backend

FAKTLAR

FAKTLAR















Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərov haqda skandal xəbərlər səngimək bilmir.

Bir müddət əvvəl onun bacısı oğlu Namiq Kərimovun Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılması da polkovnikin adını növbəti qalmaqala daşıdı.
BŞDYPİ rəisinin reputasiyasına ciddi xələl gətirən hadisələrin ardıcıllığı və süjet xətti N.Səfərovun ictimaiyyətdə mövqeyini sarsıdıb.
Mənbənin qeydlərinə görə, polis rəisi müəmmalı səbəblərdən barəsində səslənən iddialarla bağlı susmaq haqqından istifadə edir.
İddialara görə, paytaxtın yol polisi rəisinin adının müxtəlif neqativ işlərdə hallanması onun fəaliyyətindən narazılıq doğurub. Belə ki, bacısı oğlu N.Kərimov saxlanılanadək BŞDYPİ-də sərxoş sürücülərlə bağlı şöbəyə rəhbərlik edib.
O, vətəndaşdan 2500 manat alarkən yaxalanıb. Lakin N.Kərimov cəmi bir gün saxlanılıb. Dayısı Nuşirəvan Səfərov işə qarışaraq bacısı oğlunu həbsdən xilas edib.
Azpolitika.info yazıb ki, bu zaman N.Kərimovun işdən çıxarılmasına dair əmr verilib. Onun iş yerinə qaytarılması üçün N.Səfərov nazirliklə danışıq aparsa da, bir xeyri olmayıb.
Bacısı oğlunu yenidən işə qaytarmaq istəyən Bakı şəhər DYP-nin rəisi DİN-in rəhbərliyinə hələ də minnətçilər göndərir.
Bu israrın isə ciddi səbəbi var - Namiq Kərimovun rəhbəri olduğu şöbənin gün ərzində 100-ə yaxın sərxoş sürücünün “məsələsinə baxdığı”, onların hər birindən ən azı 1000 manat alındığına dair məlumatlar var.
Güman edilir ki, N.Səfərovun bacısı oğlunu yenidən vəzifəsinə qaytarmaq istəməsi də gün ərzində 90-100 min manat gətirən şöbəyə nəzarəti əldə saxlamağa hesablanıb.
Hətta bu xəbərlərin ictimailəşməsi N.Səfərovu bərk qəzəbləndirib. O, “kassiri” sayılan Malik İbrahimova bu işə əl qoymağı tapşırıb.
Odur ki, mayor Malik İbrahimov özünü vəkillik sahəsində də sınamaq istəyir. BDYPİ haqda nöqsanlardan yazanlar məhkəməyə verilir. Bu “təlimat” ona rəisi tərəfindən verilib.
Yeri gəlmişkən, avtomobilləri zorla əllərindən alınan və barəsində həddindən artıq yüksək məbləğdə cərimə yazılaraq avtoxuliqanlıq maddəsi ilə məhkəməyə göndərilən sürücülərin sənədlərinə şəxsən M.İbrahimov nəzarət edir.
BŞDYPİ-yə yolu düşənlərin başına elə oyun açırlar ki, ordan çıxanda adam özünü əsirlikdən xilas olmuş kimi hiss edir.
Sürət həddini keçdiyinə görə radara düşənlərin, qəzaya düşdüyü üçün BŞDYPİ-yə gedib-gəlməli olanların və digərlərinin başına hansı oyunların açıldığını xüsusi olaraq təsvir etməyə ehtiyac yoxdur.
2010-cu ildə polkovnik Nuşirəvan Səfərovun bu idarəyə rəhbər gətirilməsindən sonra, bu idarənin işində baş verən “keyfiyyət” dəyişikliyi əyani misaldır.
2010-cu ilə qədər BŞDYPİ-də rəis müavini olan Nüşirəvan Səfərov, Ramiz Zeynalovun fəal dəstəyi ilə rəis təyin olunduqdan sonra Bakının yollarında öz qayda-qanunlarını tətbiq etmək yolunu tutdu.
Günlük-aylıq “planlara” əl gəzdirdi, əsas “yağlı” postlara inanılmış adamlarını yerləşdirdi, himayədarlarının “etimadını” doğrultmaq üçün, əlindən nə gəlirsə etməyə çalışdı.
N.Səfərovun rəis təyin olunması o dövrə təsadüf etdi ki, ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr kəskin şəkildə artırıldı və yol polisi əməkdaşları da əvvəlki dövrlərdə olduğu kimi, “qəpik-quruşa” baxmaqdan imtina
İlk belə rüsvayçılıqla Nuşirəvan Səfərov 2011-ci ilin son günlərində üzləşdi. Hansısa dairələr sonradan tarixə yol polislərinin “bayram şənliyi” kimi keçən kadrları çəkib, internetdə yerləşdirdilər.
“Bizimdovr.az” xəbər yayıb ki, kadrlarda yol polisi əməkdaşlarının Bakının mərkəzində - Təhsil Nazirliyi yaxınlığında maşınları saxladıb, sürücülərdən açıq-aşkar, qorxub-çəkinmədən rüşvət yığdıqları əks olunmuşdu.
O da istisna deyil ki, həmin “qəhrəmanlar” bu gün də cənab Nuşirəvan Səfərovun yan-yörəsində, öz işlərinin başındadırlar.
Nuşirəvan Səfərovun əsas qazanc mənbələrindən biri də nəqliyyat vasitələrinin evakuatorlar vasitəsilə cərimə meydançalarına daşınmasıdır.
Paytaxtın müxtəlif rayonlarında sıralanan cərimə meydançalarının ilbəil say artımı deməyə əsas verir ki, nəqliyyat vasitələrinin evakuatorla oğurlanması işi əməlli-başlı biznesə çevrilib.
BŞDYPİ tərəfindən formal mühafizə olunan cərimə meydançalarının əksəriyyətində maraqlı “halallıq kompleksi” gerçəkləşib. Burada cərimə ödənişi prosesi kameraların yaddaşına köçürülür. Axşam da toplanan pulla birlikdə, kameraların lenti də “yuxarıya” göndərilir.
Nəcməddin Sadıkovun oğlunu saxladığına, onunla söyüşdüyünə görə işdən qovulan yol polisi inspektoru Cavanşir Lətif oğlu Qasımov baş verənlər barədə danışarkən bildirmişdi ki, səhər işə gələndə rəisi (ona deyib: “Rəisimiz mənə dedi ki, sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu?”
Belə çıxır ki, Nuşirəvan Səfərov yol polisi əməkdaşlarının əlinə imtiyazlı azərbaycanlıların siyahısını verib və onları saxlamamağı tapşırıb?!
Mənbə bildirir ki, Bakı küçələrində müəyyən imkanlı sürücülərə “hərəkət sərbəstliyi” verən “imtiyazlılar” siyahısının hazırlanmasında BŞBDYPİ-nin rəisi Nuşirəvan Səfərov bəzən şəxsən iştirak edir.
Belə ki, özünü elitanın içində göstərməkdən xoşlanan N.Səfərov, bir balaca tanınan müğənnilər, idmançılarla, iş adamları, vəzifəli şəxslər və onların uşaqları ilə rastlaşdıqda, dərhal özünün telefon nömrəsini və ya kartını verir.
Onlar Nuşirəvan Səfərova arxayın olub, şəhərin küçələrində min çür hoqqadan çıxırlar. Nəticədə N.Səfərov və onun himayədarları obyektlərinin, restoranlarının (Məsələn, Bakıda Nərimanov heykəlinin yaxınlığındakı “R&B” restoranının Nuşirəvan Səfərova məxsus olduğu bildirilir) və milyonlarının sayını artırır, vətəndaşlara isə əsəb gərginliyi, ölüm və xəsarətlər qismət olur.
Qeyd edək ki, vətəndaşları dövlətdən incik salan qurumlardan biri də Dövlət Yol Polisidir. Dövlət başçısı İlham Əliyev, Daxili İşlər naziri Ramil Usubov da dəfələrlə müşavirələrdə, kollegiyalarda yol polisinin işində ciddi dönüş yaratmasının vacibliyini vurğulayıblar.