backend

Molla Cümə - 160. Kimdir, Molla Cümə?

Molla Cümə - 160. Kimdir, Molla Cümə?




















Molla Cümə və İsmi-Pünhan arasında yaşanan yanıqlı məhəbbət hekayəsi


Günlərin bir günü Molla Cüməni Layısqıya toy məclisi aparmağa dəvət edirlər. Bu o vaxt idi ki, Molla Cümə artıq evlənmişdi, övladları da var idi. Böyük sənətkar bu təklifdən qəhərlənir və deyir ki, indi gedə bilməyəcək. Sifariş sahibi soruşur : -Aşıq, bəs, nə vaxt gəlmək imkanınız olacaq? -Nə bilim, bəlkə heç bir il vaxtım olmadı. -Eybi yoxdur. Qoy siz deyən olsun. Mən oğlumun toyunu düz bir il gecikdirərəm. Molla Cümə bu sözdən pərt olur. Kişiyə deyir : -Oğlunuzun toyunu mənə görə ləngitməyin. Şəkidə o qədər aşıq və xanəndə var ki! -Doğru deyirsiniz, Şəkidə aşıq və xanəndə çoxdur. Molla Cümə isə bir dahidir. Biz bu toyu hələ bir il əvvəl etməli idik. Molla Cümənin çox soraqladıq. Şəkidən Gəncəyə, Qaxdan Balakənə, oradan da Laqodexiyə, Laqodexidən də Tiflisə qədər soraq etdik. Bizim ləzgi qardaşlar şairi çox sevirlər. Molla Cümə baxır ki, çıxılmaz vəziyyətdir. Bu sözü yerə sala bilməyəcək. Molla Cümənin Baş Layısqı ilə qonşuluqda olan Şin kəndində ləzgi dostları çox idi. Elə bu ləzgi də deyir ki, Baş Layısqıya Şindən köçüb gəlib. Baş Layısqıda hökumət qulluğunda dayanır. Pristav yanında hörmətli var. Lazım gəlsə aşığın da qulluğunda dayana bilər : onun da bir sözü, şikayəti olsa hökumətə çatdıra bilər. Molla Cümə düşünür ki, ona belə bir dost 10 il əvvəl lazım idi. İndi isə gecdir. 15 illik ayrılıqdan sonra o, Baş Layısqıda - doğma kəndində gözəl bir məclis aparır. Bütün şeirləri, oxuduğu aşıq mahnıları İsmi-Pünhanla başlayıb, İsmi-Pünhanla da qurtarır.

Dad qazılar, İsmi-Pünhan bəndənin,
Xub camalı münəvvərdən artıqdır.
Çəməndə durnadır, göldə yaşılbaş,
Bağ içində heyva, nardan artıqdır.

***
Cüməyə çəkdirmiş qəmi, hicranı,
Mənim tək bülbülün olur Xəndanı.
Dəhanında ikən dürrüm dəndanı,
Yaqut, yəmən, dürr-gövhərdən artıqdır.


Molla Cümə İsmi-Pünhana həsr etdiyi yanıqlı şeirlərlə, mahnılarla yanaşı, bu 15 illik ayrılıq vaxtı nə etdiyi barədə doğma kəndinə və onun adamlarına həm bilik, həm də bir növ hesabat verirdi.

Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyanı divanə təki,
Mahalım Göynükdür, şəhərim Şəki,
Layısqı kəndinin binasıyam mən.

və yaxud :


Qardaş sizlə hansı dildə danışım,
Yetmiş iki millətin dili məndədi.
Axıtsam gözümdən qan ilə yaşı,
Daşqın çayların seli məndədi.

başqa şeirində :

Mən Molla Cüməyəm, dərya-ümmanam,
Coşaram, daşaram, heç bulanmaram,
Həyasız insandan heç utanmaram,
Həyalı insanın həyası məndə.


Bu cür şeirləri ilə aşıq ayrılıq müddətində onu unudanlara özünün kimliyindən dərs verirdi. Layısqı camaatı sevimli şairinin - aşığının həsrətində idi və Molla Cümə o gün toy məclisində onların əlinə göydən düşmüşdü. Deyirlər, Molla Cümə bütün gecəni səhərə qədər oxudu, dayandı, saysız suallara cavab verdi. Öz avtobioqrafiyasını dönə-dönə, "Ruhani" və "Sarıtel" , "Yanıq Kərəmi" və "Şirvan Şikəstəsi" üstündə, muğam guşələri üstündə : "Segah" və "Şahnaz" üstündə oxudu. Özü də etiraf etdi ki, ömründə xüsusən də bu 15 illik ayrılıq dövründə heç vaxt bu qədər fasiləsiz oxumayıb. O məclisdə Molla Cümə doğma kəndi Layısqıya sonsuz məhəbbətini dilə gətirmişdi. O, - Layısqı - Azərbaycanın və dünyanın cənnətidir, - deyirdi.

Nə gözəl vətənsən, mübarək kəndsən,
Qismət oldun biz ümmətə Layısqı.
Yan gəzənlər sənin qədrini bilməz,
Sən hayıfsan müxənnətə Layısqı.


***
İlimiz dünyada on iki aydır,
Arzumuz geyməkdir, şadlıqdır, toydur,
Gözəlin gözəldir, cavanın saydır,
Bəzənmisən yüz ziynətə Layısqı.

***
Molla Cümə qəm-hicrana batıbdır,
Ahu-zarı asimana çatıbdır,
İsmi-Pünhan səndə qərar tapıbdır,
Oxşayırsan lap cənnətə Layısqı.


Bu üç bənd şeiri ilə Molla Cümə Layısqı kəndini , onun insanlarını ümumiləşdirilmiş formada təqdim edir. O, Layısqı kəndinin mərd insanların vətəni olduğu, yan gəzənləri , ona başqa gözlə baxanları, pis adamları isə həmişə Layısqının havasının, suyunun, torpağının və xüsusəndə savadlı, mehriban insanların paxıllığını çəkən müxxənnətlərə bənzətmişdir. O gecə Salis deyirdi, Baş Layısqı kəndindəki o toy məclisində İsmi-Pünhanın əri, uşaqlarıda iştirak edirmiş. İsmi-Pünhan özüdə gəlmək istəyib. Amma hiss edib ki, özünü saxlaya bilməyəcək. Lap heç nə danışmasın, ağlamağını saxlaya bilməyəcək. Ağladısa, qurtardı, sirr açılacaq. Buna görə də İsmi-Pünhan bir bəhanəylə evdə dayanır. Onun ərinin evi də toy mağarına yaxın imiş. O, aşığın - Molla Cümənin ona həsr etdiyi yanıqlı mahnıları eşidib göz yaşı tökür. Əri, uşaqları evə qayıdan da onu gözü yaşlı görüb, nə üçün ağladığını soruşanda, canı ağradığını deyib, niyə ağladığını heç kəs bilməyib. Molla Cümə ilə İsmi-Pünhan arasında böyük bir əhdinamə, ilqarnamə olub. Hər ikisi söz verib ki, İsmi-Pünhan - Molla Cümə sevgisinin sirri heç vaxt açılmayacaq. Sona qədər də bu sirr açılmamış, gizlin qaldı. Budu əsil məhəbbət, əsil sevgi. Molla Cümə məclisdə sonuncu İsmi-Pünhanına həsr etdiyi mahnını oxuduqda səhər açılırdı. Aşıq bu payız gecəsi özüdə birdən birə xəstələnmişdi. Həm xəstələnməsi, həm də yerdən verilən bir sual aşığı susmağa vadar etmişdi. Bunu görən toy sahibi məclisi dayandırır. O, əvvəl bu suala cavab vermək istəmir, adamlardan biri həddini aşaraq : -Yox! Aşıq! Deyəcəksiniz kimdir İsmi-Pünhan? - deyə onun üzünə dirənmişdi. - İsmi-Pünhan mənim İlham Pərimdir! O, bir şirin xəyaldır! Dünyada elə adam, elə qız, elə gözəl yoxdur! - cavabını verib, sədəfli sazını boynundan çıxarıb, toy mağarının qapısına tərəf getdi. Toy sahibi və yaxınları Molla Cümənin qolundan tutub həyətə çıxartdılar. Payız gecəsi artıq əriyib gedirdi. Molla Cümə çox kövrəlmişdi. O, ağlamaqdan, hönkürməkdən özünü güclə saxlayırdı. O, ev sahibindən xahiş etdi ki, fayton gətirsinlər, o, təcili surətdə kənddən çıxmalıdır. Toy sahibi el aşığının xahişinə əməl etdi. Fayton onu Qaxın İlisu kəndinə apardı..... Sonda isə mən sizə Molla Cümənin həmin məclisdə İsmi-Pünhanına həsr etdiyi sonuncu oxuduğu şeiri paylaşıram.

İsmi-Pünhan ərəsətin günündə,
O hesab kitabım açmaram sənsiz.
Yolunu gözlərəm sirat üstündə,
Bir qədəm irəli keçmərəm sənsiz.

İsmin, adın sənin, baldan şirin.
Axıtsam gözümdən qan ilə irin,
Mövlam əmr eyləsə cənnətə girin,
Meyl edib qapısın açmaram sənsiz.

Cüməyəm olmuşam cunun sərsəri,
Çıxmaz canımdan eşqin əsəri,
Versələr əlimə abi-kövsəri,
Yəqin bil sevdiyim içmərəm sənsiz.