backend

Amaşovun “ZARA” sevgisi və Bəhruzun Rusiyadan gələn “SƏS”i – Susun daha paxıllar

Amaşovun “ZARA” sevgisi və Bəhruzun Rusiyadan gələn “SƏS”i – Susun daha paxıllar

Həmişə deyirəm yazmayım, çəkilim bir tərəfdə oturum, gözləyim, görüm sonu necə olacaq. Amma olmur, susursan için yanır, danışırsan bəziləri...
Bir zamanlar müsahibə sözünü müsabiqə kimi qanan, “Koroğlu”nu 19 – cu əsrin qəhrəmanı adlandıran, sonradan səhvini anlayan, Mətbuat Şurasının əvəzolunmaz sədri, çox hörmətli olmayan millət vəkili Əflatun Amaşova və maddi sıxıntılara baxmayaraq Azərbaycan “həqiqətlərini” Rusiyaya çatdıran “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyevin ətrafında cərəyan edən hadisələr yeni müzakirələrə yol açıdı.
Əslində bu gün mən də əsəbiyəm. Amma bu əsəb Əflatun Amaşova qarşı ola bilər, ikinci şəxs, Bəhruz Quliyevə qarşı cəmiyyətdə olan münasibətə isə kəskin etirazımı ifadə edəcəyəm.

İlk olaraq, MŞ-nın çox uzunmüddətli sədri, mətbuatımızı yatağa salan xəstəlik - Əflatun Amaşov, həmişə olduğu kimi yenə də dilini dinc qoya bilmədi. Gələn əmrə əsasən erməniəsilli Zaranın Azərbaycana gəlişinə etiraz edənlərə tutarı olmayan bir cavab verməli oldu. MŞ sədrinə görə, Zara Azərbaycana silahla gəlmirmiş və millətin etirazı yersizdir.

Bəzən adam istəyir ki, bu Əflatun Amaşovun silah görməyən əlinə bir şey versin, göndərsin ermənilərin üstünə görüm nə edəcək. Yenə fikrindən daşınırsan, narahat olursan ki, buna silah verib erməni üstünə göndərsək bizim hamımızı satacaq və Media Klubun üzvlərinin ünvanını belə düşmənə deyəcək...

Adama deyərlər ay adam balası, Xocalıda şəhid olan, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən uşaqların, qadınların, qocaların əlində silah var idı? Ay Əflatun orda şəhid olanlar, qətlə yetirilənlər, zora, işgəncələrə məruz qalanlar sənin anan, bacın deyilmi?
Zaranın əlində silah yoxdur deyib, o şəhidlərə sayğısızlıq haqqını bu Amaşa verənlər bu milləti sevə bilməz. Əflatun üçün ola bilsin milli dəyərlər, vətən, millət sevgisi ölmüş olsun. Ola bilsin ki, Əfi ona verilən mükafatlara görə əmr quluna çevrilib və ya danış, ya öl – tapşırığı ilə həyatına davam etsin. Amma, onu danışdıranlar, ona əmr verənlər bilməlidir ki, Əflatun Amaşov danışdıqca nifrət artır və hörməti olmayan bu şəxsi bu qədər aşağılamaq yersizdir.

Mənim BABAM həmişə deyərdi ki, səhəri gözləmədən yersiz banlayan xoruzu kəsmək lazımdır. Çünki, o xoruz bir işə yaramaz və insanları narahat etməkdə, yuxulara haram qatmaqda davam edəcək.

Əflatun Amaşov mövzusunu çox uzatmaq istəmirəm. Onsuzda sosial şəbəkələrdə MŞ sədrinə böyük “hörmətsizlik” edilir. İki gündür facedə Əflatun Amaşovun şəklini paylaşanların şərhlərinin altında yazılan rəyləri oxumağa utanıram.

Bu acı xəbərlə yanaşı, hamınızı sevindirəcək bir həqiqəti sizinlə paylaşmaq istədim. Yuxarıda dediyim kimi, “SƏS” - in baş redaktoru, hörmətli Bəhruz müəllimin qəzeti Rusiyada əməlli – başlı tanınıb. Dünən Rusiyanın Çelyabinski şəhərindən zəng edən dostum dedi ki, bəs bir neçə gün öncə Azərbaycanın qaranlığa bürünməsinin səbəbkarlarını bilir. Sən demə, Bəhruz müəllimin “SƏS” qəzeti pomidor yeşiklərində uzaq Rusiya məmləkətinə aparılıb. Dostum pomidoru bazarda satışa çıxaranda yeşiklərə sərilmiş, qırmızı ləkələrə boyanmış “SƏS” – dəki yazı diqqətini çəkir. Məqaləni oxuyandan sonra, Bəhruz müəllimin əməyi nəticəsində Azərbaycanda baş verənlərin “əsl səbəbini” bilir. Dostum onu da dedi ki, Rusiyada belə qəzetləri ruslar mənəvi təlabatlarına istifadə edirlər. Onlar hansı təlabatlardı, onu burda yazmaq bir az xoş çıxmaz deyə yazmıram.

Bəhruz müəllimin dövlətimiz üçün etdiklərini danmaq olmaz. ATƏT – in seçkilərə dair konfranslarını baykot edən, etiraz səsini qaldıran, inkşaf etmək istəyən mətbuatımıza qarşı olanlara savaş açan bir baş redaktoru anlamaq lazım. Ola bilər ki, SƏS qəzetinin baş redaktoru bunu biraz qışqıraraq, bağıraraq edir. Hay-küyü şox çıxır və bəzən bu yanındakılara, onunla həmfikir olnalara belə qəribə gəlir. “Bu həmin Bəhruzdu” – deyənlər bilməlidir ki, Bəhruz müəllim belə etməsə 60 min manatı kəsəcəklər və Rusiyada pomidor satan dostum məlumatsız qalacaq, kasıb ruslar isə əllərini və bəzi yerlərini silməyə kağız tapmayacaq...

Yəqin bu yaxınlarda ekranlara yol tapan “Hozu” kinokamediyasına baxmısız. Orda, Hozu müsbət obrazdı, o sevir və öz qaydaları ilə yaşayır. Amma insanlar onu anlamaq istəmir. İndi, Bəhruz müəllimi mətbuatımızın “HOZU”su adlandıranlar bilməlidir ki, onun öz yaşam tərzi var və istəməsək də belə davam edəcək. Məsələn, Mətbuat Şurası İH - nin bəzi üzvləri ilə mən arasında baş verən qalmaqalda Bəhruz müəllim televiziya ekranlarına çıxıb: O TALIŞI TUTMAQ LAZIMDIR - demişdi. Mən yenə incimədim, mən belə sərsəm və açıq fikirlərə görə mətbuatımızın “HOZU”sunu alqışlayıram.
İkram Rəhimov

P.S Bu yaxınlarda hörmətli Qulu Məhərrəmlinin sosial şəbəkədə bir paylaşımı diqqətimi çəkdi. Bəzi mətbu orqanlara vəsaitlərin ayrılmasına etiraz edən Qulu müəllim “SƏS” qəzetinə verilən 60 min manatın az olduğunu bildirmişdi. Mən də bu təklifə qoşuluram və Bəhruz müəllimin son xidmətlərini qiymətləndirilməsini tələb edirəm. Paxıllar isə susmağa məhkumdu.

reallıq.info