backend

Enerji diplomatiyası: beynəlxalq əməkdaşlığın mühüm istiqaməti


Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan uzun illərdir ki, regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmiz müasir enerji infrastrukturu, şaxələndirilmiş ixrac marşrutları və beynəlxalq əməkdaşlığa əsaslanan siyasəti ilə qlobal enerji bazarında strateji mövqeyə sahibdir. Azərbaycanın həyata keçirdiyi iri enerji layihələri regionlararası əməkdaşlığın güclənməsinə, enerji resurslarının təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarlarına çatdırılmasına mühüm töhfə verir. Bu uğurların əsasını isə ardıcıl dövlət siyasəti, uzaqgörən strategiya və beynəlxalq tərəfdaşlıq prinsiplərinə əsaslanan fəaliyyət təşkil edir.
Bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz enerji sahəsində qlobal miqyaslı təşəbbüslərin müəllifinə və iştirakçısına çevrilmiş, enerji diplomatiyası Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi formalaşmışdır. Prezident İlham Əliyevin strateji baxışı və qətiyyətli siyasəti nəticəsində Azərbaycan enerji resurslarının dünya bazarlarına çıxarılmasını təmin edən mühüm nəqliyyat və enerji dəhlizlərinin təşəbbüskarı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
Məhz bu ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir, eyni zamanda bərpa olunan enerji sahəsində yeni təşəbbüslərlə qlobal enerji keçidi prosesinə töhfə verir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası həm ənənəvi enerji layihələrinin uğurla icrasını, həm də yaşıl enerji potensialının inkişafını təmin edərək ölkəmizin enerji sahəsində mövqeyini daha da gücləndirir.
Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 12-ci İclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərinin 4-cü İclası çərçivəsində çıxış edərək Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini, regional əməkdaşlığın genişləndirilməsini və yaşıl enerji gündəliyinin prioritetlərini vurğulamışdır. Prezident qeyd etmişdir ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji təşəbbüsdür və Azərbaycan bu layihənin etibarlı tərəfdaşı kimi öz öhdəliklərini ardıcıl şəkildə yerinə yetirir.
Dövlət başçısı bildirmişdir ki, son illərdə enerji bazarında baş verən dəyişikliklər və artan tələbat fonunda Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha da artmışdır. Bu layihə yalnız enerji marşrutu deyil, həm də geniş beynəlxalq əməkdaşlıq platformasıdır. Azərbaycan bu təşəbbüs vasitəsilə tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirir, regionda sabitlik və iqtisadi tərəqqiyə töhfə verir. Prezident vurğulamışdır ki, layihənin bütün seqmentləri, Cənub Qaz Dəhlizi, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri uğurla fəaliyyət göstərir və Avropaya qaz tədarükünün artırılması istiqamətində əlavə imkanlar nəzərdən keçirilir.
Çıxış zamanı Azərbaycanın zəngin enerji resurslarına malik olmaqla yanaşı, enerji keçidi prosesində fəal rol oynadığını da qeyd edilmişdir. Prezident bildirmişdir ki, ölkəmiz yalnız ənənəvi enerji sahəsində deyil, həm də bərpa olunan enerji istiqamətində geniş layihələr həyata keçirir. Azərbaycanın külək və günəş enerjisi potensialı yüksəkdir və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişlənir. Xəzər dənizinin külək enerjisi imkanları xüsusi vurğulanmış və bu potensialın həm ölkədaxili tələbatın ödənilməsi, həm də gələcəkdə enerji ixracının şaxələndirilməsi üçün mühüm əhəmiyyət daşıdığı bildirilmişdir.
Çıxışda həmçinin Azərbaycanın enerji siyasətinin əsas prinsipləri, etibarlılıq, tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq xüsusi qeyd olunmuşdur. Prezident vurğulamışdır ki, Azərbaycan bütün tərəfdaşları ilə qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurur. Bu yanaşma sayəsində Cənub Qaz Dəhlizi beynəlxalq enerji əməkdaşlığının uğurlu nümunəsinə çevrilmişdir.
Sonda dövlət başçısı iştirakçı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkür edərək bildirmişdir ki, enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Azərbaycan gələcəkdə də enerji təhlükəsizliyinin təmin olunmasına, yeni layihələrin həyata keçirilməsinə və yaşıl enerji gündəliyinin inkişafına öz töhfəsini verməyə davam edəcəkdir.