backend

Təfəkkür Universitetində “gəlmə”-“yerli” davası

Təfəkkür Universitetində “gəlmə”-“yerli” davası


















Müşfiq Atakişiyev kəsiri olan “gəlmələr”dən 1500 manat, “yerlilər”dən isə 1000 manat istəyir, qiş sessiyasında isə bahalıq olacaq

Azərbaycanda təhsil sisteminin “qara yaraları” sırasında əsas yerlərdən birini tutan Təfəkkür Universitetində yenidən qalmaqal baş qaldırıb. Tələbə “köçürmələri” ilə məşğul olan və bu zaman hər il milyonlarla pul qazanan universitetin rektoru Müşfiq Atakişiyev bu il üçün növbəti “icadı”nı reallaşdırmağa başlayıb.

Belə ki, Təfəkkür Universitetində hal - hazırda tələbələr iki kateqoriyaya bölünüb. Birinci kateqoriya TQDK-nın xətti ilə imtahan verərək qəbul olunmuş tələbələrdən ibarətdir. Onların arasında dolayı yolla qəbul olunanların da azlıq təşkil etmədiyi deyilir.

İkinci kateqoriyaya aid olan tələbələrin isə “gəlmə” olaraq adlandırıldığı vurğulanır. Bu uşaqlar əsasən rektor M.Atakişiyevin “yaratdığı”, adı olub özü olmayan “filial”ından gələnlərdir. Təfəkkür Universitetinin Dərbənd “filial”ı əsasən “növbətçi” funksiyasını yerinə yetirir. Bu zaman qəbul 15 min manatdan başlayır və bir ildən sonra orada “oxuyan”lar Bakıdakı əsas hissəyə köçürülür. Bununla bağlı geniş araşdırmamız olacaq və yaxın günlərdə yayımlayacağıq.

Cənab Atakişiyev “gəlmə”lərlə “yerli”lər arasında ciddi fərq qoyduğundan narazılıq baş qaldırıb. Daha doğrusu, valideynlər bu ayrı-seçkiliyə qarşı çıxaraq, rektordan izahat tələb edirlər. Təfəkkür Universitetinin rektoru kəsiri olan “gəlmə”lərdən 1500 manatdan pul alınmasını istəyib. “Yerlilər” üçün bu qiymət isə 1000 manatdan başlayır.

“Qulaqburması”na çatan məlumata görə qış sessiyasına ciddi hazırlaşan M.Atakişiyev və adamları tələbələrə bu il “bahalıq” olacağını da indidən çatdırıblar. Onlara hazırlıq görmələrini, “tədarük”lü olmaları “tövsiyyə” olunub.