backend

Azərbaycanda növbəti müharibə ehtimalı

Azərbaycanda növbəti müharibə ehtimalı




















“Dağlıq Qarabağda müharibə ehtimalı var və bu ehtimal çox böyükdür”.


qaynarxett.az xəbər verir ki, bunu hərbi ekspert Azad İsazadə bildirib. Onun sözlərinə görə, son bir ildə müharibə ehtimalı kəskin artıb:

“Atəşkəs sazişi bağlanandan bu günə kimi Azərbaycanın müharibə ehtimalı olub. Bu risk ildən-ilə çoxalıb, hətta bəzən azalıb. İndi isə müharibə ehtimalı bir az da artıb. Tam razıyam ki, bu gün Azərbaycan ordusu yaxşı nailiyyətlər nümayiş etdirə bilər. Təkbətək, çox rahatlıqla Ermənistan ordusu ilə bacara bilər”. Açıqlamasında ekspert deyib ki, bu mövzudan danışarkən siyasi güc mərkəzlərini də unutmamalıyıq:

“Həmişə siyasi güc mərkəzlərini diqqətdə saxlamalıyıq. Söhbət Rusiya, Qərb və İrandan gedir. Biz başa düşməliyik ki, bu siyasi mərkəzləri də neytrallaşdırmalıyıq. Demirəm ki, bizim tərəfdən çıxış etsinlər, amma heç olmasa bizə qarşı çıxmasınlar”. A.İsayev bildirib ki, müharibə olarsa, Azərbaycanın qalib gəlmək imkanı realdır:

“O ki qaldı İrəvandan gedən söhbətə, bu barədə danışmaq tezdir. Söhbət ilk öncə işğal olunan ərazilərdən gedir”.

Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyi də son açıqlamasında İrəvanı yeri üzündən silmək qüdrətinə malik imkanlarının olduğunu bəyan edib. Belə bir situasiyada Qarabağ danışıqlarının intensivləşməsi diqqət çəkir.

Politoloq Şahin Cəfərli isə son durumu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son aktivləşməni ABŞ və Avropanın müharibə ehtimalından duyduğu narahatlıqla izah etmək olar:

“Birmənalı söyləmək olar ki, Vaşinqton və Brüssel Avropanın periferiyası olan bu bölgədə münaqişənin alovlanmasını istəmir.

Əvvəla, hazırda dünyada onsuz da kifayət qədər qaynar nöqtə var, o cümlədən postsovet məkanında Ukrayna və Rusiya arasındakı Donbas münaqişəsində yeni eskalasiya ehtimalı kifayət qədər yüksəkdir. Qərb bu problemlərlə məşğul olduğu bir dövrdə həmin qaynar ocaqların sırasına Qarabağ müharibəsinin də əlavə olunmasını arzulamır. Digər tərəfdən, hərbi əməliyyatların başlayacağı təqdirdə, proseslərin necə cərəyan edəcəyini və nələrə səbəb olacağını proqnozlaşdırmaq çətindir.

Düzdür, Azərbaycan özünün iqtisadi potensialı və insan resursları baxımından Ermənistandan dəfələrlə güclüdür və öz Silahlı Qüvvələrini ardıcıl şəkildə gücləndirməyə, onun döyüş qabiliyyətini yüksəltməyə davam edir. Lakin Ermənistanın Rusiya ilə hərbi-siyasi müttəfiqliyi və ikitərəfli münasibətlərin xarakteri etibarilə Rusiyanın himayəsində olması işğalçının Azərbaycana qarşısındakı zəifliyini artıqlaması ilə kompensasiya etməsinə səbəb olur. Eyni zamanda, müharibə başlayarsa,

Türkiyənin birbaşa müdaxilə etməsə belə, Azərbaycana siyasi-mənəvi dəstəyi, eləcə də hərbi xarakterli müəyyən yardımları ilə bu münaqişəyə dolaylı cəlb olunması və Ermənistanla münasibətlərinin daha da pisləşməsi ehtimalı var, bu isə gərginliyin arealının daha böyük coğrafiyaya yayılması demək olacaq ki, Qərb bunda maraqlı deyil.

Digər amil isə Azərbaycanın əsas rol oynadığı, hazırda həyata keçirilən və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan enerji layihələrinin təhlükə altına düşməsi və Azərbaycanın enerji-nəql infrastrukturunun müharibə zamanı zərər çəkməsi ehtimalıdır”.

Ş.Cəfərli bildirdi ki, Qərb bunu da istəmir:

“Ona görə də hazırda onların bütün səyləri bu təhlükəli ssenarinin qarşısının alınmasına yönəlib. Lakin münaqişənin həllində yeni mərhələnin başlandığını söyləmək ifrat nikbinlik olardı. Düzdür, yaxın vaxtlarda, sentyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü planlaşdırılır. Hər bir görüş faktının özü əhəmiyyətli hadisədir və müəyyən yumşalmanın yaranmasına səbəb olur.

Lakin bu görüşün münaqişənin həllində ciddi irəliləyişə gətirib çıxaracağını söyləmək üçün hələlik əlimizdə hər hansı məlumat bazası yoxdur. Diplomatiya praktikası göstərir ki, yüksək səviyyəli görüşlərdə ciddi nəticəyə nail olmaq üçün ondan əvvəlki hazırlıq prosesi daha önəmlidir.

Yəni, tərəflər arasında hansısa ilkin razılaşmalar və kompromislər əldə olunmalıdır ki, onun əsasında müəyyən sənəd (bəyannamə, memorandum, protokol, saziş, müqavilə və s.) layihəsi hazırlanaraq 1-ci şəxslərə təqdim olunsun və onların görüşündə həmin sənədə imza atılsın. Hazırda belə bir proses gedirmi? Bunu bilmirik”.

Ekspertə görə, ola bilsin ki, qapalı danışıqlarda hansısa prinsiplər, yeni təkliflər, hətta sənəd layihəsi də müzakirə olunur:

“Lakin baş verənlər, hər iki tərəfdən səslənən bəyanatlar və hazırkı geosiyasi durum nikbinliyə əsas vermir. Geosiyasi durum dedikdə, ilk növbədə Rusiyanın regional siyasətini və maraqlarını nəzərdə tuturam. Kremlin Qarabağ münaqişəsinin həllində maraqlı göründüyünü söyləmək üçün hələ ki əlimizdə əsas yoxdur. Moskvanın bu bölgədə, ümumən postsovet məkanında öz təsirini qoruyub saxlaması üçün etnik-ərazi konfliktlərinin davam etməsi çox önəmlidir.

Əks halda, yəni münaqişələrin həll olunduğu bir şəraitdə, bu respublikaların (hətta Ermənistanın belə) Moskvanın orbitindən çıxaraq Avropaya inteqrasiyası qaçılmaz olacaq. Ona görə də, düşünürəm ki, Moskva hələlik Dağlıq Qarabağ münaqişəsinin həlinə imkan verməyəcək”.

Ş.Cəfərli bildirdi ki, Qərb bu məsələdə Rusiya ilə konfrontasiyaya gedərək özünə əlavə başağrısı yaratmaqda həvəsli deyil:

“Ukrayna ilə bağlı Qərb ona görə sərt mövqe ortaya qoydu ki, bu ölkə əvvəla, Avropa İttifaqının 4 üzvü ilə həmsərhəddir və orada hər hansı destabilizasiya birbaşa Avropa İttifaqına təsir edir. Ukraynadakı münaqişə və Rusiyanın ekspansiya siyasəti ümumilikdə Avropada 2-ci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasına ciddi təhdiddir və bu baxımdan həm Aİ-nin, həm də ABŞ-ın maraqlarına toxunur.

Bundan başqa, geniş miqyaslı Rusiya-Ukrayna müharibəsi başlayarsa, ABŞ-ın da müdaxiləsi ilə konfliktin miqyasının böyüməsi və 3-cü Dünya müharibəsinə çevrilməsi təhlükəsini də mövcuddur. Qərb buna yol verməmək və hər şeydən əvvəl öz həyati mənafelərini qorumaq üçün Ukrayna məsələsində çox aktiv hərəkət edir və edəcək.

Qərbin Qarabağ məsələsi ilə bağlı maraqları və problemə cəlb olunma səviyyəsi Ukraynadakı qədər deyil. Ona görə də Ermənistanla Azərbaycan arasındakı münaqişədə Rusiyanın dominantlığı qalır və belə görünür ki, hələ bir müddət də davam edəcək”.