backend

ABŞ Qarabağ proseslərindən kənara atılmasını həzm edə bilmir: - Bayden nəyi dəyişəcək?

ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərinin nəticəsində Demokratlar Partiyasının namizədi Co Bayden (Jozeph Biden) qələbə qazandı. Bayden hazırki Prezident Donald Trampdan fərqli olaraq, Prezident seçiləcəyi təqdirdə, İrana qarşı tətbiq edilmiş sanksiyaları azaldacağını, Çinlə iqtisadi əlaqələri bərpa etməyə çalışacağını, əsasən Rusiya ilə münasibətlərə yenidən baxacağını, daha dəqiq desək, Rusiyaya qarşı daha sərt siyasət yürütməyin lazım olduğunu bildirmişdi. Baydenin erməni lobbisinin xeyrinə işlədiyinə, vaxtı ilə ABŞ Konqresinin erməni işləri üzrə qrupunun üzvü olmasına, həmçinin Azərbaycana qarşı olan 907-ci düzəlişin müəlliflərindən olması və 1992-2008-ci illər arasında Ermənistana və qondarma “Dağlıq Qarabağ Respublikası”na maddi yardım üçün layihənin lehinə səs verməsinə xüsusi diqqət edəcəyimiz məsələlərdir.

Həmçinin, Baydenin özünə vitse-prezident təyin etdiyi, ermənilərin Amerikada sıx məskunlaşdığı Kaliforniya ştatından olan Kamala Harris də zamanında saxta erməni “soyqrımı” prosesində fəal iştirak edib və qəti ermənipərəst mövqeyi ilə tanınır. Təbii ki, bütün bunlar Azərbaycanın diqqətindən yayınacaq məqamlar deyil və xüsusi diqqət yetirmək lazımdır.

Co Baydenin seçilməsi dünya siyasətinə, Yaxın Şərqə və Azərbaycana necə təsir edəcək? AYNA-nın mövzuya dair suallarını politoloq Nəzakət Məmmədova cavablandırıb:

- Bayden dövründə ABŞ xarici siyasətinin xaotiklikdən uzaq, rasional, praqmatik və daha sistemli olacağını proqnozlaşdırmaq olar. Halbuki, hazırda dünya daha çox xaosa yuvarlanmış, çoxqütblülüyə doğru sürüklənir. Təbii ki, Baydenin xarici siyasət strategiyası barədə biz o vaxt daha dəqiq fikir yürüdə biləcəyik ki, onun komandası bəlli olsun. Xüsusilə, administrasiyada dövlət katibi, müdafiə naziri, milli təhlükəsizlik məsələləri üzrə müşavir, kəşfiyyat şefinin kimlərdən ibarət olması Bayden dönəmi ABŞ xarici siyasətinin müəyyən qədər təhlilinə imkan verəcək. Bəzi məlumatlara görə, Bayden artıq Obama dövründən birlikdə çalışdığı şəxsləri öz yeni komandasına daxil etməyi planlaşdırır. Yeri gəlmişkən, vitse-prezidenti Kamala Harrisdən başqa, onun komandasında daha bir neçə qadın olacağı ehtimalı var.

Bayden qlobalistlərin namizədi olduğundan, anti-qlobalist mövqeli Trampdan fərqli olaraq, onun Trampın “Hər şeydən öncə Amerika!” şüarından uzaqlaşaraq Birləşmiş Ştatların dünyadakı qlobal liderlik rolunun artırılmasına çalışacağı, xüsusilə də beynəlxalq təşkilatlarla pozulmuş əlaqələrin yenidən bərpasına çalışacağı gözlənilir. BMT, NATO, Aİ, Ümumdünya Ticarət Təşkilatı və digər təşkilatlarla əlaqələrin nizamlanacağı, o cümlədən, ÜST-nin pandemiya ilə mübarizə aparmaq üçün maliyyələşməsinin yenidən bərpası, Çin və İranın düşmən dövlətlər sırasından çıxarılması, Avropa ölkələri ilə əlaqələrin qaydaya salınması gözlənilir. Baydenin qarşısında duran əsas məsələlərdən biri ABŞ xarici siyasətindəki Tramp dövründə qırılmış ənənələri, varislik prinsiplərini bərpa etmək, ABŞ-ın dünyada yaranmış qeyri-ciddi, etibarsız tərəfdaş imicini silərək yenidən etimad qazanmaqdır. ABŞ ilə Rusiya arasında Strateji Hücum Silahlarının İxtisarı və Məhdudlaşdırılması Müqaviləsinin müddətinin uzadılması, İranla nüvə sazişinə qayıtmaq, Asiya Sakit okean hövzəsi ölkələri ilə ticarət sazişlərinin bərpası və s. buna misal ola bilər.

Bayden ABŞ xarici siyasətində “qırğıların” ən parlaq nümayəndələrindən biri olub. Lakin bu gün daha mötədil mövqe tutmağa çalışacağı gözlənilir. Körfəz müharibəsinin alovlu tərəfdarlarından biri olan Bayden, sonradan Obamanı Əfqanıstandakı ABŞ kontingentinin sayını artırmaqdan çəkindirən, orada yalnız xüsusi təyinatlı qruplar saxlamağa üstünlük verən vitse-prezident kimi xatırlanır. Hərçənd, Obama onun bu tövsiyəsini yerinə yetirmədi, amma yeni Prezidentin bu planı icra edərək ölkəsini mümkün qədər çox genişmiqyaslı hərbi əməliyyatlardan çəkindirəcəyi ehtimalı var və onun hakimiyyəti dövründə ABŞ-ın yenidən irimiqyaslı hərbi müdaxilələrə imza atacağı inandırıcı görünmür. Yaxın Şərqə ordu göndərilməsinə Bayden imza atmayacaq, əksinə, Trampın işini davam etdirib ABŞ hərbi personalını tamamilə oradan çıxaracaq. NATO ilə zəifləmiş əlaqələr yenidən dirçələcək, Alyansın qüdrətli üzvləri ilə əlaqələr möhkəmlənəcək. Məsələn, Tramp Avropa ölkələrinin NATO-ya üzvlük haqqının az olmasını əsas gətirərək onları Alyansın müdafiə çətirinin altına almaqdan imtina edərək, ikitərəfli əlaqələrə üstünlük vermişdi. Digər tərəfdən, Avropada hələ “soyuq müharibə” dövründə ABŞ-ın ən böyük hərbi kontingentinin olduğu Almaniyadan qoşunları çıxarmağa başlamışdı. Baydenin bu prosesi dayandıracağı gözlənilir.

- Bayden hakimiyyətinin Rusiya ilə gələcək münasibətlərini necə şərh etmək olar?

- Demokratların nümayəndəsi Rusiyaya və şəxsən Putinə qarşı çox aqressiv münasibət göstərəcək. O, Putin rejimini “avtoritar kleptokratiya” adlandırıb və ABŞ seçkilərinə müdaxilə, eləcə də bir sıra əməllərinə görə onu cəzalandırmaq lazım olduğunu bəyan edib. Lakin Baydenin gəlişi Rusiyaya yeni ümidlər də vəd etməmiş deyil. Xüsusilə, yeni Prezidentin inauqurasiya mərasimindən yarım ay sonra vaxtı başa çatan “Strateji hücum silahları-3” müqaviləsinin vaxtının uzadılmasına olan ümidlər gerçəkləşərsə, Rusiya ABŞ tərəfindən ehtimal olunan təhlükəni önləmək imkanı əldə edər, eyni zamanda bu, beynəlxalq güc mərkəzlərindən “soyuq müharibə” dövrünün ənənələrinə sadiqlik tələb edən Rusiyanın beynəlxalq maraqlarına uyğun addım olardı.

Bayden Senatın Xarici əlaqələr komissiyasının sədri olub və beynəlxalq siyasəti yaxşı bilir. Obamanın onu özünə vitse-prezident təyin etməsinin əsas səbəblərindən biri də bu idi. Bununla belə, bizi düşündürən əsas məsələ onun Rusiyaya münasibətidir. Məhz, Bayden Administrasiyasının ABŞ-Rusiya münasibətləri, ABŞ-ın post-sovet məkanına yönəlik xarici siyasət strategiyasında əhəmiyyətli rola malik ola bilər. O, bu yaxınlarda Rusiyanı ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə böyük təhdid adlandırıb. Rusiya Baydenə təbrik teleqramı göndərməyə tələsmir. Hər halda, Kremlin onun seçilməsindən məmnun olmadığı aydındır. Baxmayaraq ki, Tramp dövründə Rusiyaya qarşı sanksiyalar tətbiq olundu, amma Kreml hesab edir və anlayır ki, Tramp bunu Konqresin təzyiqi altında etməyə məcbur olmuşdu. Neftin qiymətinin azalması, pandemiya, iqtisadiyyatın zəifləməsi, əhalinin Putinin xarici siyasət avantüralarını, məsələn, 2014-cü ildə Krımın ilhaq edilməsi dövründə olduğu kimi, entuziazmla qarşılamaması Kremli risklərdən çəkindirir. Bununa belə, Baydenin ABŞ siyasət ənənələrinə sadiqliyi Kremldə onunla işləməyi xoşagəlməz, amma etibarlı məcraya yönəldir.

Baydenin seçilməsi Rusiya üçün gözlənilməz olmadı, onlar ABŞ-dakı prosesləri diqqətlə izləyirdilər və artıq nəticəyə hazırdırlar. Rusiya artıq Tramp dövründə olduğu kimi, şəxslə yaxşı münasibətə ümid bəsləyə bilməz, lakin yaxşı tanıdığı ABŞ sistemi ilə işləməli olacaq ki, bunun da müsbət və mənfi cəhətləri özünü büruzə verəcək. Bayden Administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi istisna olunmur. Bayden Ukraynada korporativ maraqları olan siyasətçidir. Ukrayna məsələsinin üstünə Belarus seçkiləri, Ermənistanda Paşinyanın vəziyyəti və Rusiyanın Qarabağa sülhməramlı qüvvələr göndərdiyini də əlavə etsək, ABŞ ilə Rusiya arasında münasibətlərin gərginləşəcəyi aydındır. Bayden Belarusda Lukaşenkonun rəqibi Tixanovskayanı dəstəklədiyini bəyan edib. ABŞ erməni lobbisinin də Paşinyana dəstək üçün onunla audensiya gözlədiyi ehtimal oluna bilər.

Baydenin İranla münasibətləri normallaşdırmaq ehtimalı Azərbaycan və Ermənistanın geosiyasi əhəmiyyətini ABŞ üçün azaltsa da, Rusiya ilə ümumi gərginlik fonunda Cənubi Qafqazın diqqətdən kənarda qalmayacağı aydındır. Baydenin 77 yaşı olması nəzərə alınaraq, 4 illik prezidentlik dövründə vitse-prezident Kamala Harrisə səlahiyyətləri vermə ehtimalı da istisna olunmur. Ermənilərin sıx yaşadığı Kaliforniyadan seçilmiş Harrisin bu məsələdə necə davranması isə sual altındadır. Lakin Demokratların və Baydenin vitse-prezidenti olduğu Obama Administrasiyasının Azərbaycana qarşı mövqeyini xatıtlamaq yerinə düşər.

- Baydenin Şərqlə münasibətlərdə də yeni siyasi xətt aparacağı ehtimal edilir. Siz necə hesab edirsiniz?

- Baydenin bu məslədə geri çəkiləcəyini gözləmək olmaz. Onun, bəlkə Trampdan daha artıq Çinlə savaşa davam edəcəyini istisna etmək olmaz. Hətta, Baydenin daha irəli gedərək ABŞ korporasiyalarının texnologiyalarını və intellektual mülkiyyətini oğurlayan Çinə qarşı qətiyyətli olacağını gözləmək lazımdır. Çinin geosiyasi və texnoloji ekspansiyası ABŞ-ı bu mübarizədə, hətta, Rusiya ilə ittifaqa da sövq edə bilər. Bunu Baydendən Çinlə rəqabət aparan nəhəng transmilli korporasiyaların tələb etdiyi şübhə doğurmur. İran artıq Baydenin seçilməsindən məmnunluğunu gizlətmir, sanksiyaların ləğvi gündəmdə olmasa da, nüvə sazişinə qayıdış mümkün görünür. Üstəlik, Səudiyyə Ərəbistanı qoşunlarının Yəməndə qalmasına narazılıq edən Baydenin bu mövqeyi Ər-Riyadla Yəməndə mübarizə aparan İranın maraqları ilə tamamilə uyğundur. Trampdan fərqli olaraq Baydenin, İranın iki düşməni - Səudiyyə Ərəbistanı və İsraili Yaxın Şərqdə ən yaxın müttəfiq kimi görmək dövrü başa çata bilər.

- Bütün bunların fonunda, ABŞ-ın yeni seçilmiş Prezidentinin Azərbaycan, Qarabağ və Rusiya sülhməramlıları ilə bağlı mövqeyi necə olacaq?

- “Şimal axını-2” layihəsinə ABŞ-ın yeni Administrasiyasının münasibətindən çox şey asılıdır. Azərbaycanın Avropanın enerji təchizatında iştirakı, “Cənub qaz dəhlizi”nə əvvəlki diqqətin olması Bayden Administrasiyanın Azərbaycana münasibətinə böyük təsir göstərə bilər. Bundan başqa, Baydenin İranla nüvə sazişinə qayıtması, İran və Venesuelaya tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasını istisna etmir. Nəticədə, dünya bazarına sutkada İranın 2, Venesuelanın 1 milyon barel neft çıxarması gözlənilir ki, bu da neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Pandemiyanın zəiflətdiyi Azərbaycan iqtisadiyyatının buna necə reaksiya verməsi bizi düşündürməlidir. Faktiki bu gün Azərbaycan hərbi qüdrəti hesabına status-kvonu dəyişib, İlham Əliyevin bəyan etdiyi kimi, 27 ildir icra olunmayan BMT qətnamələrini özü həyata keçirib və Minsk Qrupunu tarixin arxivinə göndərib.

Bu gün meydanda və masada söz sahibi olan faktiki üç ölkə var - Azərbaycan, Rusiya və Türkiyə. Belə olan halda Minsk Qrupunun iki ölkəsi - ABŞ və Fransa proseslərdən kənara atılması ilə barışa bilmir və yenidən müdaxiləyə çalışır. Məsələn, ABŞ və Fransa Rusiyadan izahat tələb edir ki, Qarabağdakı vəziyyətlə bağlı onları məlumatlandırsın, habelə Türkiyənin roluna dair izahat versin. Məlumata görə, Mayk Pompeonun Fransa səfəri zamanı Fransanın xarici işlər naziri Jan İv Le-Driyanla söhbətinin xeyli hissəsi Qarabağa aid olub. Məlumatlardan belə anlaşılır ki, ABŞ və Fransa eyni mövqeyi bölüşür, Rusiyanın bölgəyə sülhməramlı göndərib, onları oyundankənar vəziyyətə salması ilə barışa bilmir və Minsk Qrupu formatının bərpasını tələb edirlər. Təbii ki, bu, Azərbaycanı qane edə bilməz.

Artıq dövlət katibi kimi yəqin ki, vəzifəsinin son günlərini yaşayan Pompeo Türkiyənin artan hərbi potensialından narahat olduğunu bildirib. Üstəlik, Türkiyəyə gələn Pompeo ölkə rəhbərliyi ilə görüşməyi İstanbulda planlaşdırsa da, Türkiyə Prezidenti və nazirləri bunu qəbul etməyib. Beləliklə, Bayden Administrasiyasının üzərində baş sındırmahlı olduğu problemlər sırasında Qarabağ problemi də olacaq. ABŞ Fransa ilə birlikdə problemi Minsk Qrupu formatına qaytarıb, daha 30 il dondurulmuş vəziyətdə saxlamağa çalışardı, Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası, Rusiya və Türkiyənin bölgədə birgə fəaliyyət razılaşması olmasaydı. Baydenin növbəti prezidentlik müddəti 4 il sonra başa çatacaq. Onun ikinci dəfə seçilməsi isə sırf yaş baxımdan mümkün deyil, həmin vaxt o, 81 yaşında olacaq və ikinci dönəmə iddiası absurd olardı. Rusiyanın sülhməramlı qüvvələrinin müddəti isə 5 il sonra başa çatacaq və beləliklə, Rusiya ABŞ ilə hesablaşmalı, razılaşmalı olsa belə, bu, Bayden olmayacaq. 2036-cı ilədək prezidentlik müddətini uzatmış Putin də bəlkə həmin dövrdə artıq Prezident olmaya bilər.