backend

DEPUDADXANA İŞ BAŞINDA: Adamlar bir-birinə, “ə, xiyar”, “ə, monqol oğlu monqol”, “ə, cındlr..”

DEPUDADXANA İŞ BAŞINDA: Adamlar  bir-birinə, “ə, xiyar”, “ə, monqol oğlu monqol”, “ə, cındlr..”

Bu gün Milli Məclisin Toponomiya Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycanın 15 rayonunda 27 kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələyə baxılıb.

Sözün düzü, bu ad dəyişmək məsələsi təkcə camaatımızı deyil, hətta bəzi deputatları da bezdirib. Yaxşı yadımdadır, bir neçə il əvvəl Milli Məclisin üzvü hörmətli Fəttah Heydərov bu məsələyə münasibət bildirərkən dedi ki, əşi, yığışdırın bu ad qoyma, ad dəyişdirmə məsələsini...
Ancaq nə etməli ki, başqa işi-gücü olmayan deputatlarımız güc veriblər ad dəyişdirməyə. Özü də məsələni belə əsaslandırırlar ki, guya yerlərdən xeyli sayda vətəndaş müraciət edir ki, kəndimizin adı xoşumuza gəlmir ona görə də kəndimizin adını dəyişdirin. Beləliklə, Milli Məclisin üzvləri yığışıb zəhmətkeşlərin müraciətini müzakirə edir və kəndin yüzillik, bəlkə də minillik adı bir dəqiqənin içində dəyişir.
Bu günədək Milli Məclisin iclaslarında xeyli kənd və qəsəbə adlarına baxıblar, daha doğrusu, əl gəzdiriblər.
Tovuz rayonunun “Aşağı Ayıblı” kəndinin adı “Əyyublu” “Cinlər” kəndinin adı isə “İşıqlı” olub.

Guya Cinlər kəndinin sakinləri yazıb ki, kəndimizn adının CİN-lə bağlı olmasından qorxuruq, xahiş edirik ki, kəndimizin adını dəyişib İşıqlı qoyasınız. O biri kəndlərin sakinləri də eləcə, hansısa bəhanə ilə doğma kəndlərinin adını dəyişdirməyi tələb edirlər...

Brincisi, yazıq kəndçilərin başı problemlərə elə qarışıb ki, nəinki kəndlərinin adları, hətta öz adları da çoxdan yadlarından çıxıb. Heç adları yadlarına da düşmür. Kənd yerlərində camaat bir-birini daha adı ilə çağırmır, başqa cürə çağırır. Adamlar bir-birinə, “ə, xiyar”, “ə, monqol oğlu monqol”, “ə, cındlr..” deyə müraciət edir. Belə olan halda kəndin adı heç yada düşər..?
İkincisi, Cinli kəndinin camatı niyə yüz, iki yüz ildir cindən qorxmurdu, indi cin yadlarına düşdü?

Üçüncüsü, bir soruşan yoxdur ki, əşi, bu CİN köpək oğlu camaata neyləyib ki, ondan belə qorxurlar?
Bəlkə, işıqlarını kəsib?
Bəlkə, sularını, qazlarını kəsib?
Bəlkə, suyun qiymətini qaldırıb?
Bəlkə, pensiyalarını vermir?
Bəlkə, pay torpaqlarını əllərindən alıb baha qiymətə ona-buna satıb?
Ə, bəlkə kəndin yolunun qırağında “quşxana” işlədən cinin böyük oğludur?
Bəlkə, gözəllik salonu adı altında qızları bir yerə yığıb diskoteka təşkil eləyən cinin ortancıl qızıdır?
Ə, cin yazıqdan niyə qorxursunuz?
Əə, işıq idarəsinin, qaz idrəsinin, su idarəsinin müdirindən, bələdiyyə sədrindən niyə qorxmursunuz?
Bəlkə cin sizin ananıza, xalanıza sataşıb..?
Bir sözlə, suallar çoxdur, ancaq cavab verən yoxdur.
Bir də Qovların adının dalına şəhər yazmaqla, Ayıblını Əyyublu etməklə nə dəyişəcək ?
Yeri gəlmişkən, guya Şərur rayonunun DAŞARX kəndinin camaatı da Milli Məclisə adla bağlı müraciət ünvanlayıb. Amma deputatlarımız DAŞARX-la bağlı qərara gələ bilməyib və müraciəti Dilçilik institutuna göndərib.

NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli