Samir Həsənov Rusiya hakimiyyətiylə imzalanan heç bir sənədin gələcək zəmanəti yoxdur. Çünki burada bütün siyasət yalan üzərində qurulub Minsk-2 razılaşmasına gəlincə, əslində Minsk-1 sənədindən elə də fərqlənmir. Burada problem orduların ayırıcı xəttinin uzunluğunda deyil, Putin Rusiyasının yürütdüyü siyasətin mahiyyətindədir. Mahiyyət isə imperiya iddasını göstərir. Rusiya Ukraynanın öz təsir dairəsindən çıxmasını istəmir. Rusiya Ukraynanı NATO-ya girməsini heç bir zaman qəbul etməyəcək. Rusiya Ukraynanın yaxın gələcəkdə inkişaf etmiş demokratik bir Avropa ölkəsi olmasını heç cür həzm edə bilmir. Çünki azad, demokratik və güclü Ukrayna Rusiyanın imperiya iddialarına təhdid hesab olunur. Rusiya anlayır ki, Ukraynanın inkişafı rus toplumunda bir çox suallar yaradacaq, eyni zamanda post sovet məkanındakı ölkələri də Qərbə inteqrasiyaya cəlb edəcək. Bununla da Rusiya cəlbedici nüvə olmaqdan çıxıb yerini güclü, inkişaf etmiş Ukrayanaya verəcək. Bu isə Rusiyanın avtoritar hakimiyyət quruluşu üçün süqut deməkdir.
Bütün bunların qarşısını almaq üçün Rusiya Minskdə istədiklərini əldə edə bildimi? Bilmədi. Bu razılaşma sənədi Rusiyanın Ukraynada təsir imkanlarını saxlamağa imkan vermir. Ona görə də bu razılaşma Rusiya üçün sadəcə növbəti zaman qazanma kimi istifadə olundu. Çünki razılaşma olmadığı təqdirdə artıq Avropa Birliyində növbəti sanksiyaların qəbul etməsi an məsələsiydi və daha çox Rusiyanın mövqeyindən asılı idi. Rusiya ən azından bunun qarşısını almış oldu. Eyni zamanda ABŞ-da Ukraynaya uçan öldürücü silahlarla yardım edilməsi yönündə qərar verilməsinə hazırlıqlar gedir. Rusiya bu razılaşmayla hələlik bu qərarı da müəyyən zamanadək ertələyə bildi. Başqa tərəfdən, Rusiya bu razılaşma ilə sanksiyaların yumşalmasını da hədəfləməmiş deyildi.
Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın bu yumşaq güclə Qərbə təsir etməkları yoxdur. Ona görə də Rusiya zor gücüylə Qərbi təhdid edir və bu taktika müəyyən mənada effekt verir. Avropa ölkələrinin qorxuya düşməsi, istənilən şərəfsiz sülhə hazır olmaları da bunu göstərir. Rusiya zor gücüylə təhdid etməklə həm də ABŞ və müttəfiqləri arasında parçalanma yaradacağına ümid edir. Ona görə də Minsk-2 razılaşmasının uznmüddətli olacağını və regiona sülh gətirəciyini düşünmürəm. Əksinə, düşünürəm ki, hərbi əməliyyatlar müəyyən zamandan sonra müxtəlif bəhanələrlə yenidən başlayacaq. Çünki Rusiya nə sülh, nə müharibə taktikasıyla Ukraynada gedən islahatlara imkan verməməklə bərabər, Ukrayna toplumunda da Poroşenko hakimiyyətinə qarşı narazılıq yaratmaq və əksinqilabı həyata keçirməklə Ukraynanı yenidən öz əhatə dairəsinə qaytarmaq istəyir. Putin hakimiyyətini qoruyub saxlamağın yolunu məhz bu müvəffəqiyyətdə görür. Putini dayandırmağın yeganə yolu rus ordusuna qarşı müasir silahlarla ciddi dirənişdir. Düşünürəm ki, bu reallığı artıq ABŞ-da da anlayanların sayı getdikcə artır. Hələlik yaxın perspektiv bunu vəd edir.