backend

"Demişdilər ki"...

"Demişdilər ki"...
















Bu ilin mayında Azadlıq prospektində 15 nəfərin həyatına son qoymaqla yanıb yararsız hala düşən binaya artıq sakinlərin köçü başlayıb.

Sentyabrın 28-dən etibarən start verilən prosesin necə getdiyini, sakinlərin bununla bağlı fikirlərini öyrənmək üçün "Yeni Müsavat”ın əməkdaşı binada olub.

"ƏRİM İCAZƏ VERMİR” BƏHANƏSİ İLƏ SUSANLAR...

Xaricdən və daxildən nəfis təmir olunmuş bina təəssüratı yaratsa da, sakinlərin danışıqları durumun o qədər də parlaq olmadığını göstərdi. Amma bu barədə açıq, öz adları ilə danışmaq istəyənlər, ümumiyyətlə, mediaya açıqlama vermək istəyənlər də az oldu. "Ərim evdə yoxdur, özü də qısqancdır, danışmağa icazə vermir”dən tutmuş, "Guya burda razılığımı-narazılığımı bildirsəm, nə olacaq” deyənlərə qədər. Halbuki elə bir neçə ay öncə əməkdaşlarımız sözügedən binanın qarşısına gedəndə sakinlər onları üzük qaşı kimi dövrəyə alır, qayğılarını bir-bir sadalayırdılar.
İndi isə çox güman ki, daha çox narazı tonlarda danışacaqları üçün öncədən özlərini bu cür kompensasiya edirlər. Axı binaya gələn jurnalistlərin yanında həm də tikinti şirkəti nümayəndələri olur və sakinlər narazılıqlarını onların yanında səsləndirmək istəmirlər. Baxmayaraq ki, sabah o narazılıqlar minlərlə auditoriyası olan qəzet və saytda öz əksini tapacaq.

"BALKONU LƏĞV EDİBLƏR, TƏMİR KEYFİYYƏTLİ DEYİL, MƏTBƏX MEBELİ ÇOX HÜNDÜRDÜR”

Hələliksə, binanı "əlimizə alıb”, qarşımıza çıxan qapıları bir-bir döyürük. İlk dayanacağımız Məmmədəliyevlər ailəsidir. Ailənin başçısı Ramiz Məmmədəliyev onlara vəd verilən ev əşyalarını tam almadıqlarından şikayətlənirlər: "Evə girirsən, girən kimi göz oxşayır. Amma təmir "üstdən-üstdən” olunub. Qaz plitəsi veriblər. Deyiblər, qazın üstünü yandıranda altını yandırmayın. Eyni vaxtda olsa, yanğın çıxa bilər. Mətbəx mebeli çox hündürdü. Yoldaşım üçün narahatçılıq yaradır. Gərək yuxarı rəflərə nəsə qoymaq, ordan götürmək üçün ayağının altına şkaf qoyasan. Şkaflara çox şey yığmaq olmaz deyirlər”.
Amma iradlar bununla da yekunlaşmır. Ən maraqlısı isə mənzillərin kiçilməsi ilə bağlıdır. Məmmədəliyevlər ailəsinin üzvləri hesab edir ki, təmirdən sonra mənzillərin ölçüsü kiçilib: "Əvvəlki malanın üstündən bir mala da vurulub. Nəticədə otaqlar daha da kiçilib. Bundan başqa, bizim bir balkonumuz vardı, orda paltar sərirdik. İndi yeni dizaynla balkonumuzu ləğv ediblər. Mən paltarlarımı harda, necə asacam?”
Ailə üzvləri iddia edir ki, təmir işləri də keyfiyyətsizdir. Belə ki, stulun ayağı parket döşəmənin üstündən bir az möhkəm sürüşəndə, yer cızılır: "Divara nəsə dəyəndə boyanın yeri tökülür. Hələ biz kranları demirik. Su sızır. Bizim "vklyuçatellər” (işığın yandırıb-söndürüldüyü yer) də əvvəl daha rahat yerdə idi. İndi qoyublar qapının arxasına. Hansı birini deyək?”

"BİZİM 1500 MANATLIQ SOYUDUCUMUZU KİM VERƏCƏK?”

Müsahiblərimiz verilən ev əşyalarının sayından da narazıdılar. Ramiz Məmmədəliyev deyir ki, əvvəldən onlara bütün yanmış ev əşyalarının veriləcəyi ilə bağlı vəd verilmişdi: "İndi isə ancaq qaz plitəsi, altında "duxovka”, paltaryuyan maşın verildi. Nə soyuducumuz var, nə də kondisionerimiz. Bizim yanan evdə 1500 manatlıq soyuducumuz vardı. Təzə almışdıq, kreditini hələ ödəyib qurtara bilməmişik. Ərzaqlarımızı qoymağa yerimiz yoxdur. Gedib təzədən o qədər pulla soyuducu alaq? İcra hakimiyyətindən Qurban bayramı ilə bağlı bizim binanın sakinlərinə pay verilmişdi. İnanın, çox adamın heç xəbəri olmadı. Biz təsadüfən xəbər tutduq, bir neçə qonşuya bu haqda dedik. Yoxsa ki, bunlardan olsa, haqqımız olanı da verməzlər bizə”.
Məmmədəliyevlər ailəsi əvvəlcədən vəd edilən qab-qaşıq, evə aid bütün əşyaların verilmədiyini də dedi: "Bizim evimizdə 3 qədim xalça olub, üçü də yanıb. Əvəzində isə heç nə verilmədi. Ağzımızı açan kimi də deyirlər ki, sizə 20 min manat verilib, onu nə etmisiz? Atam, o pul bizə dəyən mənəvi ziyanın kompensasiyası idi. Onunla müalicə olunduq, dərdlərimizi həll etdik. Bizə deyilməmişdi ki, o pulla əşyanızı da alacaqsız. Bu nə yanaşmadır?”

"SOYUDUCU VƏ TELEVİZOR NİYƏ YOXDUR?”

Sakinlərdən Ərəstun Nemətov isə deyir ki, təmirdən razı qalsa da, verilən vədlərin yerinə yetirilməməsi onu narahat edir: "Soyuducu və televizor yoxdur. Kondisioner də həmçinin. Biz axı bu evdən heç nə çıxarmamışıq. Apardıqlarımız da siyahıya alınıb. Prezident sərəncam verib ki, bütün elektrik əşyaları verilsin. İlham Əliyev televiziyadakı çıxışında demişdi ki, hətta qab-qacaqlarına qədər sakinlərə veriləcək. Prezidentin tapşırığına əməl etmirlər”.
Gəzintimiz zamanı bizi müşayiət edən(adını açıqlamayan) tikinti şirkəti işçilərindən biri isə deyir ki, sakinlərin narazılığı yersizdir. Onun sözlərinə görə, onlardan bəziləri sadəcə bu fürsətdən istifadə etmək istəyir. Daha öncə evində kondisioneri, paltaryuyan maşını olmayan belə bunu tələb edir. Çoxları isə hətta bu vəsilə ilə gələcəyə kapital qoyur, doğulacaq nəvəsi, evləndirəcəyi oğlu üçün əşyalar tələb edir. Müsahibimiz deyir kii, artıq bu binada su fasiləsizdir, bir xətdə su dayananda avtomatik digəri işə düşür. Sakinlərin bütün kommunal borcları silinib. Mənzillərə asılan pərdələr məxsusi olaraq Türkiyədən gətirilib. Lift isə ən müasir üslubdadır. Şirkət işçisi hətta fikrini əsaslandırmaq üçün "unikal” bir fakt da deyir: "Prezidentin evində də bu liftdəndir”.

ŞÜKR EDƏN SAKİN: "BU DÜNYADAKI ƏN BÖYÜK FACİƏ...”

Gəzintiyə davam. Sakinlərdən Fazil Həmidov kondisioner, soyuducu və televizorun verilməməsindən şikayətləndi. Onun sözlərinə görə, yanğından öncə uşaq otağında 3 çarpayı olduğu halda, hazırda 1 çarpayı yerləşdirilib. Təmirin orta səviyyəli olduğunu deyən F.Həmidov yanğından sonra evdən heç bir əşya götürmədiyini xatırlatdı: "Indi isə o əşyaların hamısını özümüz almalıyıq. Daha nə deyim?”
Sakinlərdən Həcər Hüseynova isə qonşularından fərqli danışdı. Onun fikrincə, xırda məsələlərə görə narazılıq etmək doğru deyil: "Burda övladını itirən qonşularımız oldu. Mən Allahıma şükr edirəm. Əsas odu, balalarım salamat olsun. Dəmir parçasıdır da, bu gün olar, sabah olmaz. Bu gün xarab olar, sabah başqa birini alarıq. Bu dünyadakı ən böyük faciə bir ananın gözü qabağında balasının yanıb külə dönməsidir. Bizim gözümüz bunları görübsə, bundan sonra nə əşya, nə soyuducu? Biz halımıza şükr etməyi bacarmalıyıq”.

İŞ İCRAÇISI "HƏLƏ 1 AY BURDAYIQ, SAKİNLƏR MÜRACİƏT EDƏ BİLƏR” DEYİR

Sakinlərin narazılıq və razılıqları fonunda binadan ayrılandan sonra isə Azəraqrar Tikinti Şirkərinin sahə rəisi Sənan Şükürovla durumu dəyərləndirdik. Müsahibimiz öncə onu dedi ki, köçmə əməliyyatı Qurban bayramından bir gün qabaqdan başlanıb: "Mənzillərin təmiri başa çatıb. Bayramla əlaqədar bu həftənin bazar ertəsi günündən mənzillərin açarlarını sahiblərinə verməyə başladıq. Ayın 28-də, günün sonuna qədər, 38 mənzil açarı sahibinə təqdim olundu. Ayın 29-da növbəti 6 ev verildi ki, dünənki tarixdə də 6 mənzil açarı qalıb ki, onların sahibləri rayonlarda yaşayanlardır. Onlarla da əlaqə yaratmışıq, sahiblərinə verəcəyik”.
S.Şükürovin dediyinə görə, binadakı 44-45 mənzildən 15-16-sında sakinlər yaşamağa başlayıb. Qalanlarında isə köç əməliyyatı davam edir: "Yataq və qonaq otağı dəsti verilib. Mətbəxdə mətbəx mebeli yerləşdirilib. Paltaruyyan maşın, duxovka və tok peçi verilib. Hamam aksesuarları da daxil olmaqla bəzi avadanlıqlar verilib. Bu binada qaz olmayıb, bundan sonra da olmayacaq. Normativlərə əsasən bu, belədir. Kommunikasiya xətlərindən elektrik, su, isti su, istilik xətləri yenilənib. Yanğınsöndürmə xətti çəkilib. Yanğına qarşı xəbərdaredici onlayn sistem qurulub. Liftlər yenisi ilə əvəz olunub. Fasadda isə təbii üzlük daşından istifadə olunub. Yaşayış sahəsinə düşən 1-15 mərtəbələr arası suvaq, rəngli boya çəkilib”.
Müsahibimiz dedi ki, təmir və qoyulmuş avadanlıqlarla bağlı ciddi problemlərimiz yoxdur. Amma 4 ayda təmir aparılıbsa, orada da suallar yarana bilər və bu, qaçılmazdır: "Su kranlarında xırda sızmalar var. Bunun da səbəbi odur ki, təmiz zamanı yüksək təzyiqli su olmayıb və kranların da quraşdırılması zəif təzyiq əsasında olub. İndi yüksək təzyiqli su verildiyi üçün müəyyən sızmalar baş verir. İşçi Qrupu ayırmışıq ki, 1 ay ərzində onlar burda qalacaqlar və yaranmış suallara da birgə aydınlıq gətirsinlər”.
Sakinlərin öz evlərinə köçməsi prosesində əsas güc öz üzərlərinə düşüb. S.Şükürovun dediyinə görə, bununla paralel icra orqanlarından da yardımlar var: "Bəzi əşyaları var ki, qohum evlərindədir. Onu gətirib bura çıxarırlar. Yüklərin daşınmasında bizim işçilər də yardım edir”.
- See more at: http://xalqxeber.az/cemiyyet/25277-yanan-binanin-sakinleri-agalar-veliyevden-giley-edir-demishdiler-ki.html#sthash.4jl1osmY.dpuf