backend

Yiyəsiz qalmış Ramanı: gecikən avtobuslar, tərbiyəsiz sürücülər və etiraz

Bakıxanov qəsəbəsindən cəmi 12 km aralıda yerləşən Ramanı qəsəbəsi gözdən uzaq, könüldən iraq bir yaşayış məntəqəsinə çevrilib. Bir müddət əvvəl Toplum TV qəsəbədən reportaj hazırlayaraq, insanların yolsuzluqdan əziyyət çəkdiyini kadrlar yayımlamışdı. Həmin reportajdan da aydın görünürdü ki, insanlar evlərindən çıxıb, çörək almağa, uşağını bağçaya, məktəbə apara bilmirlər. Bu gün isə JAMAZ.İNFO-ya müraciət edən bir qrup qəsəbə sakini avtobuslardan da şikayətçi olublar.

Bildirək ki, hal hazırda Ramananın Südçülük və Gülçülük massivləri qəsəbənin ən ucqarları hesab olunurlar. Bakıxanov qəsəbəsindən 15-20 km aralıdayerləşən massivlərdə nəinki yol, kommunikasiya və infrastruktur böhranı yaşanır. Kanalizasiyanın olmaması, yolların bərbad halının üzərinə, bir də avtobuslarla bağlı problem əlavə olunub.
Qəsəbə sakinləri bildirir ki, uzun zamandır Südçülük və Sovxoz massivlərinə 163 saylı avtobus xətti işləyir. Bu avtobus marşrutu xeyli müdətdir normal məcrada, elə də uzun olmayan intervalda hərəkət edərək, sakinlərin ünvana çatmasına imkan verirdi. Lakin son bir həftədir, sakinlərin təbiri ilə desək, 163 saylı avtobus marşrutunun “başına daş düşüb”.
Sakinlər deyirlər ki, qəsəbə əhalisinin böyük qismi şəhərin müxtəlif yerlərində işləyirlər. Bunun üçün də səhər vaxtlı durub, yola çıxırlar ki, vaxtında iş başına çatsınlar. Lakin bir həftədən çoxdur ki, 163 saylı avtobusların intervalı 40 dəqiqəyə çatıb. Nəticədə, sıxlıq yaranır ki, bu da insanların vaxtında ünvana çatmasına imkan verməməklə yanaşı, həm də avtobuslarda qələbəlik yaradır. “Bir çoxları bu sıxlıqdan dolayı avtobusa minə bilmir. Bir çoxları isə 40-45 dəqiqə gözləməkdən həm yorulur, həm mənzil başına vaxtında çata bilmir, həm də əsəblərinə hakim ola bilmir. Ötən gün isə dayanacaqda gözləyən yaşlı qadınlardan biri ayaq üzərində durmaqdan bihal olaraq, yıxılıb”.
Sakinlər qeyd edir ki, Südçülük və Sovxoz massivlərində yayda günəşdən, qışda yağış və qadna qorunmaq üçün dayanacaq belə yoxdur. “Qışın soyuğunda yol kənarında dayanıb, avtobus gözləmək, özü də 45 dəqiqə gözləmək məşəqqətdir. Nə dayanacaq var, nə də durmağa bir yer. Yağış olanda isə massivin mərkəzindən keçən asfalt yol gölə çevrilir. Nəticədə, heç yolun kənarında da dayanıb, avtobus gözləmək olmur”.
Onlar deyirlər ki, qəsəbə əhli əsasən kasıblardan təşkil olub. İnsanların böyük qisminin elə maddi imkanı yoxdur ki, taksi ilə hərəkət eləsinlər. “Ona görə də, hamı avtobusdan istifadə edir. İndi o imkan da əldən çıxmağa başlayıb. Hər səhər yol qırağında dayanan çarəsiz insanları görsəniz, dəhşətə gələrsiz. Bu insanlar niyə 40 dəqiqə avtobus gözləməlidir? Əgər avtobus problemi var idisə, niyə əvvəllər bu diqqəti çəkmirdi? BNA-nın dərdi nədir? Bu insanlara niyə bu qədər zülm edirlər?”
Bir başqa problem də 163 saylı avtobus xəttində çalışan sürücülərin sərnişinlərlə davranışları ilə bağlıdır. Sakinlər deyir ki, son zamanlar sürücülər o qədər aqressiv və kobud olublar ki, dəfələrlə dava-dalaşa gətirib çıxarıb. “İnsanlar haqlı olaraq narazılıq edirlər. Avtobusun bu qədər gecikməsinin səbəbini soruşurlar. Elə ağızlarını açan kimi, sürücü ya kobud cavab verir, ya sərnişinləri təhqir edir, ya da avtobusu saxlayıb etiraz edən sərnişinə hücum çəkir. Dəfələrlər sürücü ilə sərnişin arasında əlbəyaxa davanın şahidi olmuşuq. Sanki harada tərbiyəsiz, kobud sürücü var, yığıblar 163 saylı marşruta. Belə şey olar? İnsanların səbrinin bir həddi var. Nə zamana kimi, belə davam edəcək?”
Sakinlər Bakı Nəqliyyat Agentliyindən Ramanı qəsəbəsinin Südçülük və Sovxoz massivlərinə marşrut avtobuslarının sayını artırmasını tələb edirlər. Onlar deyirlər ki, əgər qısa müddətdə tələbləri yerinə yetirilməsə, etiraza əl atmaq məcburiyyətində qalacaqlar. “Bu qədər hədsizlik, hörmətsizlik olmaz. BNA-dan tələb edirik ki, ya bu xətti nizama salsın. Bunu avtobusların sayını artırmaqla edəcək, başqa çarə fikirləşəcək, bilmirik. Bu onların işidir. Ya da biz etiraz etmək hüququmuzu özümüzdə saxlayırıq”.
Qeyd edək ki, Bakı şəhərində nəqliyyatın idarə edilməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Bu qurum kağız üzərində Bakının nəqliyyatını tənzimləsə də, əslində, başı başqa işlərə qarışıb. Problemin kökü odur ki, bu qurum yerində deyil, üzərinə düşən vəzifələri icra edə bilmir və ya etmir. Elə bu səbəbdən də təkcə, Ramanı əhalisi deyil, Bakının bütün məntəqələrində yaşayan insanlar nəqliyyat sarıdan korluq çəkir. Hərçənd dövlət büdcəsindən bu quruma heç də kiçik məbləğdə vəsait ayrılmır. Yəni, BNA maliyyə çatışmazlığından şikayət etməyə haqqı çatmır.