backend

Qeyri-qanuni yolla vətəndaşların cibinə girirlər

Qeyri-qanuni yolla vətəndaşların cibinə girirlər

















Ölkədə vətəndaşların çox hissəsinin banklara kredit borcu var.

Demək olar ki, vətəndaşların çox hissəsi banklardan asılı qalıb. Aylıq gəlirləri tələbatlarını ödəmədiyinə görə, banklardan kredit götürməyə məcbur olurlar. Lakin son zamanlar problemli kreditlərin də sayı çoxalmaqdadır. Belə ki, ölkə vətəndaşları kredit götürür lakin banka vaxtlı -vaxtında ödəniş edə bilmir. Bu da nəticədə problemli kreditlərin sayının artmasına gətirib çıxarır. Bütün bunlar isə ölkədə kredit faizlərinin həddindən artıq yüksək olmasının nəticəsidir. Kredit faizləri o qədər yüksəkdir ki, vətəndaşlar vaxtlı-vaxtında ödənişlərini edə bilmirlər. Ona görə də ölkədə bankların bir neçəsi krediti dayandırıb. Ümumiyyətlə, digər ölkələrlə müqayisədə bizim ölkədə fəaliyyət göstərən bankların kredit faizləri həddindən artıq yüksəkdir. Bu səbəbdən də insanlar götürdükləri kreditləri vaxtında ödəyə bilmirlər. Hətta kredit borcuna görə intihar edən şəxslər də az deyil. Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir. Lakin qeyd etmək lazımdır ki, bu gün ölkəmizin bank sektorunda problemlər bitib-tükənmək bilmir. Bu sahənin hazırkı vəziyyəti elə də qənaətbəxş hesab olunmur. Kreditlərin faiz dərəcələrinin yüksək olması bir yana, digər tərəfdən də vətəndaşları get-gələ salırlar. Bəzi banklar əmanətçiləri aldadaraq onların pulunu mənimsəyir və ya əmanətçilər pullarını geri götürmək istəyəndə yubanma halları ilə qarşılaşırlar. Belə banklardan biri kimi "Parabank" ASC-ni göstərmək olar. Qeyd edək ki, "Parabank" ASC-nin rayonlar üzrə filiallarından dəfələrlə redaksiyamıza şikayət xarakterli məktublar daxil olub. Verilən məlumatlarda göstərilir ki, "Parabank" ASC-nin əksər filiallarında vətəndaşlara göstərilən xidmət sıfıra bərabərdir. Vətəndaşlar süründürməçiliyə məruz qalırlar. Sözügedən bankın işçiləri müştərilərə qarşı kobud rəftar edirlər. Vətəndaşlara yuxarıdan aşağı baxırlar. Kreditlə maraqlanan vətəndaşlarla elə rəftar edirlər ki, vətəndaş banka daxil olmağına peşman olur. Bir sözlə, "Parabank" ASC-nin əməkdaşları vətəndaşlara qarşı davranışında etik qaydalardan kənara çıxırlar. Bundan başqa verilən məlumatlarda göstərilir ki, sözügedən bankın əməkdaşları vətəndaşları aldatmaqla məşğuldurlar. Belə ki, bankın işindən başı çıxmayan adamlara kreditin verilmə şərtləri düzgün başa salınmır. Müştərilərə dolaşıq yolla başa salırlar. Müştəri də çox zaman başa düşmədən müqaviləyə qol çəkərək krediti götürür. Müştərinin xəbəri olmadan ondan artıq pul alırlar. Bir sözlə, "Parabank"ın ASC-nin əməkdaşları bu cür yollarla vətəndaşların cibinə girirlər. Maraqlı məqam ondadır ki, bu "prosedur qaydaları" bir çox hallarda müştəriyə öncədən izah edilmir. Yəni müştəri yalnız iş-işdən keçdikdən sonra əlavə xərcə düşdüyündən xəbər tutur. Bəlkə də bu "prosedur qaydaları" müştəriyə əvvəlcədən izah edilsəydi və o sonda hansı məbləğ alacağını bilsəydi, yəqin bu boyda yükün altına girməzdi.