan və Paraşenkonun hansına birinci əl uzadıb xilas edərdiniz?”:

“Partiyası birinci dəfə seçkilərdə uduzmuş, ikinci dəfə 1-2 faiz səslə qalib gələn Ərdoğanla və ya bir aydan çoxdur hökumət qura bilməyən Ukrayna prezidenti Poroşenkonu xilas etmək istəyində olan missioner Putin o sualı elə gözləyirdi ki, heç xəcalət çəkib gözünü də qırpmadı, peyğəmbərlik etməyə başladı. Bu şəxsin 100 milyard dollarlıq malı-mülkü olması artıq sübuta yetirilib. Dostlarının ofşor zonalarda 2 milyard dollarının olması artıq istintaq altındadır. Putin həmin dostunu TV-yə çıxartdırıb xalqa “hə, mənim pulumdur, nə olsun?” dedizdirir. Putin də dostlarının düzgün etdiklərini qeyd edir. Bu səviyyədə xalqa yuxarıdan aşağı baxmaq olar? Bu səviyyədə xalqı qoyun yerinə qoymaq olar? Azərbaycan ofşorçuları üçün də bu münasibət eynidir”.

Rusiyada necədir?

Rəsul Quliyev bildirib ki, Poroşenkonun ofşor zonasında puluna görə Ukrayna parlamenti komisiya yaradıb: “Bütün bunları və başqalarının ofşor pullarını yoxlayacaq, qanun pozuntusuna, vergidən qaçma hadisələrinə qiymət verəcək. Ukrayna hökumətini formalaşdırmaq üçün nəinki parlamentdə olan partiyalar bütün xalq aktiv iştirak edir. Hökumət başçısı təsdiq olunan kimi Qroysman birinci növbədə xalqa müraciət etdi. Bəs Rusiyada necədir? Putin istənilən adamı, o cümlədən hökumət başçısı və parlamentlərin sədrlərini istədiyi vaxt işdən azad edər və yeni təyin etdiyinin onun etimadını doğruldacağına söz verib gedib yerində oturar”.

Ərdoğan, yoxsa Putin?

Eks-spiker qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tikdirdiyi prezident sarayına görə artıq bir neçə ildir tənqid və təhqir mərkəzindədir: “Putinin Kremlidə apardığı rekonstruksiya işlərinə görə Rusiyada kimsə ağzını açıb bir söz deyə bilər? Qəti surətdə yox. Ümumiyyətlə, Putinin əleyhinə danışanların aqibəti istənilən vaxt Nemtsovun aqibəti kimi ola bilər. Türkiyə prokurorluğu istənilən vaxt Ərdoğana cinayət işi aça bilər. Putinə qarşı özü cinayətkar olan Çayka cinayət işi aça bilər? Yox. Ona görə bu diktatorun demokratiyanın içərisində olan və sivil dünyaya qovuşmaq istəyən bu iki dövlətin başçılarına xilas mesajı göndərmək sinizmin ən yuxarı formasıdır”.

“Azərbaycanda vəziyyət fərqlidir”

Rəsul Quliyev hesab edir ki, Azərbaycandakı vəziyyət Rusiyadan daha fərqlidir: “İstənilən nağıllara, söz vermələrə, işdən kimlərisə çıxarmağa baxmayaraq bu hakimiyyətlə Azərbaycanda heç vaxt inkişaf ola bilməz. Azərbaycan xalqı heç vaxt özünü azad hiss edə bilməz. Dünyanın heç bir ölkəsinə, xalqına kənardan azadlıq gətirmək mümkün olmayıb. Belə bir ölkə varsa səhvimi düzəldin. Azadlığa çıxan ölkələrin hamısı daxildən xalqın mübarizəsi hesabına baş verib. Daxildən müqavimət və mübarizə başlamasa heç bir xarici köməyə ümid etmək olmaz. Bütün yaxın şərq ölkələrində proseslər istər pozitiv, istərsə də neqativ daxili qüvvələrin hesabına baş verir. Sivil ölkələr əgər daxildə demokratikləşmə gedirsə, maliyyə köməyi edir, ordusunu gücləndirir, bir sözlə prosesi inkişaf etdirir”.

qaynarxett.az