backend

ZIĞDA XALQ QIYAMI YETİŞİR

ZIĞDA XALQ QIYAMI YETİŞİR
























“Maral” restoranı “marallar”ın pritonuna çevrilib; sakinlər bir həftə vaxt qoyub, əks halda etiraz aksiyalarına başlanacaq...
Bakıda restoran, çayxana adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının sayı durmadan artır. Qəzetimiz də dəfələrlə müxtəlif ərazilərdə xidmət göstərən pritonlar barədə məlumat verib, həmin məkanları aşkarlayıb. Növbəti belə obyekt Badamdar qəsəbəsində aşkarlanmışdı. Burada xalq qiyamının ardınca həmin obyekt plana düşdü və sökülməsi gözlənilir.
Belə görünür, analoji hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində baş verə bilər. Belə ki, qəsəbənin Rövşən Göyüşov küçəsində yerləşən “Maral” adlı restoran da fahişəxanaya çevrilib. Bu barədə redaksiyamıza restoranın yaxınlığında yaşayan sakinlər məlumat verdilər. Onların sözlərinə görə, restoranda baş alıb gedən biabırçılıqla bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülməyib.
Yerli sakinlər qəzetimiz vasitəsilə aidiyyəti qurumlara müraciət edərək bu rüsvayçılığa son qoyulmasını tələb etdilər. Əks təqdirdə Badamdarda olduğu kimi, Zığ sakinləri də restorana hücum çəkib mitinq keçirəcəklərini bildirirlər. Sakinlərin şikayətini nəzərə alaraq və vəziyyətlə yerində tanış olmaq üçün dünən adıçəkilən əraziyə yollandıq.
Bildirək ki, Zığ-Mərdəkan şosesinin üzərində yerləşən bu obyekt xeyli vaxtdır ki, fəaliyyət göstərir. Obyektin yol üstündə yerləşməsi isə “müştəri tələbi”nə cavab verir.
Kafeyə müştəri qismində daxil olub ümumi mənzərəni müşahidə edirik. Bizə yaxınlaşan xidmətçiyə axşam üçün banket sifariş veririk. Xidmətçini dilə tutub öyrənirik ki, məclisdə qız təşkilinə kömək edə bilər.

Onun dediyinə görə, axşam saatlarında burda qızlar olur və masaya dəvət edə bilərik. Ancaq onlara “xidmət” müqabilində nə qədər pul verəcəyimizi öyrənə bilmədik: “Gəlin, özləri ilə danışın da. Mən hardan bilim ki, onlar neçəyə çıxır. Özünüzdən asılıdır”. Onu da deyək ki, “Maral”a əsasən axşam saatlarında gələnlər olur. Kafedə yaranmış səs-küy isə ətrafda yaşayanların narahatlığına səbəb olur.
Qəsəbə sakini 62 yaşlı Fərrux dayının dediyinə görə, restoranın bir hissəsi motel kimi istifadə olunur: “İçəri girəndə görəcəksiniz ki, ayrıca otaqlar var. Axşam saatlarında xidmətçilərin əksəriyyəti azyaşlı və gənc qızlar olur. Bu qızlar təkcə müştərilərə ofisiant xidməti göstərmir. Həm də ”yağlı müştəri"lər əylənmək məqsədi ilə istifadə edirlər".
Sakinlər qeyd etdilər ki, “Maral” restoranı əvvəllər qızları bura cəlb etmək üçün gizli şəkildə fəaliyyət göstərirdi. Amma son vaxtlar açıq-aşkar bu işi görürlər.
Yerli sakin İlyas dedi ki, bu əxlaqsızlığa son qoyulmasa, kafeni bir gecə basacaqlar: “Hüquq-mühafizə orqanlarına xəbər verməkdən bezmişik, heç bir araşdırma aparılmır. Bəlkə gəlib ”haqq" alıb gedirlər. Bura kənd yeridir, camaatın anası, bacısı var. Bunu düşünmək lazımdır. Getsinlər yaşayış məntəqəsindən kənarda açsınlar. Restoranla bağlı ölçü götürülməsə, bizdən inciməsinlər. Badamdar camaatı necə eləmişdisə, biz də ona əl atacağıq".

Araşdırma zamanı aydın oldu ki, restoranda gecələmək üçün şərait var. Burada işləyən qızları bəyənməyən müştəri öz tanışı ilə də gələ bilər. Bunun üçün 3 saatlıq otaqdan istifadə 20 manat, bir gecəlik yer pulu isə 40-50 manatdan başlayır.
Sakinlər kafenin aşkar şəkildə fahişəxanaya çevrilməsinin arxasında məmurların dayandığını iddia etdilər. Onların qənaətincə, belə olmasaydı, kafe dərhal bağlanardı: “Hətta bu məsələdən Suraxanı Rayon İcra Hakimiyyəti də xəbərdardır. Ancaq buna göz yumulur”.
Deyilənə görə, “Maral”dakı “maralların” daimi müştəriləri var. Həmçinin kafeyə öz tanış qızı ilə gələn müstəntiq, prokuror övladlarını görmək olar. Bu da heç şübhəsiz, “Maral”da dava-dalaşsız ötüşmür. Tez-tez restoranda insident baş verir, gənclərin mübahisəsi bayırda davam edir. Əhalinin narahatlığına səbəb olan restoran təxminən gecə 3-4 radələrinə kimi açıq olur. Bəzən də səhərədək işləyirlər.
Onu da öyrəndik ki, bir müddət öncə kafedə bıçaqlaşma hadisəsi baş verib. Kafe rəhbərliyi gəncləri sakitləşdirərək oradan uzaqlaşdırıb. Qeyd olunur ki, bu cür hadisə vaxtaşırı yaşanır. Zığ camaatı kafe rəhbərliyinə 1 həftə vaxt verib. Bu müddət ərzində kafedə yaşanan rəzalətə son qoyulmasa, əhali etirazlara başlayacaq.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı hesabatında Azərbaycanda motel, sauna, bar və hotellərin pritona çevrildiyi, bu obyektlərin isə məmurlar tərəfindən himayə olunduğu qeyd edilib. Fakt budur ki, Bakı və ətraf qəsəbələrdə bu cür hallar müşahidə edilir.

Zığda olarkən sakinlərin sosial problemləri ilə maraqlandıq.
Kəndlilər yolların bərbad vəziyyətdən, su çatışmazlığı problemindən şikayətçidilər. Qəsəbə sakini Natiq deyir ki, içməyə su tapılmır: “Camaatın əksəriyyəti suyu maşınla alır. Kimə şikayət edirik, xeyri yoxdur. Bəs bu Qəbələ-Oğuz su kəməri hara getdi?”
Qeyd edək ki, Zığ əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Ancaq indi burada ayaq basmağa boş torpaq sahəsi qalmayıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Zığı qarış-qarış satıb.