backend

ABŞ-dan sensasion Qarabağ mesajı – "Qarabağ məsələsində söz sahibi Kremldir" (Bizim şərh)

ABŞ-dan sensasion Qarabağ mesajı – "Qarabağ məsələsində söz sahibi Kremldir" (Bizim şərh)




















Qarabağ probleminə münasibətdə dünya dövlətləri tərəfindən sərgilənən mövqe Bakının tərəfdaş seçiminə təsir göstərir. Qarabağ münaqişəsinin mövcud olduğu bütün bu illər ərzində Qərb Azərbaycanın ədalətli mövqeyini müdafiə etmədi. Erməni separatçılarını silahlandıran Rusiya ilə “907-ci düzəliş” ilə onlara hər cür yardım edən ABŞ arasında və yaxud erməni separatizminin alovlu təbliğatçısı olan Fransa arasında böyük bir fərq görünmür.

Bakı Qarabağ problemini həll etmək niyyətindədir. Azərbaycana bu istiqamətdə müttəfiqlər lazımdır. Böyük ümidlə yanaşdığımız Qərb isə bu məsələdə ermənilərə dəstək verir.

Vaşintonun xarici siyasətini ictimai rəyə təlqin edən sima kimi tanınan ABŞ Dövlət Departamentinin keçmiş müşaviri, politoloq Pol Qobl Ermənistan mətbuatına verdiyi müsahibəsində Qarabağ münaqişəsində əsas söz sahibinin Kreml olduğunu vurğulayır:”Mən hesab etmirəm ki, rəsmi Bakı ilə Moskvanın yaxınlaşması Qarabağ münaqişəsinin həllinə dramatik təsir göstərə bilər. Amma hadisələrin inkişafının bir ssenarisi – Bakının Moskvanın sputniki olmaq istəməsi variantı istisna olunmaqla, Kremlişğal olunmuş rayonları Azərbaycana, necə deyərlər, gümüş nəlbəkidə qaytaracaq”.
Amerikalı təhlilçi, həmçinin bildirib ki, İrəvan işğal etdiyi Azərbaycan torpaqlarını qaytarıb, Moskvanın Qafqazdakı casusu olmaqdan əl çəkərsə, Qərbin Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmindir: "Məncə, Ermənistan bu istiqamətdə addımlar ata bilər. Bununla da bir sıra məsələlərdə təminat alar”.

Pol Qobl onu da bildirib ki, Qərbdə və Ermənistanda bu sövdələşəməni həyata keçirməyə hazır qüvvələrin olmasına əmin deyil: “Mən buna şübhə ilə yanaşıram”.

Göründüyü kimi, Vaşinqton P. Qoblun dili ilə münaqişə tərəflərini Rusiyaya tərəf itələyir. Moskvanın İrəvanı öz forpostu kimi qəbul etməsi ilə yanaşı, Rusiyanın ictimai-siyasi, elmi və yaradıcı elitasında erməni lobbisinin təsiri kifayət qədər güclüdür və münaqişənin Kremlə həvalə edilməsinin sonucu da bəllidir.

Lakin görünən budur ki, Qərb və eyni zamanda Rusiya Qarabağ münaqişəsində Azərbaycanın maraqlarına göz yuma bilməz. Mətbuata sızan məlumatlara görə, bir neçə işğal olunmuş rayonun qaytarılmasına dair anlaşma var.

Bu mərhələdə savaşa başlamaq göründüyü kimi sadə deyil. Lakin bu münaqişəni Cənubi Qafqazda və Şərqi Avropada mövcud olan digər münaqişələrlə eyniləşdirmək olmaz. Ən azı ona görə ki, Dağlıq Qarabağ əhalisinin hamısı etnik ermənilərdən ibarət deyil, bu ərazidə yaşayan Azərbaycan türklərinin hüquqları da nəzərdən qaçırıla bilməz. Digər tərəfdən, işğal altında olan ərazilərin əhalisinin əksəriyyəti türklərdir və məsələyə milli təyin etmə prizmasından heç cürə baxıla bilməz. Bir məqama da diqqət yetirək. Belə bir fikir irəli sürülür ki, əgər Azərbaycan irimiqyaslı - işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən azad olunmasına başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq. Lakin unutmaq olmaz ki, savaş başlayarsa, bu zaman prosesə Rusiya müdaxilə edə bilər. Kənar baxışla görünən budur ki, Kreml Azərbaycanın yeni savaşa başlamasını istəyir və işğal olunmuş torpaqlarımızın azad olunacağına dolayısı ilə yardım edəcəyinə “zəmanət” verir. Görünən həm də budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni savaş lazımdır. Aydın məsələdir ki, savaş başlayarsa, ruslar son anda öz tarixi müttəfiqləri olan ermənilərə yardım edə bilərlər. Lakin rəsmi Bakı da bu məsələlərdə kifayət qədər ayıq mövqe sərgiləyir. Azərbaycan xarici işlər naziri Məmmədyarov Rusiyaya son səfərində Azərbaycanın mövqeyini ortaya qoydu.
“Əvvəl Qarabağ, sonra Avrasiya İttifaqı”

Pol Qoblın sonuncu açıqlaması isə onu göstərir ki, Qərb də bu prosesdə maraqlıdır . Qərb Azərbaycanı problemləri ilə təkbaşına qoyub. Enerji layihələrində Bakının mövqeyindən istifadə edən Qərb Qarabağ probleminə münasibətdə ölkəmizə ağır zərbələr endirir. Bütün bu illər ərzində əməkdaşlıqdan danışan Qərb bu gün P. Qoblun dili ilə Bakıya Moskvanın ünvanını göstərir. “Sem dayı” Azərbaycanın başlıca probleminə hörmətsizlik edir. Odur ki, rəsmi Bakının da öz növbəsində Qərblə eyni dildə danışması başa düşüləndir...

Avropa.info-nun ekspert qrupu