backend

Bu dəfə Paşinyanı yola salmaq MÜMKÜN OLACAQ? - GƏLİŞMƏ

Ermənistan Baş naziri Nikol Paşinyan sənəd imzalamaq niyyətini onun istefası tələbi ilə ölkədə etirazlar başlandıqdan sonra təkzib etdi. Görünür, erməni baş nazir 10 noyabr bəyanatının imzalanmasından sonra yaşanan hadisələrin təkrarını istəmir, təkzibi də daxili rəyə hesablanıb. Halbuki, Paşinyan yekun sənədlə bağlı açıq mətnlə danışmışdı və döyüşlərin nəticəsi də Ermənistanın çətin vəziyyətə düşdüyünü deməyə əsas verirdi. Ermənistan həm canlı qüvvə, həm texnika baxımından böyük itkilər veriblər. Nikol 105 itkidən danışsa da, real sayın bunun bir neçə qatı olduğu bəllidir.

Yüzlərlə erməni hərbçinin əsir götürüldüyünə, o cümlədən, çoxsaylı qənimət əldə edildiyinə dair görüntülər var. Digər yandan Azərbaycan Ordusu böyük ölçüdə irəliləyib, nəzarətə götürülən strateji ərazilər var. İndiki dönəmdə İrəvanı ancaq kapitulyasiyaya bərabər sənəd imzalamaq xilas edə bilər. Paşinyan etiraf etməsə də bunu anlayır. Dərk edir ki, başladıqları “hərbi kampaniya”nın əsas hədəfi olan beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqinə nail ola bilməyəcək, proses bəyanatlardan uzağa getməyəcək.

Qeyd edək ki, ötən gün Paşinyan bildirmişdi ki, Ermənistan tərəfi sənəd imzalamaq istəyir. Bu sənədə görə onları satqın adlandıracaqlar, hakimiyyətdən uzaqlaşdırmağa çalışacaqlar, lakin Ermənistanın təhlükəsizliyini, davamlı sabitliyini və sülhü təmin etmək üçün bunu etməlidirlər. Ancaq üzərindən bir neçə saat keçəndən sonra baş nazir heç bir sənəd imzalanmayacağını dedi. Əlavə etdi ki, Azərbaycan Ordusunun de-fakto dayandığı ərazilər daxilində ərazi bütövlüyünü tanımağı tələb etsə, razılaşmayacaq. Ekspertlərin fikrincə, əslində İrəvan Bakının 5 şərti əsasında sülh müqaviləsinə razıdır, lakin bunun əvəzində SSRİ dövründə ermənilərə verilən Azərbaycan torpaqlarını da saxlamaq istəyir. Rəsmi Bakının bununla razılaşmayacağı bəllidir.

Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün verdiyi bəyanatlar onun hərb, yoxsa sülh dilemması arasındakı çırpıntılarının mahiyyətini anlamağa kömək edir. Analitikin fikrincə, Prezident İlham Əliyevlə Nikol Paşinyanın sonuncu Brüssel danışığından sonra Ermənistandakı hərbi-siyasi dairələr hərbi avantüra üçün arqument tapdılar:

"Bu arqumentin onlara Paşinyan tərəfindən fiziki cəhətdən verilib-verilmədiyi aydın da deyil. Amma üzdə olan budur ki, revanşistlər baş nazirin mövqeyindən və ya mövqesizliyindən vəcdə gələrək regionda hərbi-siyasi şəraiti dəyişdirməyə cəhd ediblər. Nikol Paşinyan parlamentdəki çıxışında Azərbaycanın bəzi ərazilərə nəzarəti bərqərar etdiyini deyib. Ardınca isə imzalana biləcək hansısa sənəddən, verə biləcəyi çətin qərarlardan söz açıb və sonra bunu danıb. Paşinyan erməni cəmiyyətin həmin sənədə öyrəşdirmək üçün ilk nəbz yoxlanışını həyata keçirdi. Hər nə qədər təkzib etməyə çalışsa da, Azərbaycanın şərtləri əsasında onun masasına yeni tələblər sənədi qoyulduğu aydındır. Paşinyan həmin sənədin konseptual baxışlarını dilə gətirdi, “yəni belə bir məsələ var, hazır olun” mesajını erməni cəmiyyətinin şüuruna yeridir. Ancaq sənədin detallarının dəqiqləşdirilməsi məsələsində mübahisələr var. Bununla belə əminlik artır ki, tənzimləmələrdə Azərbaycanın şərtləri ön planda tutulacaq".

A.Kərimova görə, Paşinyanın çıxışından sonra Ermənistanda hökumət əleyhinə aksiyalar başlayıb: "Erməni "xalq hərəkatının” budəfəki mərhələsi əslində elə Paşinyanın özünün üçlü oyunu davam etdirməsinə şərait yaradır. Paşinyan bununla hələ də beynəlxalq aləmdən dəstək ummaq meylini inkişaf etdirir.

Azərbaycan tərəfinə mesaj verir ki, “xalq buna hazır deyil və müharibə istəyir”. Yəqin hesablama mexanizmini belə qurub ki, bununla Azərbaycanın tələblər silsiləsinin icrasını təxirə salan bir atmosfer yaransın. Nə qədər təəccüblü görünsə də, proseslərlə özünün baş nazir kürsüsünü bərkidir. Hesab edirəm ki, bir çoxunun düşündüyünün əksinə olaraq, Paşinyanın devrilməsi ehtimalları çox azdır, çünki bu hüdud xətti hələ tam formalaşmayıb.

Paşinyan xarici siyasətdə bərbad bir reputasiyaya malik olsa da, o, öz hakimiyyətini möhkəmləndirmək üçün göstərdiyi bicliklərdə müstəsna qabiliyyətlərə malikdir. Paşinyanın hərəkətləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, daha doğrusu, Xankəndidə vəziyyəti qarışdırıb. Əslində bu amillər Bakının əlini gücləndirir. Paşinyanın çıxışının Xankəndidə əks-səda doğurması elə Paşinyan üçün də keçərlidir.

Çünki Qarabağ mövzusu artıq ona əlavə başağrısı verir, hərçənd ki, hərdənbir fərqli mövqelər də nümayiş etdirir. Bir sözlə, Paşinyan bir daşla bir neçə quş vurmağa çalışır. Burada isə Azərbaycanın maraqlarına uyğun olan mövqe ilə yanaşı, Bakının əleyhinə olan davranışlar da az deyil.

Ona görə ki, Paşinyan nə qədər biclik etsə də və bu hiylələrinin üzərinə müxtəlif epitetlərlə makiyaj çəksə də, nəticədə erməni cəmiyyətində revanşist duyğular yenidən üzə çıxır. Azərbaycan isə Ermənistan ictimai-siyasi ruhundakı qisasçılıq hisslərinə hərbi müdaxilə ilə cavab verməyi adekvat addım hesab edir və bunun üçün kifayət qədər haqlı əsaslar mövcuddur".