backend

Molla Cümə - 160. Kimdir, Molla Cümə?

Molla Cümə - 160. Kimdir, Molla Cümə?


















Əvvəli burada qaynarxett.az

Molla Cümə qüdrətli söz ustadıdır


"Mədəd"

(Minacat)

Gecə-gündüz duam budur
Cabbar, Cəlildən mədəd.
Axır zaman peyğəmbəri
Rəsul Xəlildən mədəd.
Dörd səhabə, dörd məlakə,
Həzrəti Cəbraildən mədəd.
Bizim üçün doğru rahdə,
Olan dəlildən mədəd.
Adəmin cəsədi yoğrulan
O abi-gildən mədəd.

***
Əyub yaman dərdə düşdü,
Əridi cismi canə.
Sultan ikən Bilqeyisi
Qul etdilər Süleymanə.
İbrahim Xəlil dost yolunda
Oğul verdi qurbanə,
Quyu içinə düşdü Yusif,
Dua etdi Sübhanə,
Ağlar qalan Yaqub təki
Çeşmi-alildən mədəd.

***
Doqquz yüz əlli yaşayıb
Nuh getdi, dünya səndən.
Çox möcüzat zahir oldu,
Şüeybin əsasından.
Daş içindən çıxdı dəvə
Salehin duasından.
Zəkəriyyə girdi ağaca,
Yardılar qafasından.
Qoyun kimi boğazlanan
Yəhya məlildən mədəd.

***
İp salıban boğazına
Qulluğa verdi Musanı,
Yandı fəqirlik oduna
Göylərə qalxdı İsanı.
Ölməyib cənnətə girmək
Qismət imiş İdrisə,
Bu dünyada abi-həyat
Nəsib oldu İlyasa.
Dar gündə dada yetişən
Xızırtək quldan mədəd.

***
Dəryada balıq qarnında
Yunis oxur halətə,
Dörd yol öldü Carcus nəbi,
Çıxdı axır səlamətə.
Tutdu Əli Zülfüqarı
Çalışdı qəzəvətə.
Kərbəlada Həsən, Hüseyn
Təslim oldu cənnətə,
Mustafanın çeşmi-nuru
Ol iki güldən mədəd.

***
Yüz iyirmi dörd min nəbi
Dünyaya qılmış zühur.
Yeddi qat yer, yeddi qat göy
Ərş, Kürs, Qaf, Tur :
Şəms, qəmər, mələk, nücum :
İns, cins, mari, mur -
Yüz zühufnan endi Tövrat,
Qurani, İncil, Zabur,
İxlas, Yasin, Ta-ha
Oxuyan dildən mədəd.

***
İbrahim ədhəm padşahkən
Taxtdan qaçdı biçarə,
Dost üzünə həsrət qaldı
Yəməndə Veysəl qarə,
Əshab-Kəhfin kəlbi olub
Qoşulaydım qırxlarə,
Axır kəlam Molla Cümə
Sığınginən Qaffarə,
Çün məğrifət dəryasıdır
O nəhri-Nildən mədəd.


Azərbaycan xalqı zaman-zaman düşmənlərə, istilaçılara qarşı çoxlu igidlər, qəhrəmanlar yetişdirmişdir. Bu igidlər daima xalqın haqqını müdafiyə etmiş, zalımlara qarşı amansız olmuş , lazım gəldikdə canlarını belə xalqının, vətəninin yolunda verməyə hazır olmuşlar. Belə igidlər 19-cu əsrdə daha çox yetişmişdi ki, bunlardan da Qaçaq Nəbini, Qaçaq Kərəmi, Dəli Alını, Molla Nuru ,Qandal Nağını və digərlərini siz yaxşı tanıyırsınız. Amma mən bu gün sizə başqa bir igid haqqında melumat verəcəm. Bu igid 19-cu əsrdə yaşayıb Çar üsul-idarəsinə qarşı Şəki bölgəsində mübarizə aparmış və sizin az tanıdığınız, xalq qəhrəmanı Məhəmməd Cavadoğludur. Mən sizə Molla Cümənin ona həsr etdiyi bir müxəmməslə bu şəxsin necə bir igid olduğunu ve sizində onu tanımağınızı istəyirəm. Allah həm Məhəmməd Cavadoğluna və silahdaşlarına, həm də onu bizə öz müxəmməsiylə tanıdan Molla Cüməyə rəhmət eləsin. Amin.

"Deyim"

Ağalar, bir guş tutun, Mən sizə elanı deyim.
Seydi tək çöldə gəzən, Bir neçə oğlanı deyim.
Məhəmməd Cavad oğlu, Igidlərin xanı deyim.
Rüstəmi-Zal, Muxtarı, Əhmədi, Aslanı deyim.
Istərəm Isgəndərə, Zülfüqarı sanı deyim.

Mahalın naçalniyi, Çün uydu casıd sözünə.
Hökm qıldı gərək gedək, Biz Salımçaqın düzünə.
Nə bilsin Məmməd bəyin, Güllə dəyəcək özünə.
Nə bilsin bumuşnikin, Zərər verəcek gözünə.
Indi sizlər eşidin, Ordakı davanı deyim.

Xəbər getdi nəçənniyə: Tezcə bu əmri bitirin!
Iki yüz əlli qoşun, Salımçağa tez yetirin!
Otuz beş istiravnik, On qaradovoy götürün!
Yetişin qaçaqlara, Tez diri tutun gətirin!
Qoy belə bir nəçənniyə, Mən də çöl heyvanı deyim.

Pristavlar atlanıb, Saldatı saldı peşinə.
Doldular fürsət ilə, Salımçağın meşəsinə.
Nagahan yetişdilər, Aslanların pəncəsinə.
Heç davamları yox imiş, Süzənlərin gülləsinə.
Şahsuvarlar eliyən, Ordakı tufanı deyim.

Qaçaqlar nizam ilə, Aldı araya qoşunu.
Cavad oğlu qışqırıban, Tezcə qıcadı dişini.
Yenə insaf eleyib, Öldürdülər qırx beşini.
Xəber getdi nəçənniyə, Götürsün murdar leşini,
Allahım şad elədi, Külli müselmanı deyim.
Casid çox əcayibdi, Özü getmiş oraya,
Cavanlar görən kimi, Saldılar onu araya.
Dedilər, ay Mehdi bəy, Sən niyə gəldin buraya?
Atdılar dəhanından, Yətmedi bir kəs araya.
Götürsünlər aradan, Qoy belə heyvanı deyim.

Qurtarıb bu dəstədən, Sarışdılar draquna.
Tökdülər dolu kimi, Gülləni sağı, soluna,
Neçə saldat qırılıb, Getdi cehennem bağına.
Aslanlar dost-aşnası, Çıxdılar Qoxmux dağına,
Eldə yaylıq ağlayıb, Eyləyən efqanı deyim.

Şükür sənə , O Allaha, Qurtardın cavanları sən.
Kor peşiman elədin, Hər yerdə düşmanları sən.
Çox salamat elədin, Cəngidə aslanları sən.
Qudurmuş azğınlara, Qalib bu oğlanları sən.
Eylədin mərhəmətinlə, Bizlərə ehsanı deyim.


Molla Cümənin tədqiqatçıları anadan olma tarixini,

Min üç yüz otuz iki,
Tarixdədir indi sənə,
Altmışa çatmış yaşım.


misralarına istinad edərək onun 1854 - cü ildə Şəki rayonunun, Göynük mahalının, Layisqi kəndində anadan olduğunu göstərirlər.
Çox təəssüflər olsun ki, 1920 - ci ildə hakimiyyət başına gələn Şura hökuməti və onun ordusundakı erməni daşnakları Azərbaycanın Milli mənəviyyatına qarşı tuşlanmışdılar. Şəkidə yerləşən Qızıl ordu hissələrindəki mənfur qüvvələrin fitvası ilə elə həmin ilin may ayında Molla Cümə faciəli şəkildə şəhid olmuşdur.
Molla Cümə yaradıcılığı bir çox alim və tədqiqatçılar tərəfindən öyrənilsə də, F.E.D Paşa Əfəndiyev tərəfindən əsərləri bir neçə dəfə nəşr edilsə də, ustad aşığın Azərbaycan aşıq şeirindəki yeri lazımınca müəyyən edilməmişdir.

Əsərləri ilə tanış olduqca məlum olur ki, Molla Cümə mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini dərindən mənimsəmiş, İslami hərtərəfli biliyə, dərin dünyagörüşünə malik bir sənətkar olmuşdur.

Ey dünya, fitnədir işin sərasər,
Oyanmaz qəflətdən neçə peyğəmbər,
Həzrəti ƏbuBəkr, həzrəti Ömər,
Həzrəti Osmanı neylədin, dünya?

Yüz iyirmi dörd min müxtəsər nəbi,
Gəlibən getdilər, yoxdur hesabı,
İslamın çirağı, haqqın həbibi,
Məhəmməd Mustafani neylədin, dünya?

Ey dünya, üstündə qalmaz bir əsəd,
Sənə fani demiş Allah əl Saməd,
Gözəllər sultanı binnət Məhəmməd,
Fatimeyi-Zəhranı neylədin, dünya?

Ey dünya, çoxlara salıbsan talan,
Puç imiş axırın, yalansan, yalan,
Allahın yolunda Zülfüqar çalan,
Əlitək aslanı neylədin, dünya?


Molla Cümə aşıqlıq sənətinə çox qədim bir sənət kimi baxırdı. O, bu sənətin mənşəyində şamançılığın, qamançılığın, ozançılığın dayanmasından söhbət açmasa da, bədii bir dildə Adəm peyğəmbərdən üzü bəri gələn bir sənət olduğunu söyləyirdi:

Aşıqlıq Adəmdən icad olubdur,
Ol Adəm atanın nəvəsiyəm mən.
Nə qədər dünyaya aşıq gəlibdir,
Külli aşıqların anasıyam mən.
Aşnayam, gedərəm doğru yolunan,
Bülbüləm, söhbətim olar gülünən,
Danışsalar yetmiş iki dilinən,
Ol qədər arifəm, qanasıyam mən.


Molla Cümənin külli aşıqların anası olması fikri nə qədər mübaliğəli olsa da, müəyyən mənada yaradıcılığında özünü doğruldur. Dövrümüzə kimi gələn bütün el aşıqları bu çeşitlərlə şeir yazmamışlar. Bunuda oxucularımın nəzərinə çatdırım ki, əlyazmalarının çoxusu bəzi fırıldaqçı " şair ve aşıqlar" tərəfindən oğurlanıb və öz adlarına çap olunub.
Bəzi əlyazmalarıda hal hazırda araşdırılır və yeni cildli əsərləridə Allahın iznilə bu yaxınlarda işıq üzü görəcək.

Demək olar ki, aşıq şeirinin bütün şəkilləri onun yaradıcılığında əks olunur və bu nümunələr öz mükəmməlliyi ilə diqqəti cəlb edir. O, əsərlərində təşbehlərdən, metaforadan, bədii ifadə və təsvir vasitələrindən yüksək sənətkarlıqla istifadə etmiş və gözəl sənət nümunələri yazmışdır.

Molla Cümənin əlyazmalarıında da aşıq şeirinin aşağıdakı şəkilləri əsas yer tutur.

a) Gəraylılar

Molla Cümə gəraylılarının əksəriyyəti İslami və aşiqanə mövzudadır.

Əziz yara mehman olan,
Mübarək xas gecəsidir.
Qəmli könlüm bir silkələn,
Eşqə həvəs gecəsidir.


Aşıq xas gecəsində ona dünyada hər şeydən qiymətli olan yarının qonağıdır. Öz könlünü oyadır ki, belə fürsət hər deyəndə ələ düşməz, çəkilən eşq əzabı səni haldan salmasın. Bu yorğunluğu unudub şux olmaq lazımdır.

Mən qurbanam sən tək cana,
Gəl gözümdən getmə yana.
Sağ olsunlar dost, aşina,
Düşmənə yas gecəsidir.


Sevgi ilə nəfəs alan aşıq, yarının gözündən də, özündən də uzaq getməməsi üçün canını belə qurban verməyə hazırdır. Dost aşinaya xeyir - dua edir və bu günün ən gözəl gün olduğunu, onun dəyərini qiymətləndirir. Aşığa elə gəlir ki, düşmənləri onun vüsala çatmağını biliblər, yas içindədirlər.

Yüzüm yüzdə dildə kəlam,
Yuxu bizə olsun haram.
Molla Cümə, al intiqam,
Yardan, qisas gecəsidir.


Sevgilisinin vüsalına yetən aşıq sevdalı gündə, hamı üçün normal olan yuxunu yarını doyunca görmək üçün özlərinə haram hesab edir.
Əslində çəkdiyi eşq əzabından intiqam alırdı.

b) Qoşmaları

Molla Cümə fikri, hissi ümumiləşdirmək bacarığına malik qüdrətli bir sənətkar olduğu üçün onun yaratdığı aşıq şeiri şəkillərinin hamısında olduğu kimi, qoşmalarında da gördüyünü, yaşadığını, duyduğunu gözəl lirik bir məzmunda yazmışdır.

Mən Cüməni ahuzara yetirdin,
Üç dilək istədim, birin bitirdin,
Bu sovqatı cənnətdənmi gətirdin,
Xurma verən əllərinə dolanım.


Xurma ona sevgilisinin əli ilə verildiyi üçün sevgilisinin əlini və xurmanı az qala mifləşdirir, özünü bu əllərə qurban deyir. Yaxud:

Cüməyəm, mən səni yad eyləyirəm,
Saz çalıb, söz deyib şad eyləyirəm,
Bu qədər yanında dad eyləyirəm,
Birgə soruşmursan: nə diləyin var?


Deyən aşıq özünün sevgilisinə olan İlahi səmimiyyətini, gözəlin qəlbinin daşdan da bərk olduğunu kövrək dillə vermişdir.

c) Əvvəl - axırları

Molla Cümə bütöv yaradıcılığında olduğu kimi əvvəl axırlarında da müxtəlif, dərin məzmunlu, şirin axıcı dilinən aydın fikir vermişdir.

Yanıq Cümə oxlanıbdı, yandırıbdı yeri, göy,
Yağar leysan bahar fəsli, nəbat eylər yeri - göy,
Yüz iyirmi dörd min nəbi hörmətinə yeri göy,
Yaxşı eylə ölən vəqtə, ayarım haray - haray.


Sanki şeirdəki fikir hərəkətə gəlir, gözlərin önündə canlanır. Aşıq İslam dininin böyüklüyünü, saflığını bildiyi üçün Haqqın dərgahına xoş əməl sahibi kimi getməyi arzulayır.

ç) Təcnisləri

Aşıq yaradıcılığında könül oxşayan dərin məzmunlu təcnis yaratmaq xüsusi məharət, zəngin bilik, şirin təb tələb edir.

Axar yaşın qoy tökülsün ayağa,
Oğrun - oğrun qovrilginən ayağa.
Əzəl - axır cəsəd girər ay ağa,
Onda neylər düşsə didar - didara.


Eyni adlı başqa - başqa məna bildirən qafiyələri ustad aşıq elə məharətlə istifadə etmişdir ki, bu da təcnislərinə məna və məzmun dolğunluğu vermişdir.

d) Divaniləri

Molla Cümə divaniləri müxtəlif məzmunludur. O bəzən öz - özünə üz tutur.

Molla Cümə, öz - özünü yekələtmə dilindən,
Yaxşılığın durmuş ikən, yaman gəlməz əlindən,
Hərə eylər yüz böhtanı çevriləndə dalından,
Başın alıb qaç bir yana, dərbədər dövranıdır.
Xalqa deyəsi nəsihətamiz fikri özünə deyir.


Ustad sənətkarın yaradıcılığında belə maraqlı tərəflər çoxdur.

e) Müxəmməsləri

Aşıq yaradıcılığında qüdrətli söz ustadının müxəmməsləri orjinal təsvir, şux tərənnüm, fikir aydınlığı və çox incə lirik axıcılığı ilə seçilir. Hər bəndin sonunda gələn qafiyəni, ondan sonra gələn bəndin birinci misrasının, birinci sözündə işlətməsi müxəmməsə zərif lirik dad verir, onu daha da şirinləşdirir.

Oxşarsan İsmi Pünhanə,
Dərdindən öldüm Alagöz.
Alagöz İsmi Pünhana,
Əvvəl baxışın oxşayır.
Həm gözün, kəm kirpiyin,
Həm qələm qaşın oxşayır.


Misgin Abdalın yaradıcılığını tədqiq edən F.E.D Hüseyn İsmayılov Misgin Abdalın çox kamil təcnislər yaratdığını söyləyir. Alimin bu fikrini Molla Cümənin müxəmməslərinə də şamil etmək olar.

Ardı var