backend

Müstəqim Məmmədovun Tərtərdə "abadlıq əməliyyatı ”

Müstəqim Məmmədovun  Tərtərdə "abadlıq əməliyyatı ”


















Rayonda sökülən və yenidən qurulan yerlərdə abadlıq işlərinin aparılması üçün heç bir zərurət yoxdur

Ölkə boyu aparılan abadlıq-quruculuq işləri vətəndaşların razılığına səbəb olur. Təbii ki, hər kəs yaşadığı şəhərin, qəsəbənin daha abad, daha gözəl olmasını istəyir. Lakin, təəssüflər olsun ki, bu abadlıq işlərini bərbad edənlər də tapılır. Heç kimə sir deyil ki, yerlərdə icra başçılarının “ən sevimli” məşğuliyyətindən biri də elə bu quruculuq işləridir. Demək olar ki, hər gün baş verən korrupsiya faktları barəsində yeni-yeni məlumatlar verilir. Bu isə görülən işlərə kölgə salır.
Azərbaycanda son illər formalaşmış bir praktika mövcuddur. Belə ki, hər hansı rayonda icra başçısı yenilənəndə hər şey “sıfırdan” başladılır. Yeni icra başçısı köhnənin gördüyü işlərin üstündən xətt çəkib “yenidənqurma” işlərinə başlayır. Təbii ki, yenidən milyonlarla manat dövlət vəsaitinin su yerinə axıdılması hesabına. Artıq keçmiş icra başçılarının apardığı abadlıq və yenidənqurma işlərinin yeni təyin olunan icra başçısı tərəfindən sökülməsi bir ənənə halını alıb. Bununla dövlətə külli miqdarda ziyan vurulsa da, yeni təyin olunan icra başçıları öz qazancları üçün köhnə icra başçılarının gördüyü işləri darmadağın edərək yeni abadlıq işləri aparırlar. Çünki bu gün icra başçılarının əsas gəlir yerlərindən biri də rayonlarda aparılan abadlıq işləridir. Belə ki, qiymətləri bir neçə dəfə şişirdən icra başçıları abadlıq işlərinə sərf olunan vəsaitdən bir neçə dəfə artıq vəsaiti mənimsəyirlər.
Bu “parlaq təcrübə” indi də Tərtər rayonunda həyata keçirilir. Belə ki, Tərtərin yeni icra başçısı Müstəqim Məmmədov bir il əvvəl ablaşdırılması üçün külli-miqdarda dövlət vəsaiti sərf olunan yerləri viran qoyaraq, yenidən “abadlıq” işlərinə başlayıb.
Tərtərin yeni icra başçısı artıq rayon mərkəzini sökməyə başlayıb. Belə ki, Tərtərdən daxil olan məlumata əsasən yeni icra başçısı Tərtər şəhər icra nümayəndəsini yanına çağıraraq icra hakimiyyətinin ətrafındakı yolların səkilərinə düzülən tamet üzlüklərin sökülməsini və yeniləri ilə əvəzlənməsini göstəriş verib.
Bir müddət əvvəl məlumat verilmişdi ki, Müstəqim Məmmədov şəhərin mərkəzi küçələrin gəzərək işıq dirəklərinin yaraşıqlı olmadığının və mütləq yeniləri ilə əvəzlənməsi gərəkdiyini bildirib. Bildirildiyinə görə, icra başçısı şəhər icra nümayəndəliyinə və digər müavinlərə bildirib ki, Tərtərdə şəhərin işıq sisteminin yenidən qurulmasında Yexlax, Bərdə işıq idarələri məşğul olacaq.
Rayondan verilən məlumatlara görə, hazırda sökülən və yenidən qurulan yerlərdə abadlıq işlərinin aparılması üçün heç bir zərurət yoxdur. Bir il əvvəl abadlaşdırılan və hazırda sökülən ərazilərin yenidən abadlaşdırılmasının isə ancaq bir açıqlaması ola bilər. Dövlətin milyonlarla vəsaitini bir heç edərək yenidən həmin yerlərə milyonlar sərf edilməsi ancaq ayrılan vəsaitin bir hissəsinin mənimsənilməsi məqsədini daşıya bilər və artıq bu hal bir ənənə halını alıb.
Əslində bu, dövlət vəsaitlərinin talan edilməsindən başqa bir şey deyil. Bu gün Tərtərin abadlaşmaya və sosial problemlərinin həll olunmasına ehtiyacı olan çoxlu kəndləri var. Vəsaitləri həmin kəndlərə və abadlaşdırılmasına ehtiyacı olan yerlərə sərf olunması daha məntiqlidir. Amma icra başçıları heç bir məntiqə sığmayan hərəkətlər edərək eyni yerləri bir neçə dəfə abadlaşdırırlar. Ortada isə çölə atılan dövlət vəsaitləri olur. Söhbət mənimsəməkdən gedirsə, icra başçıları yeni ərazilərin abadlaşdırılması zamanı da yeni mənimsəmə hallarını həyata keçirə bilərlər. Amma heç bir məntiqə sığmadığı halda icra başçıları dövlətin vəsaitlərini insafsızcasına havaya sovururlar. Halbuki, həmin vəsaitlərə rayonlarda istehsal sahələri yaratmaqla Azərbaycan iqtisadiyyatının inkişafına və insanların sosial problemlərinin həllinə və rifahının yüksəlməsinə ciddi töhvələr verə bilərlər. Amma təəssüflər olsun ki, həmin vəsait səmərəsi boş yerə xərclənir.
Bildirilir ki, Müstəqim Məmmədovun Tərtərdə sərf etdiyi inşaat materiallarının hamısı Yevlaxdan, yəni icra başçısının tikinti materialları dükanlarından gətirilir. Bu zaman təbii ki, qiymətlərdə bir neçə dəfə şişirdilir və nəticədə Müstəqim Məmmədov iki tərəfli qazanc saxlamış olur. Qeyd etək ki, Müstəqim Məmmədov Yevlaxda çalışdığı zaman şəhərin abadlaşdırılma işlərinə rəhbərlik edib və buna görə də, icra başçısının Yevlaxda bir neçə iri inşaat materialları dükanı var. Həmçinin Tərtərdə çalışan işçilərin də Yevlaxdan gətirdiyi bildirilir.
Tərtərdən daxil olan başqa bir məlumatda isə bildirilir ki, Müstəqim Məmmədov rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidiya pullarından bələdiyyələrdən və icra nümayəndələrindən pay istəyib. Belə ki, daxil olan məlumatda göstərilir ki, icra başçısı bələdiyyə sədrləri və icra nümayəndələrinin boynuna «hesab» qoyub.
Tərtərdən verilən məlumata icra başçısı Müstəqim Məmmədov müavini Abbas Cavadov vasitəsi ilə rayonun 28 kənd bələdiyyə sədrinə və icra nümayəndəsinə sifariş göndərərək hər birindən 5 min manat pul tələb edib. Mənbə bildirir ki, icra başçısı bələdiyyə sədrləri ilə kənd icra nümayəndələrinin bu il nə qədər artıq torpaq yazaraq subsidiya yardımı almalarının siyahısının tutulması üçün aqrar məsələlər üzrə şöbə müdiri Xatirə Məmmədovaya göstəriş verib. İcra başçısının şöbə müdiri isə siyahını tutaraq Müstəqim Məmmədova verib.
Məlumatlı mənbə bildirir ki, icra başçısının icra nümayəndələrinə və bələdiyyə sədrlərinin hər birinə 5 min manat «hesab» qoyması narazılıqla qarşılanıb. Bəzi bələdiyyə sədrləri, icra nümayəndələri bildirib ki, onların bu vəsaiti verməyə gücü çatmır. Bələdiyyə sədrlərinin narazılğına isə icra başçısı «payızda, seçkilərdə görüşəcəyik» mesajı ilə cavab verib.
Bildirilir ki, həqiqətən də kənd bələdiyyə sədrləri icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə etməyi hesablayıblar. Müstəqim Məmmədov isə bələdiyyə sədrlərinin və icra nümayəndələrinin bu maxinasiyasını dəqiq bildiyi üçün onlardan hesab yığmaq göstərişi verib.
Bir müddət əvvəl mediada verilən xəbərlərə əsasən, Tərtərin icra başçısı Müstəqim Məmmədov bələdiyyədən pul tələb edib. Bu isə böyük mübahisəyə səbəb olub. İş o yerə çatıb ki, bələdiyyələr Prezident Administrasiyasına şikayətə gəlməyə qərar veriblər.
Məsələ burasındadır ki, mayın 7-də Tərtərin icra başçısı təyin olunan Müstəqim Məmmədov bələdiyyələrdən dövlətin ayırdığı dotasiyanı hesabdan çıxarıb bütünlüklə ona vermələrini tələb edib. Bələdiyyələr isə həmin dotasiyanı bələdiyyələrin ehtiyaclarına xərcləmək istədikləri üçün etiraz ediblər. Buna görə də sözü bir yerə qoyub icra başçısının qanunsuz əmrini icra etməkdən imtina ediblər. M.Məmmədovun bələdiyyə sədrlərini həbs etdirəcəyi ilə hədələməsi də situasiyanı dəyişməyib.

Bundan sonra M.Məmmədov maliyyə şöbəsinə göstəriş verib ki, pulu bələdiyyələrin hesabına köçürməsinlər.
Qeyd edək ki, Müstəqim Məmmədov bu ilin may ayında Tərtər rayonuna icra başçısı təyinatı alıb. O daha öncə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…