backend

"Bank olmayan kredit təşkilatları haqqında" Qanunun tələblərinə əməl etmir

"Bank olmayan kredit təşkilatları haqqında" Qanunun tələblərinə əməl etmir























Təşkilat müxtəlif yollarla müştərilərin hüquqlarını pozur, onlara əlavə problemlər yaradır

Bu gün ölkəmizdə bir neçə bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Lakin onların bəziləri müvafiq qanunvericiliyin tələblərinə əməl etmir, müxtəlif yollarla müştərilərin hüquqlarını pozur, onlara əlavə problemlər yaradırlar. Onlardan biri də "FINCA Azerbaijan" Kredit Təşkilatıdır. Məlumat üçün bildirək ki, əsası 1984-cü ildə qoyulan "FINCA International"ın nəzdində fəaliyyət göstərən, yəni onun bir qolu olan bu təşkilat 1998-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə yaradılıb. Beləliklə, hazırda Bakıxanov, Binəqədi, Lökbatan, Mərdəkan, Mərkəz, Nərimanov, Xırdalan, Əhmədli, Astara, Balakən, Biləsuvar, Bərdə, Cəlilabad, Lerik, Liman, Lənkəran, Masallı, Saatlı, Sabirabad, Yardımlı, İmişli, Ağcabədi, Ağdaş, Ağsu, Beyləqan, Füzuli, Göyçay, Oğuz, Qax, Qəbələ, Tərtər, Ucar, Zaqatala, Zərdab, İsmayıllı, Şəki, Ağstafa, Dəliməmmədli, Goranboy, Göygöl, Gədəbəy, Gəncə, Mingəçevir, Naxçıvan, Qazax, Qovlar, Samux, Tovuz, Yevlax, Şəmkir, Şərur, Hacıqabul, Mərəzə, Neftçala, Quba, Qusar, Salyan, Siyəzən, Sumqayıt, Sumqayıt 2, Xaçmaz, Şabran, Şamaxı və Şirvan filialları olan "FINCA Azerbaijan" kredit təşkilatının adı ara-sıra müxtəlif xoşagəlməz məqamlarda hallanır. Məsələn, bir müddət əvvəl üzləşdiyi problemlərlə bağlı kütləvi informasiya vasitələrini ətraflı şəkildə bilgiləndirən Cəlilabad rayonu Ocaqlı kənd sakini Azər Həsənov "FINCA Azerbaijan"ın yüksək faizlə pul verdiyini, hətta ciddi neqativ hallara da şərait yaratdığını qeyd edib. Belə ki, faciəli şəkildə öldürülən qardaşı Afət Həsənovun adıçəkilən kredit təşkilatının Cəlilabad filialından 1000 manat kredit götürdüyünü deyən Azər Həsənovun sözlərinə görə, qardaşı ayda 107 manat olmaqla 8 ay borcunu vaxtlı-vaxtında ödəyib: "Onun 4 ayı, yəni təxminən, 400 manat məbləğində borcu qalmışdı. İndi "FINCA Azerbaijan" kredit təşkilatının işçiləri üstümüzə düşüblər ki, həmin pulu ödəməlisiniz. Əsas gətirirlər ki, biz müştərilərlə sığorta müqaviləsi bağlamırıq. Qardaşım rəhmətə gedib, o pula mən zamin durmuşam. Mənimsə əlimə 40 yerdən tikiş atılıb, əməliyyat olunmuşam, şikəst vəziyyətə düşmüşəm. O biri qardaşım 2-ci qrup əlil idi, ona da bu hadisədə baş nahiyəsinə və qoluna bıçaq zərbələri dəyib. Xəstəxanalara və iynə-dərmanlara külli-miqdarda pulumuz çıxıb. İndi də bunlar üstümüzə düşüblər ki, pulu ödəməlisiniz. Belə insafsızlıq olmaz! Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov niyə ölçü götürmür. Ölən adamdan da pul tələb edərlərmi? Guya bizə hörmətləri o olacaq ki, faiz pulunu çıxacaqlar, qalan pulu - 330 manatı isə ödəməliyik. Mən məcbur qalıb bu ayın pulunu - 107 manatı onlara ödədim, qalan ayları isə ödəməyə inkanım yoxdur". Ümumiyyətlə, son zamanlar "FINCA Azerbaijan"dan kütləvi şəkildə narazılıqların olduğunu vurğulayan məlumatlı şəxs isə bildirir ki, Ağstafa rayon sakinlərindən biri də adıçəkilən kredit təşkilatının əməllərinin qurbanı olub. Belə ki, "Mənim bu təşkilata böyük hörmətim olub. Sadəcə Ağstafa filialında baş verən bir işçi səhvi ucbatından zərər çəkdim və bu barədə müdiriyyətə bildirdim. Şikayətim əsassız və sübutsuz deyildi. Bu şikayətimə əsasən müdiriyyət mənə maddi ziyan vurmuş işçisini işdən kənarlaşdırdı. Belə başa düşdüm ki, bank asan variantdan istifadə etdi. Dəymiş maddi ziyanı mən çəkirəm. Bu barədə "FINCA Azerbaijan"ın müştəriləri üçün nəzərdə tutulan qaynar xəttinə müraciət etdim, şirkətin rəhbərliyinə məktub göndərdim. Lakin nədənsə kredit təşkilatı susur" deyən Ağstafa rayon sakini müvafiq qurumlardan "FINCA Azerbaijan" Kredit Təşkilatında araşdırmalar aparmağı, onun fəaliyyətinə ciddi nəzarət olunmasını xahiş edib. Bu arada, təxminən, 20 gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "FINCA Azerbaijan" Kredit Təşkilatının vəzifəli şəxsinin qanunsuz əməlləri barədə daxil olmuş müraciəti araşdırdığını deyən mənbə qeyd edir ki, araşdırma zamanı sözügedən təşkilatın Şirvan filialında 2012-2014-cü illərdə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Pərviz Ələkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək filialın bir sıra müştərilərinin adlarına rəsmiləşdirilən kredit məbləğlərini, habelə verilmiş kreditlər üzrə müştərilər tərəfindən həyata keçirilmiş ödənişləri, ümumilikdə 86 min manat məbləğində mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Məhz bu fakt onu deməyə əsas verir ki, "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı kimi üzərinə düşən öhdəlikləri lazımi səviyyədə icra edə bilmir və elə buna görə də müştərilər əlavə problemlərlə üz-üzə qalırlar. Nəzərinizə çatdıraq ki, bank olmayan kredit təşkilatı xüsusi razılıq, yəni lisenziya əsasında kreditlərin verilməsi və qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatına deyilir. Onların fəaliyyəti isə Azərbaycan Respublikasının Konstitusiyası, "Bank olmayan kredit təşkilatları haqqında" Qanun, Mülki Məcəllə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun və normativ hüquqi aktlarla tənzimlənir. Lakin buna baxmayaraq, "FINCA Azerbaijan" "Bank olmayan kredit təşkilatları haqqında" Qanunun bir sıra tələblərini kobud surətdə pozur. Məsələn, həmin qanunun 6-cı maddəsində deyilir ki, bank olmayan kredit təşkilatının adında "bank olmayan kredit təşkilatı" sözləri olmalıdır. Heç bir bank olmayan kredit təşkilatı sənədlərdə, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz. "FINCA Azerbaijan" Kredit Təşkilatının adından da göründüyü kimi, o, qanunun bu maddəsinin tələblərinə əməl etməyib. Bundan başqa, qeyd olunan qanunun 21-ci maddəsinə əsasən, bank olmayan kredit təşkilatı və onun filialları öz inzibati binasında xidmətlərin göstərilməsi şərtləri, o cümlədən kreditlərin verilməsi şərtləri barədə məlumatı və öz lisenziyasını aydın görünən yerdə yerləşdirməli, istənilən şəxsə həmin şərtlərlə tanış olmaq imkanı yaratmalıdır. Təəssüf, "FINCA Azerbaijan" qanunun bu maddəsinə də əməl etməkdə maraqlı görünmür. Görəsən, aidiyyəti qurumlar fəaliyyətində bu qədər nöqsanlı məqamlar olan təşkilatla bağlı nədən müvafiq tədbir görmürlər?.. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.