backend

Molla Cümə - 160. Kimdir, Molla Cümə?

Molla Cümə - 160. Kimdir, Molla Cümə?



















Əvvəli burada qaynarxett.az

Molla Cümə qüdrətli söz ustadıdır

Molla Cümənin kitabda bəzi müxəmməsləri beş misra ilə verilmişdir. Aşıq yaradıcılığında bildiyimiz kimi hər misra ikiyə bölünərək beş misralıq bənd, on misra verilir. Yaxşı olar ki, gələcək nəşrlərdə bu nəzərə alınsın.
Məncə tədqiqatçı Molla Cüməni şair hesab etdiyi üçün bəndləri beş misradan ibarət vermişdir.

ə) Müsəddəsləri

Molla Cümə hərdən sevdalı könlü ilə danışır ki, dövranın sənə vurduğu yaraların ağrısını çəkib qurtara bilmirsən, amma bir gözəl görəndə gözün gözəllikdən doymur, dərdin, əzabın üstünə təzələri gəlir.

Bixəbərsən ey könül, nə eyləmiş dövran sənə,
Dərdin artmış dəryadan, etməz əlac loğman sənə,
Yanğılısan ol qədər, kar eləməz ümman sənə,
Ah çəkib ağlagilən gəlibdir bir mehman sənə,
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?!


Öz könlünə Yaradana üz tutub dua, şükür etməyi məsləhət bilir ki, yerin, göyün sahibi də səndən mərhəmətini əsirgəməsin. Əlacın loğmanda yox, Alllah C.C görür.

f) Müsəbbələri

Qüdrətli söz ustadının müsəbbələri oynaqlığı, diriliyi ilə adamda elə təsəvvür yaradır ki, sanki onun müasirisən, onu ölməz sənətkarın öz dilindən dinləyirsən.

İstədim gəlib görəm, ayağıma vuruldu bənd,
Qol qanadım bağlanıb, boynuma salındı kəmənd,
Atlanıb çıxdı könül, o yolda yoruldu səmənd,
Dedilər görüb onu necə dözərsən ay ləvənd,
Bilmirsən necə sitəm oldu yaman Məhəmmədə?!
Ol cavan Məhəmmədə, ol növcavan Məhəmmədə!
Xoşməzaclı, xoşqılıq, şəkərzəban Məhəmmədə!
Şeirdəki qəmli ovqat oxucunu bürüməyə başlayır.


g) Tərcibəndləri

İsmi Pünhan aşiqiyəm, Cümə derlər adıma,
Sidq ilə "ah" eyləsəm, qatlaşa bilməz oduma,
Hərdən bir haraylaşsam gəlib yetişər dadıma,
Dilimdə zikrim odur, düşməyir kimsə yadıma,
Bülbülü görən laçın sağsağanı qılmaz yeri,
Yeri - yeri dinməz yeri, a boynu dönməz yeri,
Sənin kimi itqılıq həqdən utanmaz yeri.


(Halal südəmməz yeri!)

Dilin əngin imkanlarından məharətlə istifadə edən ölməz sənətkar nəyi görürsə, duyursa onun əbədi portretini yaradıb və yaşadıb.

ğ) Zəncirləmələri

Dilbərim sənsən mənim, ay təzə növrəstə gülüm,
Ay qabaqda tellərin durur dəstə - dəstə gülüm,
Hər vaxtda görsəm səni mən düşərəm xəstə gülüm,
Gül yanaqdan bir busə şəfqət eylə dosta, gülüm,
Of səni qucaqlayım basım bağrım üstə, gəlin!


Qucaqlayım belin yar,
Sığallayım telin yar.
Ver əlimə əlin, yar,
Sal boynuma qolun yar.
Aman məni yandırır,
O şirincə dilin yar.
Dilin bülbüldü,
Yanağın güldü,
Saçın sünbüldü,
Sinən qəndildi,
Birgə insaf etgilən,
Aşığın öldü.


Öldürmə mən yazığı, ay şahü sərdarım, gəlin!

Ustad ağıl və təxəyyülün birliyindən canlı, gözəl nümunə yaratmışdır.

h) Qıfılbəndləri

Qıfılbəndlər aşıq yaradıcılığında sirr, sehrlə dolu poetik söz iksiridir. Deyişmə zamanı aşıqlar qıfılbənddə məna və müəmma ilə zəngin dərin fikirlərlə aşığın əyarını təyin edirlər.

Cümə, fanaram,
Dəymə, sınaram,
Fikrin qanaram,
Sən bizə gəlsən.


x) Dübeytiləri

Heca və misra sayına görə dübeytilərdə fikri vermək yüksək sənətkarlıq tələb edir.

İsmi Pünhan göl sonası,
Eylər məni eşq anası,
Düşübdür könlünə kəklik,
Yaxşı olur çığırtması.


Molla Cümə İsmi Pünhanı sonralar görmədən onun incə hisslərini duyub ruhu oxşayan gözəl məzmunlu, axıcı dilə malik şeirlər və dübeytilər yazmışdır.

l) Gözəlləmələri

Yol açmışam canda, yar gəlib gəzsin,
Basıb tapdalasın, bağrımı üzsün,
Bir kərə öldürsün, əlimi üzsün,
Susasın qanıma, batsın babala.
Babal olar gözəllərdə,
Eşitmişik əzəllərdə.
İki mələk, yaz illərdə,
Çiynin üstə edib nalə.
Nalə edər hər gün ahu,
İşləmə hər günahı.
Üzüm haqda, dil duada,
Çəkərəm hər gün ahı.


Gözəlləmələrdə də ustadım əvvəlki şeir şəkillərində olduğu kimi, bədii rəngarənglik, əlvanlıq, məzmun dolğunluğu, fikir obrazlılığı axıcılıqla şeiri tamamlayır.

Molla Cümə yaradıcılığı həm də klassik ədəbi janrları əhatə edir.

Molla Cümənin şerlərinə mahnılar qoşulmuşdur. Aşıqlar şeirlərini el şənliklərində oxuyurlar. Bu da özündən sonra gələn aşıqlara, estetik, ədəbi bədii təsirini göstərir.

Əziz oxucum, bu bölmədə sizlərə Molla Cümənin "Dolana-dolana" Molla Cümənin bu gəraylısı 21 bənddən ibarətdir. Bu gəraylıda Molla Cümə 11 məhəbbət dastanının adını çəkir və özünü dastan qəhrəmanlarına oxşadır.Yəni Molla Cümə bundan başqa neçə-neçə belə dastanlar bildiyini və burada onların hamısının adının çəkilməsini mümkün olmadığını söyləyir. Molla Cümənin özünün bizə məlum olan 7 dastanı var. Mən sözümü nəyə gətirmək istəyirəm, Molla Cümə klassik ədəbiyyatı, aşıq ədəbiyyatına nə qədər gözəl bilmiş, nahaq yerə Molla Cümənin araşdırıcısı professor Paşa Əfəndiyev kitabında bu sözləri yazmayıb :- Bəzən bir-iki misra ilə böyük bir hekayətə, yaxud dini-fəlsəfi adlara işarə olunur. Molla Cümə bunların hamısını məktəbsiz, institutsuz, akademiyasız, təkbaşına öyrənmişdir. Bunları oxuduqca onun eridusiyası, üləmalığı qarşısında baş əyirsən. Amma indi hər hansı ədəbiyyatçıdan və yaxud müəllimlərdən soruşsan bir neçə dastandan xəbərləri var, çoxunun adından belə məlumatı yoxdur. Bu haqda çox danışmaq olar, amma yaxşısı budur ki, özünüz bunun şahidi olasınız.

"Dolana-dolana"
(gəraylı)
***
Şeyda bülbül qan ağlayır,
Gülü dolana-dolana.
Durna üzün sığallayır,
Teli dolana-dolana.
***
Oxucular yazı yazar,
Sehrkarlar fitnə düzər,
Zənbur olan şanda gəzər,
Balı dolana-dolana.
***
Uca dağın tər lalası,
Otlayır ceyran balası,
Mərd əlində piyalası,
Dolu dolana-dolana.
***
Kim ki, bu dünyaya uya,
Axirətin əldən qoya,
Qarun girdi dərin quya,
Malı dolana-dolana.
***
Neçə-neçə divanələr,
Canın yara qurban eylər,
Şam oduna pərvanələr,
Çalı dolana-dolana.
***
Tutmuş eşqin bərkini,
Oxudu farsı, türkünü,
Mənsur darda can tərkini,
Qılı dolana-dolana.
***
Çoxlar içər bu zəhəri,
Hərənin var bir təhəri,
Şeyx Sənandan qaçdı Pəri,
Çölü dolana-dolana.
***
Vərğa, Gülşa nə etdilər,
Xalqın gözündən itdilər,
Qırx il də yerdə yatdılar,
Halı dolana-dolana.
***
Zöhrə dedi bu dünyada,
Tahir ömrün verdi bada,
Axıban getdi dəryada,
Əli dolana-dolana.
***
Çatdı Züleyxa sərinə,
Düşdü Yusifin seyrinə,
Tapışdılar bir-birinə,
Dali dolana-dolana.
***
Şüşə könlüm əzər həcər,
Müşkül olan sirlər açar,
Məcnun Leyli qəbrin qucar,
Ölü dolana-dolana.
***
Əzəl gördü röyasını,
Unutmuşdu dünyasını,
Fərhad Şirin qayasını,
Dəli dolana-dolana.
***
Cavankən qəddini əyib,
Gizlin sirrin xalqa yayıb,
Kərəm yandı, Əsli deyib,
Dili dolana-dolana.
***
Belə oldu hal qaziyə,
Qulaq asın avaziyə,
Sarmaşdı Qəmbər Arzuya,
Qolu dolana-dolana.
***
İsmayıl düşdü sevdaya,
Aşırıldı Qəmərdaya ,
Yetişdi Ərəbzəngiyə,
Yolu dolana-dolana.
***
Şüşə könlüm şüşə sını,
Ovçu tutar ahusunu,
Xurşud qucar Mahusunu,
Beli dolana-dolana.
***
Çatdı Qəribin ayninə,
Bu sevda endi beyninə,
Girdi Şahsənəm qoynuna,
Xalı dolana-dolana.
***
Hansı birin deyim aman,
İnnən belə min belə can,
Gəlib keçər dövrü-zaman,
İli dolana-dolana.
***
Bu dünyadır hicran dağı,
Bir yana çıxmaz ayağı,
Haqqın özü qalır baqi,
Qulu dolana-dolana.
***
Onçün dedim dünya fani,
Saydığım aşiqlər hanı,
Əzrail də bir-bir canı,
Alı dolana-dolana.
***
Molla Cümə binasını,
Bilir eşqə yanasını,
İsmi-Pünhan xanasını,
Qalı dolana-dolana.


Hörmətli oxucular mən bu gün sizə Molla Cümədən bir məhəbbət şeri paylaşacağam. Bu müxəmməsi oxuyandan sonra insan deməyə söz tapmır. Yəni gözəli belə tərif etmək, axıcılıq, şirinlik, canlı portret gözəlliyi oxucunu vəcdə gətirir. Aşıq bir qitədə dörd dəfə şerin şəklini dəyişdirir. Eyni qitədə bir hissədən o birisinə elə ustalıqla keçir ki, oxucu onun sənətkarlığına heyran qalır. Bu cür sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar Molla Cüməni "müxəmməsin atası" adlandırmışlar.

"Pəri"
(müxəmməs)

***
Nagahan gördü gözüm
Sən təki insanı, Pəri.
Hurisən, Məlakə sən,
Cənnətin qılmanı, Pəri.
Yaralar məlhəmisən,
Dərdlərin dərmanı, Pəri.
Gözəllər sərdarısan,
Məhbubların xanı, Pəri.
Şah kimi taxta çıxıb,
Edərsən divanı, Pəri.
Divanına gələrəm,
İzzət, ikram qılaram,
Xidmətində qalaram,
Qul-qurbanın olaram,
Əgər qəbul eləsən,
Qolum boynuna salaram.
Qolum boynunda,
Əlim qoynunda,
Çiynim çiynində,
Eşqin beynimdə.
Sarmaşıb köynək kimi
Durum sənin əynində.
Əyninə al məni, gəl,
Qat bu cana canı, Pəri!
***
Gəl qataq canı cana,
Xatirimə dəyməginən.
Sındırıb şad könlümü,
Dal qəddimi əyməginən.
Gəlmişəm ayağına,
Naz-qəmzəni öyməginən.
Sevərsən bir Tanrını,
Mən yazığa qıymaginən.
Ver mənim muradımı,
Qiyamətə qoymaginən!
Qiyamətdir qaşların,
Güləbatın saçların,
İnci, mərcan dişlərin,
Xub fincandır döşlərin,
Bu biçarə başıma
Çox ağırdır daşların.
Ağır daş atma,
Nazını satma,
İşi uzatma,
Xalqı oyatma,
Qanıma bais olub
Babala batma.
İki dostun arasına
Salmaginən qanı, Pəri!
***
Qan salma aralığa,
Çün eşqimə pərvanəsən,
Bəxtəvər yaranmısan,
Bu dünyada bir danəsən,
Sərraflar qədrin bilir
Cəvahirsən, dürdanəsən.
Xoş qılıq, xoş ixtilat,
Açıq qabaq-mərdanəsən.
Alu-əlvan hənalayıb,
Tök tellərin gərdənə sən.
Gərdən göyçək, tel nazik,
Qucmaq üçün bel nazik,
Barmaq şümşad, əl nazik,
Xoş danışan dil nazik,
Çox qəmlidir ürəyim,
Bircə danış, gül nazik.
Nazik uşaqsan,
Kağızdan ağsan,
Ağca buxaqsan,
Qaymaqdodaqsan.
Maşallah, göz dəyməsin,
Əcəb yumşaqsan.
Bircə gecə eylə qonaq,
Sevindir mehmanı, Pəri!
***
Mehmanınam gəldim sana,
Eylə qonaq, al qoynuna.
Götürüb qucağına,
Tifil kimi sal qoynuna.
Mirzəyev tüccar kimi
Doldurmusan mal qoynuna.
Yerbəyer müştərilər
Eyləyiblər yol qoynuna.
Müştəriyəm boyuna,
O gözəlcə xoyuna,
Ətrü-ənbər buyuna,
Edən haqqu sayına,
Dərdlərə dərman olan
Abi-kövsər çayına.
Çayın popuxdur,
Rəngidə şuxdur,
Suyun soyuqdur,
Yaza yovuqdur,
Kipriyin oxdur.
Gəzsələr cəm dünyanı
Heç tayın yoxdur.
Kim olar barabarın
Sənsən Kərəm kanı, Pəri?!
***
Yəqin bil, kərəm kanı,
Mən yanıram atəşinə!
Beqafil gəldim bu gün
Düşdüm betər savaşına.
Mayılam camalına,
Həm gözünə, həm qaşına.
Yıxılım ayağına,
Durub dolanıb başına.
Həm sənə qurban olum
Həm də sənin yoldaşına.
Yoldaşın pərvazdı, gəlin!
Xub yerişin qazdı, gəlin,
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin!
Doğmusan şəmsü-qəmər,
Gül didarın yazdı, gəlin.
Ey bahar, yazım,
Durna avazım,
Əlimdə sazım,
Eşit niyazım,
Aç qolunu, qucaqlaşaq,
Demək nə lazım.
Oynatsın Molla Cümə
Şamamatək səni, Pəri!


Deyildiyinə görə , Molla Cümə əsasən əkinçiliklə məşğul olmuşdur. Qızı Reyhan xanımın dediyinə görə ölüncə onun əlindən oraq düşməmişdir. Ehtimal ki, Cümənin kiçik sahədən ibarət torpağı olmuş, buranı özü, öz arvadı ilə birlikdə əkib becərmiş və ömrünün sonunadək halal zəhmətiylə yaşamışdır. Aşığın gəlib bizə çatan "Arvad" vä "Sərçələr" adlı iki şeri fikrimizə əyani sübutdur.
"Sərçələr" şerində deyilir;

Fəqir dostum cəfa çəkib əkibdir,
Kərim dostum toxumunu tökübdür,
Nə zülümünən alağını çəkibdir,
Ayaqyalın Reyhan qarı sərçələr!


Molla Cümənin "Ay arvad" rədifli şerinə nəzər salaq. Şer aşığın dilindən arvadına müraciətlə söylənmişdir:

Ağyazıda taxılımız zay ola,
Indən belə kəsəyənlər bay ola,

Inanmıram çəltikdən də pay ola...

" Üç ildir ki, yarımçıqdır xanamız"-deyən aşıq evini tikib qurtarmağa imkanı olmadığından, güzaranının ağır keçməsindən şikayətlənir:

Soruşursan neçə-neçə halım var,
Ev tikəsi nə ustaya pulum var,
Quyruğu yox, dişləri yox kəlim var,
Nagah ölsə evim yıxdı, ay arvad.


Ardı var