backend

Bəzi kollec direktorları özünü "sələm" biznesində sınamağa başlayıb

Bəzi kollec direktorları özünü  "sələm" biznesində sınamağa başlayıb











Testdən keçə bilməyən abituriyentlərə tələbə adını hədiyyə edənlər görəsən kimə güvənir?

Ölkənin təhsil sistemində aparılan təmizləmələr hələ indi-indi yeni fazaya qədəm qoyur. Təəssüf ki, son bir neçə ayda aparılan kadr dəyişikliklərinə baxmayaraq müsbət nəticələr gözlənilən qədər deyil. Buna baxmayaraq düşünürük ki, bu yolda lazım olduğu qədər iradə və istək var. Ölkə təhsilini rüşvət bəlasından xilas etməkdə ictimaiyyətin iştirakına geniş meydan və şərait yaradılması problemin həllində bəlkə də dönüş nöqtəsinə çevrilə bilər. Etibar etiyimiz mənbələr vasitəsilə kolleclərdə aparılan müşahidələrdən belə qənaətə gəlmək olar ki, bu il orta ixtisas təhsili müəssisələrinin əksəriyyətində tələbələrdən qanunsuz ödənişlərin yığılması xeyli dərəcədə məhdudlaşdırılıb. Lakin bir sıra kolleclərdə əvvəlki ovqatda tələbənin cibinə gürməkdə davam edən müəllimlər var. Sual olunur yeni dərs ilinin başlanmasından artıq bir aya yaxın müddət keçdiyi halda tələbələrə tələbə bileti və zaçot kitabçalarının verilməsi niyə gecikir? Bu gecikmələr əcəba, dövlət hesabına tələbə qəbulunu qeyri-qanuni davam etdirmək cəhdlərinə bağlı deyilmi? Digər tərəfdən, əlimizdə olan məlumatlardan yəqin etmək olar ki, dərs ilinin başlanmasından bir ay keçsə də bəzi kolleclərdə yeni tələbə qəbulu hesabına komplektləşdirmə aparılır. Nəticədə keçid balı xeyli aşağı olan abituriyentlər nəyinsə hesabına tələbə statusu qazanır. Görəsən bu prosesdən TQDK və Təhsil Nazirliyi xəbərdardırmı? Bəhs etdiyimiz faktların yer aldığı təhsil müəssisələrinin adını bəlli səbəblərdən çəkə bilmirik. Ümid edirik ki, bu məsələ əlaqədar qurumları xeyli maraqlandıracaq. Kolleclərin ödənişli təhsil bölməsində yer alan maxinasiyaların böyük bir qismi təhsil haqlarının müxtəlif təyinatlı xərclər adı ilə pay-püş eilməsidir. Əksər orta ixtisas təhsili müəssisələrində haqq-hesab qeyri-rəsmi ödəniş jurnalları vasitəsilə aparır. Maraqlıdır ki, həmin jurnallarda ödəniş aparılması barədə edilən qeydlər bir qayda olaraq yalnız kollec direktoru və onun etibarlı kompanyonları üçün açıq olur.
Bəzi versiyalara inansaq əksər kolleclərin direktorları özünü artıq bir neçə ildir ki, “sələm” biznesində sınamağa başlayıb. Bu məqsədlə yaxın çevrəsindəki etibar qazanmış xanımların təcrübəsindən istifadə edilməklə ayrı-ayrı şəxslərə qəqə-baba qaydasında sələm verilir. Sələmçiliklə məşğul olan insanların maddi dayaq nöqtələrindən biri kimi bir neçə orta ixtisas təhsili müəssisəsinin adının hallanması artıq heç kəsi təəccübləndirmir. Tələbələrdən nağd pul şəklində yığılan təhsil haqlarının təyinatı üzrə ödənişində yaranan fasilələrin əsas səbəblərindən biri də elə bu amildir.
Ümumilikdə böyük ehtimalla demək olar ki, kolleclərdə baş verən ciddi mənimsəmə və maxinasiyalardan Təhsil Nazirliyinin xəbəri olmamış deyil. Hər halda son zamanlar ali və orta ixtisas təhsili müəssisələrində baş alıb gedən rüşvətxorluq və korrupsiya hallarına qarşı mübarizəsinin genişlənməsini müşahidə etdiyimiz bir zamanda bu qənaətdəyik. Düzdür, bəzi kollec direktorları rəhbərlik etdiyi kollektivdən “sızan” məlumatları minimuma endirmək üçün qapalı rejim yaradıblar. Belə şəraitdə hər hansı qanunsuz əməldən açıq-aşkar şikayət etməyə heç bir tələbənin yaxud valideynin cürəti belə çatmaz. Lakin oxşar “əməliyyatı”n müəyyən mənada uğurlu nəticələnəcəyini də düşünmək sadəlövhlük olardı. Çünki, ölkədə korrupsiyaya qarşı mübarizənin getdikcə ümummilli xarakter alması müşahidə edilir.
Şübhə yoxdur ki, Təhsil Nazirliyi ölkəmizin təhsil sistemini iş başında ciddi nöqsanlara yol verən, vəzifəsindən sui-istifadə edərək maliyyə fırıldaqlarına əl atan rəhbərlərdən təmizləməkdə qərarlıdır. Bu qərarın konkret hansı təhsil müəssisələri rəhbərlərinin kürkünə bit-birə saldığını demək isə hələ tezdir. Bir də ki, onsuz da hər şey gün kimi aydındır.

Məhəmməd İsmayıllı