backend

Bakıda müəllim şagirdi döydü - VİDEO

Bakıda müəllim şagirdi döydü - VİDEO






















Müəllim valideynlərə “əcəb etmişəm, gedin hara istəyirsiniz şikayət edin” deyir.

Bakının Sabunçu rayonunda yerləşən 331 saylı tam orta məktəbdə döyülmə hadisəsi qeydə alınıb.

Qaynarxettt.info ANS TV-yə istinadən xəbər verir ki, valideynlərin dediyinə görə, 10 yaşlı övladları Fərid Babaşzadə ötən gün 6-cı dərs saatında idman müəllimi Firdovsi tərəfindən döyülüb. Və hazırda 5-ci sinif şagirdi evdə yataq xəstəsinə çevrilib. Fəridin özünün dediyinə görə, müəllimi idman dərsində ona topa əl vurmamağı tapşırıb. Bilmədən topa əl vurduğunu deyən şagird, müəllim tərəfindən şiddətə məruz qaldığını deyir. O, başından və ayaq nahiyəsindən ağır zərbə alıb.

“Məktəbin idman müəllimi mənim yaxamdan tutub sürüdü, sonra bunu görən Orxan adlı oğlan məni lağa qoydu. Mən onunla dalaşdım. Bu zaman idman müəllimi gəlib bizi bir-birimizə vurdu” – deyə zərərçəkmiş qeyd edib.

Valideynlər isə hadisədən gec xəbər tutduqlarını deyirlər. Onlar məktəbdən gələn övladlarını dərhal xəstəxanaya çatdırıblar. Fəridin anası Gülnar Babaşzadə deyir ki, onun övladı qan çatışmazlığından əziyyət çəkir. Bunun üçün də dəfələrlə məktəb rəhbərliyinə müraciət edib ki, Fərid idman dərsində iştirak etməsin. Ancaq buna məhəl qoyan olmayıb. Övladı döyüləndən sonra o, Firdovsi müəllimlə söhbət etmək istəyib. Müəllim isə valideynlərə “əcəb etmişəm, gedin hara istəyirsiniz şikayət edin” deyə cavab verib. Bütün bunlar valideynin sözləridir.

Deyilənlərə aydınlıq gətirmək üçün ilk olaraq məktəbin müvəqqəti yerləşdiyi ünvana üz tutduq. Əvvəlcə təhsil ocağının direktor müavinləri faktı təkzib etdilər. Və valideynlərlə müavin arasında mübahisə baş verdi.

Daha sonra adıçəkilən idman müəllimi Firdovsi müəllimlə görüşməyə cəhd etdik. Qapı arxasında o, bizə açıqlama gətirdi ki, o, şagirdi - Fəridi heç də döyməyib. Sadəcə dərs zamanı şagirdlər arasında mübahisə düşdüyündən onları ayırıb.

Bundan sonra üz tutduq məktəb direktoru Esmira Muradovanın yanına. O, təsdiq etdi ki, valideynlər uşağın idman dərsindən azad olması ilə bağlı ona müraciət edib. Sadəcə tibbi arayış hələlik gətirilmədiyindən bu mümkün olmayıb. Qaldı ki, şagirdin müəllim tərəfindən döyülüb-döyülməməsinə.

Məktəb direktoru Esmira Muradova deyir ki, gecə saat 10.00 radələrində valideyn mənə zəng edib ki, bəs uşağın vəziyyəti belədir: “Uşağımı müəllim döyüb. Dərhal mən müəllimlə əlaqə saxladım və valideynin telefon nömrəsini müəllimə verdim. Müəllim isə ittihamları rədd edir. Artıq məsələ ilə bağlı təqdimat hazırdır. Təqdimat Daxili Nəzarət Şöbəsinə və Bakı Şəhər Təhsil İdarəsinə göndəriləcək. Sonda onlar məsələ ilə bağlı yekun qərara gələcəklər”.

Bundan başqa direktor onu da bildirdi ki, Firdovsi müəllimdən 8 ildir ki, fəaliyyəti dövründə şikayət olunmayıb. Əgər fakt təsdiqini taparsa, o, işdən azad ediləcək. Artıq valideynlər faktla bağlı polisə də müraciət edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.