backend

Sərnişinlər saatlarla avtobus gözləyirlər

Sərnişinlər saatlarla avtobus gözləyirlər


















Nəqliyyat sahəsindəki mövcud problemlərin həll olunması istiqamətində atılan addımların heç bir faydası yoxdur.

Demək olar ki, redaksiyamıza nəqliyyat sahəsində baş verən neqativ hallarla bağlı şikayətlərin ardı-arası kəsilmir. Suraxanı rayonunun sakinləri Yeni Suraxanı -Həzi Aslanov istiqamətində fəaliyyət göstərən 104 nömrəli marşrutun sürücülərindən şikayətçidirlər. Şikayətçilərin bildirdiyinə görə, sözügedən avtobusun sürücüləri sükan arxasında özbaşınalığa yol verirlər.

Sərnişinlərin sözlərinə görə, axşam saatlarında sürücülər dayanacaqda saxlamadan keçirlər. Şikayətçi bildirir ki, elə vaxt olub ki, üç marşrut dalbadal keçib lakin heç biri dayanacaqdakı sərnişini götürməyib. Xüsusilə də pik saatlarda bu baş verir. Lakin səhərlər hər addımbaşı saxlayıb sərnişin götürürlər. Bu avtobus ən əsası düzgün intervalla işləmir. Belə ki, vətəndaşlar saatlarla gözləməli olurlar. Gələndə isə dalbadal gəlirlər. Bu isə sərnişinləri qane etmir. Avtobusun gec gəlməsi həm də basabasın yaranmasına səbəb olur. Basabas zamanı isə sərnişinlər sürücünü günahlandırmağa başlayırlar. Sürücü isə bildirir ki, mənlik deyil. Gedin rəhbərliyə şikayət edin. Düz deyir rəhbərliyə şikayət etmək lazımdır ki, belə sürücüləri niyə sükan arxasında oturdur. Hələ gec gəlməsi bir yana digər tərəfdən də sərnişinlərlə kobud rəftar edir. Bundan başqa şikayətdə o da bildirilir ki, avtobusda basabas zamanı sərnişinlər arasında da mübahisələr yaranır. Sərnişinlər çox zaman bir-birlərini təhqir edirlər. Bir-birilərinə qarşı nalayiq ifadələr işlədirlər. Nə özlərinə nə də ətrafda olan sərnişinlərə belə hörmət etmirlər. Bütün bunların hamısının günahkarı sözsüz ki, sürücülərdir. Əksəriyyəti heç sürücülükdən belə anlayışı olmayanlardır. Kimlərsə müəyyən maraqlar naminə belə "sürücüləri" sükan arxasına oturmasına yol verir. Amma bilmirlər ki, belə etməklə minlərlə sərnişin həyatı ilə oynayırlar. "Sürücülərə" avtobus etibar etməyin özü belə qanunsuzluqdur. Əksər sürücülərin sürücülük vəsiqəsi yoxdur. Bundan başqa 104 nömrəli marşrutun sürücüləri avtobusu yüksək sürətlə idarə edir. Sərnişinlər irad bildirsələr də heç bir faydası olmur. Əsasən də sürücülərin əksəriyyəti gənc oğlanlardır. Çox zaman sürət həddini aşaraq marşrutu idarə edirlər. Sərnişinlər bildirirlər ki, dəfələrlə sürücülər yerlərini tez-tez dəyişirlər. Xüsusilə də bu Yeni Suraxanı qəsəbəsinə daxil olanda baş verir. Gənc sürücülər sükanı yaxın adamlarına təhvil verir və işinin dalınca gedir. Lakin bu da təhlükəlidir. Çünki həmin şəxsin sürücülüklə bağlı hansı biliklərə malik olması bilinmir. Bəlkə də həmin şəxslərin sürücülük vəsiqəsi belə yoxdur. Sərnişinlər bildirirlər ki, bu cür sürücülər onlar üçün təhlükəlidir.

Bundan başqa sürücülərin çoxu sükan arxasında siqaret çəkir. Bu da vətəndaşların xüsusilə də uşaqlı sərnişinlərin ciddi narazılığına səbəb olur. Salonu siqaret iyi bürüyür. Nəzərə alsaq ki, avtobusun xidmətindən həm uşaqlar, həm də yaşlı insanlar istifadə edir.

Bundan başqa sürücülərin əksəriyyəti sükan arxasında olarkən telefonla danışır. Bu zaman sürücünün fikri yayına bilər və bədbəxt hadisə baş verə bilər. Ona görə də qəzaların baş verməməsi, eyni zamanda kobud qayda pozuntularına yol verilməməsi üçün sürücülərin ilk növbədə təcrübəsi olmalıdır, paytaxtın küçələrini tanımalı və sərnişinlərlə etik qaydalara əməl etməlidir. Sərnişin və sürücü münasibətlərinə gəlincə, həqiqətən bununla bağlı vəziyyət heç də ürəkaçan deyil. Nadir hallarda hansısa sürücü sərnişinlərlə etik qaydalar çərçivəsində davranmağı bacarır. Amma bütün sürücülər etik qaydalara əməl etsələr, daha yaxşı olardı.