backend

Övladlarınızı həvalə edə biləcəyiniz repetitor müəllimlər!

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim gənc nəslin mənəvi aləminin və təfəkkürünün memarı, cəmiyyətin sabahını etibar etdiyi şəxsdir. Bu baxmdan, müəllimlik, sözün əsl mənasında, çox şərəfli peşədir, məsuliyyətli vəzifədir. Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, qayğıkeş, etibarlı dayağı olub. Ürəyinin istisi, zəkasının nuru ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar yetişdirir müəllimlər. Bu və ya digər peşə sahibləri nail olduqları uğurlara görə daha çox öz müəllimlərinə borclu olduqlarını həmişə iftixarla qeyd ediblər. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir. Lakin bir şey aydındır: müəllim və şagirdlər həmişə olub, qətiyyətlə deyə bilərik ki, zamandan asılı olmayaraq, daim də olacaq. Çünki insan bilik və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə müəllimin üzərinə düşür, müəllim gələcəyə yol açır. Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur.