backend

Molla Cümə - 160. Kimdir, Molla Cümə?

Molla Cümə - 160. Kimdir, Molla Cümə?





















Əvvəli burada qaynarxett.az

Molla Cümə qüdrətli söz ustadıdır

Deyildiyinə görə , Molla Cümə əsasən əkinçiliklə məşğul olmuşdur. Qızı Reyhan xanımın dediyinə görə ölüncə onun əlindən oraq düşməmişdir. Ehtimal ki, Cümənin kiçik sahədən ibarət torpağı olmuş, buranı özü, öz arvadı ilə birlikdə əkib becərmiş və ömrünün sonunadək halal zəhmətiylə yaşamışdır. Aşığın gəlib bizə çatan "Arvad" vä "Sərçələr" adlı iki şeri fikrimizə əyani sübutdur.
"Sərçələr" şerində deyilir;

Fəqir dostum cəfa çəkib əkibdir,
Kərim dostum toxumunu tökübdür,
Nə zülümünən alağını çəkibdir,
Ayaqyalın Reyhan qarı sərçələr!


Molla Cümənin "Ay arvad" rədifli şerinə nəzər salaq. Şer aşığın dilindən arvadına müraciətlə söylənmişdir:

Ağyazıda taxılımız zay ola,
Indən belə kəsəyənlər bay ola,
Inanmıra çəltikdən də pay ola...

" Üç ildir ki, yarımçıqdır xanamız"-deyən aşıq evini tikib qurtarmağa imkanı olmadığından, güzaranının ağır keçməsindən şikayətlənir:

Soruşursan neçə-neçə halım var,
Ev tikəsi nə ustaya pulum var,
Quyruğu yox, dişləri yox kəlim var,
Nagah ölsə evim yıxdı, ay arvad.


Ulu söz sərrafı həmin şerin başqa bir bəndində o zaman qoyulan ağır vergilərdən təngə gəldiyini bildirir:

Məşədilərin üstümüzdə borcu var,
Saldat pulu, bir də Mirzə xərci var,
Iki koxa, otuz manat töycü var,
Az deyirəm ,hələ çoxdu ,ay arvad.


Aşığın arvadına müraciətlə söylədiyi bu şer, o zaman ehtiyac içərisində yaşayan ümumi xalqın dərdi idi. Molla Cümə çar məmurları və yerli zülümkarlardan yaxa qurtarmaq üçün arvadına xitab etməklə xüsusi bir metod işlətmiş , məsələyə sadəcə evə, ailəyə mäxsus bir don geydirmişdir. Ancaq diqqət etdikdə aşığın etirazının xalqın şikayətilə birləşdiyinin şahidi oluruq:

Mən Cüməyəm, bir murada irmədim,
Ha ki, cəfa çəkdim səfa sürmədim,
Bu dünyada yaxşı bir gün görmədim,
Haqqın dərgahında bədbəxt qul oldum.


O, əzabların və xoşbəxtliyin səbəbini bu dünyada gözəl şəkildə araşdırır və zəmanəsində baş verən haqsızlıqlardan şikayətlənir:

Çoxlarına tər bənövşə iylədir,
Çoxlarını gecə-gündüz göynədir,
Çoxlarını dırnaq üstə oynadır,
Çoxlarına danbır çalan dünyadır.
Molla Cümə, sənin kimi aşığı,
Kəmənd ilə çəkən dara dünyadır.


Səciyyəvidir, klassik aşıq yaradıcılığında kama yetməzlik , butasına , sevgilisinə qovuşa bilməmək böyük bir dərd kimi təsvir olunur. Bu dərd böyüyür, məhəbbət sərhədlərini keçərək elin, xalqın ümumi dərdi kimi ictimai bir rəng alır. Ustadların dərdləri, kədərləri bu yolla elin dərdinə qovuşur, onunla birləşir və o zaman daha böyük ictimai məzmun alır.

Ey cahan içrə olan,
Ömrü-günü qara Cümə.
Möhnətin, hicrin əlindən,
Düşübsən avara Cümə.
Xalq ara sirlərini,
Etməyən aşkara Cümə,
Dili şikəst , özü miskin,
Kimsəsiz , biçarə Cümə,
Ta ölüncə bu yarın,
Sevdası sərdə qalacaqmı?


Molla Cümənin çox kəsərli formada deyilmiş həcvləri də vardır. Aşıq bunları o zaman azğınlaşmış bəy, xan, torpaq sahibləri və s. adamların üzünə söyləmək belə çəkinməmişdir. Bu həcvlərdə olan tiplər, günahkarlar öz adları ilə Molla Cümənin şerlərində ifşa olunmuşdur. "Hacı Kərim", "Molla", "Axsaq Laçın", "Dəllək Salam", "Səid", "Cavad ağa" və. s şerləri buna misal göstərmək olar.

Molla Cümənin təcnis və bağlamaları da maraqlıdır. Bağlamalarda aşıq bu və ya digər şəkildə müəmmalı fikirlər söyləyir, dinləyicilərini, rəqiblərini düşünməyə sövq edir. Bu cəhətdən onun "Gəlirəm" rədifli bağlaması böyük maraq doğurur.( Sonda həmin bağlamanı sizlərə paylaşacam )
Görkəmli sənətkarın təcnis növündə yazdığı şerləri də müxtəlifdir. Bir sıra təcnislərdə bütün misralar eyni hərflə başlayır: " Zəhmətim əşəddir, bülbülüm gülsüz" təcnisinin bütün misraları "z" , "Muştulluq sevdiyim, istəkli dostum" təcnisininki isə "m" üstündə qurulmuşdur. "K" üstündə qurulmuş bir təcnisə diqqət edək:

Kəşf etdik çölləri divana düşdük,
Kələyə , qovğaya, divana düşdük,
Gəstərdin camalın divana düşdük,
Kərəm et Cüməyə ya dili göyçəäk.


Bütün göstərdiyimiz şerlərlə yanaşı , Molla Cümə yaradıcılığında əsas yeri məhəbbət lirikası tutur. Indi isə həmin bağlamanı sizin üçün paylaşıram.

"Gəlirəm".
**** *** ****
Ağalar, məndən sorarsız,
Bilin ki, mən hardan gəlirəm.
Pərvanə tək qalanmışdım,
Çıxıban nardan gəlirəm .
Mənsur kimi müsəxxərdim,
Qurtarıb dardan gəlirəm.
Aparıb əqlim, kamalım,
Satıb bazardan gəlirəm,
Billah təmiz uzaq olub,
Namusdan, ardan gəlirəm.

*** *** ***
Bir şəhərə yolum düşdü,
Sultanı çıxmış başa da.
Qabağında əl bağlayıb,
Qalmış yüz on dörd paşa da.
Altı min altı yüz altmış,
Bayrağı var yanaşada,
Doğsan min atlı qoşun,
Nizam oynar tamaşada.
Otuz qapıdan keçibən,
Mən o şəhərdən gəlirəm.

*** *** ***
Bir qarıynan qoca gördüm,
Əgləşmişlər xanəsində.
Iyirmi dörd gəlin vardır,
Həm onların binasında.
Hər gəlinin altmış uşaq,
Düzülübdür sinəsində.
On beş-on beş süd əmirlər,
Dörd məmə var anasında.
Möcüzata heyran olub,
Çərxi-dəvvardan gəlirəm.

*** *** ***
Bir əjdaha kəsdi yolum,
Gördüm on iki başı var.
Hər başında birdir ağzı,
Ağzında otuz dişi var.
Hər kəllədə dörddür gözü,
Tamam yüz əlli qaşı var.
Qabağında yazılıbdır,
Üç yüz altmış yaşı var.
Qorxma deyib mərd yerişli,
Cəlil-Cabbardan gəlirəm.

*** *** ***
Bir bəzirgan seyrə çıxmış,
Doğsan doqquz qul dalınca.
Gündə beş yol işlərlər,
O Israfil sur çalınca.
Bir şah qırar öz qoşunun,
Təki özü tək qalınca,
Arif olan bu suala,
Cavab verər kamalınca.
Mən Cümədə xəbər çoxdur,
Gəzib diyardan gəlirəm.



Molla Cümə qüdrətli söz ustadıdır. Aşıq insanın ən ümdə, incə, zərif hisslərini dilləndirən, ehtizaza gətirən lirik mahnılarla yanaşı, dövrünün sərt, amansız qanunlarını, bu qanunların məngənəsində çapalayan insanların iztirablarını, faciəsini yüksək sənətkarlıqla təsvir edən çox ciddi əsərlərin də müəllifidir. Bütün bunlarla bərabər biz onun yaradıcılığında dini mövzuların da ifadəsinin şahidiyik. Bu gün biz sizlərə onun yaradıcılığında ən az toxunulan və indiyə kimi demək olar araşdırılmayan, dini mövzudan danışacağıq.
Bildiyiniz kimi sovet hakimiyyəti dini inanclara qarşı sərt siyasət yürüdürdü. Bolşeviklər 70 illik hakimiyyəti dövründə xalqa ateizmi təbliğ edir, dini, əsasəndə "İslam"ı boş xülya adlandırırlar. Onların hakimiyyəti dövründə dini mövzuda yazılmış minlərlə əsərlər, onları yaratmış şəxslər keçmişin qalıqları, cürbəcür adlarla məhv edildi. Molla Cümənin özüdə və dini məzmunlu yüzlərlə şeridə həmin aqibəti yaşadı. Amma nə qədər məhv edilsədə, bəzi əlyazmalar qədir bilən şəxslər tərəfindən qorunub saxlanıldı və bu gün həmin əlyazmalarda olan dini səpgili şerlərlə deyə bilərək ki, bu insan nə qədər savadlı, dünya görüşlü, fitri istedada sahib, ilahi vergili bir səxs olmuşdur.
Molla Cümənin şerlərindən bizə aydın olur ki, o, mükəmməl mədrəsə təhsili almış, ərəb, fars, türk dilini öyrənmişdir. "Mən" rədifli qoşmasında aşıq özü belə yazır:

Qanıram , ustaddan almışam dərsi,
Oxumuşam ərəbi, türk ilə farsı,
Fikrim seyr eyləyir ərşinən kürsi,
Dərin kitabların mənasıyam mən.


Bizdə hasil olan qənaətə görə, gözəl ustad olan Molla Cümə üz tutduğu Allahdan dərdinə əlac olacağına inanırdı. Bu, elə şeirlərdən də açıq hiss edilir. Belə əsərlər bir insan, şəxsiyyət kimi xalqın ağsaqqalı, bilicisi və nəhayət, sənətkarı kimi ona lazım olurdu. Molla Cümə dövrünün ən görkəmli aşıqlarının sənət ənənəsinə sadiq qalaraq islam dini, onun tarixi, yaradıcıları haqqında geniş məlumata malik idi. Bu sahədə biliklərini o, çox sənətkarlıqla bir sıra şeirlərində ifadə edirdi. Belə şeirlər həm də onun sənətkar dünyasını, poetik aləmini, dinlərə olan münasibətini, etiqadlarını gözümüzün qarşısında canlandırır. Azərbaycan aşıq sənətində belə şeirlərin özünəməxsus yeri vardır. Molla Cümənin yüzlərlə şeirləri İslam və Şərq mifologiyası üstündə qurulmuşdur. Adam belə şeirləri oxuduqca bu böyük sənətkarın dünyagörüşü, erudisiyası qarşısında çaşbaş qalır. Molla Cümənin bu mövzuda yazdığı bir neçə şeirindən nümunələr gətirmək istəyirəm.

"Ya Rəbb" şerində yazır :

Bir diləkdi dərgahından istərəm,
İsmindi min birə bağışla,Ya Rəbb.
Dil duada, əlim göydə səslərəm,
Həbib, Piri-Nura bağışla, Ya Rəbb.


və yaxud, "Bizi" gəraylısında yazır :

Aman Allah bu dünyada,
Qurtar ahu-zardan bizi.
Səndən özgə çatmaz dada,
Özün qurtar dardan bizi.


Digər bir qoşmasında :

Xilaf yoxdu alimlərin sözündə,
Yazılıbdı dörd kitabın özündə,
Çini-çılpaq ərəsətin düzündə,
Boynuburuq durandadı tamaşa.


Yenə başqa bir şeirində :

Od qamçısıyla nara sürəndə,
Bu gözümüz o işləri görəndə,
İblis lənətulla tənə verəndə,
Şəfayət peyğəmbər səndən biçarə.


Neçə-neçə belə nümunələr gətirmək olar. Molla Cümə yerin böyük şairi və göylərin böyük üləmasıdır. İslamın ən çox yayılmış, insanların dilində əzbər olan rəvayətləri, Şərqin böyük tarixi, əfsanəvi şəxsiyyətləri haqqında olan mifləri Molla Cümə şerə salıb oxuculara çox ustalıqla çatdırırdı. Bununla yanaşı o, Şərqin böyük dahilərinin əsərlərinə çox yaxşı bələd olmuşdur. Aşağıdakı misralara diqqət edək :

"Bustan"da eylədi tərif
Şeyx Sədi Əbubəkri.
Həsən, Hüseyn padşahdır,
Molla Cami dilin zikri.
Məhəmməd əl-Mustafadır,
O veysül-Quranın fikri.
Molla Cümə gecə-gündüz
Qılar Allahına şükrü.
Molla Surxay üçün vardır
Minacatı ol Sübhanə.


Yuxarıda qeyd etdiyim kimi, sovetlər dönəmində aşıqlarımızın bu mövzuda olan şeirləri vaxtilə məhv edilib. İslam mifologiyası ilə zəngin olan əsərləri inkar etmiş, yolunu azan bir-iki molla, əfəndi, qazı haqqında şeirləri nümunə göstərmiş, onları yazan sənətkarları isə elə car eləyiblər. Molla Cümənin bu mövzuda olan əsərləri haqqında çox danışmaq olar, mən sonrakı yazılarım da bu mövzuya təkrarən qayıdacağam və vaxtaşırı sizlərə məlumat verməyə çalışacağam. Çünki Molla Cümənin bu səpkili şerlərinin uzun tədqiqata ehtiyacı var. Sonda Molla Cümənin dərin mənalı, İnsanı düşündürən, İslami mövzuda yazılmış bir şeirini sizlərə paylaşıram.

"Mədəd"

(Minacat)

Gecə-gündüz duam budur
Cabbar, Cəlildən mədəd.
Axır zaman peyğəmbəri
Rəsul Xəlildən mədəd.
Dörd səhabə, dörd məlakə,
Həzrəti Cəbraildən mədəd.
Bizim üçün doğru rahdə,
Olan dəlildən mədəd.
Adəmin cəsədi yoğrulan
O abi-gildən mədəd.

***
Əyub yaman dərdə düşdü,
Əridi cismi canə.
Sultan ikən Bilqeyisi
Qul etdilər Süleymanə.
İbrahim Xəlil dost yolunda
Oğul verdi qurbanə,
Quyu içinə düşdü Yusif,
Dua etdi Sübhanə,
Ağlar qalan Yaqub təki
Çeşmi-alildən mədəd.

***
Doqquz yüz əlli yaşayıb
Nuh getdi, dünya səndən.
Çox möcüzat zahir oldu,
Şüeybin əsasından.
Daş içindən çıxdı dəvə
Salehin duasından.
Zəkəriyyə girdi ağaca,
Yardılar qafasından.
Qoyun kimi boğazlanan
Yəhya məlildən mədəd.

***
İp salıban boğazına
Qulluğa verdi Musanı,
Yandı fəqirlik oduna
Göylərə qalxdı İsanı.
Ölməyib cənnətə girmək
Qismət imiş İdrisə,
Bu dünyada abi-həyat
Nəsib oldu İlyasa.
Dar gündə dada yetişən
Xızırtək quldan mədəd.

***
Dəryada balıq qarnında
Yunis oxur halətə,
Dörd yol öldü Carcus nəbi,
Çıxdı axır səlamətə.
Tutdu Əli Zülfüqarı
Çalışdı qəzəvətə.
Kərbəlada Həsən, Hüseyn
Təslim oldu cənnətə,
Mustafanın çeşmi-nuru
Ol iki güldən mədəd.

***
Yüz iyirmi dörd min nəbi
Dünyaya qılmış zühur.
Yeddi qat yer, yeddi qat göy
Ərş, Kürs, Qaf, Tur :
Şəms, qəmər, mələk, nücum :
İns, cins, mari, mur -
Yüz zühufnan endi Tövrat,
Qurani, İncil, Zabur,
İxlas, Yasin, Ta-ha
Oxuyan dildən mədəd.

***
İbrahim ədhəm padşahkən
Taxtdan qaçdı biçarə,
Dost üzünə həsrət qaldı
Yəməndə Veysəl qarə,
Əshab-Kəhfin kəlbi olub
Qoşulaydım qırxlarə,
Axır kəlam Molla Cümə
Sığınginən Qaffarə,
Çün məğrifət dəryasıdır
O nəhri-Nildən mədəd.


Ardı var

Elman Əzizov

"Qaynar xətt" qəzeti. (17-18 dekabr 2014)