backend

“Milli Məclisin ağlamalı gülməcələri”

“Milli Məclisin ağlamalı gülməcələri”
















(əvvəli keçən sayımızda)

Bəs sən nə istəyirsən?

Deputat Madər Musayev (Hacı Madər) dostu Şeyxülislam Allahşükür Paşazadədən həmkarı Məzdək Hüseynovun xahişini edir:

- Şeyxanə, diyirəm, bəlkə bu il Məzdeyi də Məkkiyə aparağ?

- Bismillah-rəhmani-rəhim. Noolar, aparaq deyirsən, aparaq da. Məzdək müəllim, sənədlərini hazırla.
Məzdək müəllim görür ki, iş deyəsən, ciddiləşir:

- Yaxşı, tutalım, mən də getdim Məkkəyə, gəldim dayandım Allahın hüzurunda. Onda qurban olduğum soruşacaq ki, “oğurluq etmisən?”. Deyəcəm yox. Soruşacaq ki, “rüşvət almısan?”. Deyəcəm yox. Soruşacaq ki, “fağır-füqara incitmisən?”. Yenə deyəcəm yox. Onda O mənə deməz ki, “ay filankəs, bu yerdə qalanları başa düşdüm, bəs sən Həccə nəyə gəlmisən?”.

Bu lap ağ oldu
“Kollektiv əmək mübahisələrinin həlli haqqında” Qanun layihəsi müzakirə olunurdu. İşverənlə işçilər arasındakı münasibətləri tənzimləyən maddələrə çatanda Hacı Madər gözlənilmədən, bütün deputatlığı dövründə ilk və yanılmıramsa, son dəfə söz aldı:

- Bilürsüz də, mən indiyə qədər heç danışmamışam. İstəsəm danışardım aa, amma istəməmişəm. Bırda xeyli məsələlər olub ki, siz dimüsüz, biz də səs vermüşüy. Bu deputatdar çox işə qol qoyub, çox işdərnən məşqul olub. Ancağ day belə yox, ala də! İndi diyürsüz işvərənniyə də səs verey?

Operaya da bir quş
Deputatlara dəvətnamə verib, “müəllim də orda olacaq” deyib, yarızor-yarıxoş “Leyli və Məcnun” operasına aparmışdılar. Bir dəstə deputat arxa sıralarda mövqe tutmuşdu. Hacı Madər:

- Qərdeşdər, “Leyli-Məcnun”u bilirüy də. Day hamıynan salamlaşduğ, bildilər burdeyiy, durun gedeyün, - dedi.
Mübariz Qurbanlı:

- Hacı, nə danışırsan, - deyib yüksək mədəni səviyyə nümayiş etdirdi, - əsər ayrı, opera ayrı. Qalmaq lazımdı. Və pıçıltı ilə əlavə etdi: “Belə məsləhətdi!”.

- Ala, Mübariz, opera ayrı diyəndə ki, burda beyəm axırda Məcnun Leyliyə bir şey eliyə bilicey?
- Həlbəttə yox. Eliyə bilsəydi, Leyli-Məcnun olmazdı ki...

- Həri? İnteresni adamsan e. Alə, eliyə bilmiyicey, day burda iki saat neyi gözdiyirsən?

Ardı var